Siyasət

Çinin Xarici Əlaqələr İnstitutu: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan düzgün siyasət yürüdür

15 Mart 2019 20:58
Baxış: 532

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan balanslı və düzgün siyasət yürüdür və bunun nəticəsi kimi özünü etibarlı strateji tərəfdaş və müttəfiq kimi göstərə bilib.

Milli.Az bildirir ki, bunu Trend-ə VII Qlobal Bakı Forumu çərçivəsində Çinin Xarici Əlaqələr İnstitutunun vitse-prezidenti Lian Ciankan deyib.

O, Azərbaycanın regionda aparıcı ölkə olduğunu bildirib: "Çin Azərbaycanın xarici siyasətini dəstəkləyir, həmçinin ölkənin beynəlxalq münasibətlər sistemində əhəmiyyətli rol oynadığını hesab edir. Biz Azərbaycanın xarici arenada siyasətini və qlobal proseslərdə fəal iştirakını alqışlayırıq".

L.Ciankan vurğulayıb ki, Qlobal Bakı Forumunun keçirilməsi çox mühüm hadisədir: "Forum Azərbaycanın regionun aparıcı oyunçusu kimi əhəmiyyətini təsdiqləyir. Bir çox ölkələr Azərbaycanla sıx və davamlı əməkdaşlıq əlaqələri qurmaq istəyir".

Xarici Əlaqələr İnstititunun vitse-prezidenti deyib ki, Azərbaycanla Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət əsasında inkişaf edir və ikitərəfli əməkdaşlığın gələcəkdə möhkəmləndirilməsi üçün yaxşı perspektivlərə malikdir:

"Ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün böyük potensial var. Hesab edirəm ki, Qlobal Bakı Forumu Çin və Azərbaycan arasında əlaqələrin gücləndirilməsinə təkan verəcək".

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu "Dünyanın yeni xarici siyasəti" olan VII Qlobal Bakı Forumunda dünyanın 55 ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.