Siyasət

Prezident İlham Əliyev: "Azərbaycanın nümunəsi göstərir ki, multikulturalizm gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur"

14 Mart 2019 20:01
Baxış: 698

Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Prezident İlham Əliyev qeyd edib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir:

"Azərbaycan dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Bunun tarixi kökləri var. Əsrlər boyunca Azərbaycan müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı yer olub. Biz fəxr edirik ki, müstəqilliyimiz bərpa olunandan sonra bu meyil gücləndi. Biz bu ideyaları qlobal arenada təbliğ etməyə çalışırıq. Ona görə də biz çoxsaylı tədbirlər, beynəlxalq konfranslar, mədəniyyətlərarası dialoq forumu, dünya dini liderlərinin forumu, BMT Sivilizasiyalar Alyansının forumu, Bakı Humanitar Forumu və bir çox başqa beynəlxalq tədbirlər təşkil edərək, xüsusilə fərqli fikirlər gördüyümüz zaman əsas diqqəti multikulturalizmlə bağlı məsələlərə yönəldirik. Düşünürəm ki, Azərbaycanın nümunəsi açıq şəkildə nümayiş etdirir ki, multikulturalizm dünyanı inkişaf etdirməyin, gərginlikləri azaltmağın, əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirməyin yeganə yoludur. Azərbaycan nisbətən gənc müstəqil ölkədir. Lakin, biz beynəlxalq ictimaiyyətdən çox güclü dəstək alırıq. Bunun sübutu olaraq, mən bir neçə il əvvəl Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini qeyd edərdim. Bu, onu göstərir ki, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin Azərbaycana böyük dəstəyi və etimadı var. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi biz təhlükəsizlik və mədəniyyətlərarası dialoqla əlaqədar əhəmiyyətli məsələlərin həllində çox mühüm rol oynadıq. Biz, həmçinin qlobal təhlükəsizlik sahəsində rol oynayırıq. Biz sülhməramlı əməliyyatlarda iştirak edirik. Bu yaxınlarda biz Əfqanıstanda təhlükəsizliyi təmin edən hərbçilərimizin sayını artırdıq. Biz, həmçinin koalisiya qüvvələrini çox mühüm nəqliyyat və logistika dəstəyi ilə təmin edirik".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın üzvü olduğu Şimal paylaşdırma şəbəkəsi çox etibarlı təchizat marşrutudur:

"Bu, həm də müasir infrastruktura, xüsusilə nəqliyyata investisiyaların yatırılması sayəsində mümkün olub. Sonuncu Qlobal Forumdan sonra keçən dövrdə biz Xəzər dənizinin Azərbaycan sahilində böyük dəniz ticarət limanının açılışını etdik. Bu dəniz limanı böyük həcmdə - ilkin mərhələdə 15 milyon tondan 25 milyon tonadək yükləri nəql etmək qabiliyyətinə malikdir və ölkələri yaxınlaşdırmaq baxımından çox mühüm rol oynayır".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.