Siyasət

Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan tədbir keçirilib - FOTO

15 Mart 2019 17:03
Baxış: 903

Bu gün Bakının Xəzər rayonu Mərdəkan qəsəbəsində Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə və ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uğurlu dövlətçilik və təhlükəsizlik siyasətinə həsr olunan tədbir keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xəzər rayon İcra Hakimiyyəti və "Alyans" Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli liderin büstü önünə əklil qoyub, İcra Hakimiyyətində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoqalereya ilə tanış olublar.

Sonra "Alyans" Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov tədbiri giriş sözü ilə açıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyi ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasıdır.

Ş.Süleymanov deyib ki, Azərbaycan təhlükəsizlik orqanlarının inkişafında ümummilli lider Heydər Əliyevin böyük rolu var:

"Heydər Əliyev Azərbaycanın təhlüləsizlik orqanlarının milliləşdirilməsi, azərbaycanlı kadrların yetişdirilməsi üçün əlindən gələni edib. Heydər Əliyev hər bir kiçik məsələni dərindən araşdıran, obyektiv faktları ortaya çıxaran şəxsiyyət idi. 1960-cı ildən sonra ulu öndər Heydər Əliyevin səyi nəticəsində Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətində ciddi dönüş oldu. Heydər Əliyev daim çalışırdı ki, təhlükəsizlik orqanlarında milli kadrlar tez yetişsin, xüsusi əməliyyatlarda iştirak etsinlər. Mən təhlükəsizlik orqanlarına gəldiyim vaxtdan Heydər Əliyevin rəhbərliyi altında çalışmışam. Ulu öndərin səyi nəticəsində 3 ay müddətində peşəkar oldum. Bundan sonra 35 il təhlükəsizlik orqanlarında çalışdım. Fəaliyyət müddətimdə mürəkkəb əməliyyatlarda iştirak etmişəm. Bu sahədə təcrübə qazanmağımın səbəbkarı Heydər Əliyev olub. 1961-ci ildən 1992-ci ilə qədər 10 rəhbərlə işləmişəm. Onlardan 6-sı rus olub. Həmin şəxslər azərbaycanlı kadrların vəzifəyə gəlməsinə imkan vermirdi. Onlar rəhbər vəzifələrə rus və erməniləri təyin edirdilər. 1961-ci ildə isə Heydər Əliyev ilk azərbaycanlı olaraq təhlükəsizlik orqanına rəhbər təyin olundu. Ümummilli lider təhlükəsizlik orqanlarına rəhbər təyin olunandan sonra bu sistemdəki azərbaycanlı kadrların sayı sürətlə artdı".

Ş.Süleymanov qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycanın təhlükəsizlik orqanlarında fədakarlıq məktəbi yaratdı: "Bu gün bu fədakarlıq məktəbinin yetirmələri kifayət qədər tanınmış simalardır".

İctimai Birliyin sədri həmçinin Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

Daha sonra "Alyans" Azərbaycanın Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyi tərəfindən tədbirin təşkilatçıları fəxri fərman və diplomlarla təltif edilib. Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş sənədli film nümayiş olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.