Siyasət

İqor Dodon: "Yeni hökumət formalaşdırılandan sonra Azərbaycan-Moldova..."

14 Mart 2019 17:21
Baxış: 259

"Moldova və Azərbaycan arasında çox yaxşı ikitərəfli, o cümlədən iqtisadi, diplomatik münasibətlər qurulub".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Moldova Prezidenti İqor Dodon VII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə deyib.

Dövlət başçısı xatırladıb ki, ölkələr arasında bir sıra sazişlər imzalanıb: "Qeyd etmək istərdim ki, beynəlxalq, həmçinin MDB çərçivəsində keçirilən tədbirlərdə fəal əməkdaşlıq edirik".

İ.Dodon vurğulayıb ki, Moldovada yeni hökumət formalaşdırılandan sonra Azərbaycan-Moldova hökumətlərarası komissiyasının iclası keçirilə bilər.

Prezident Azərbaycan hökumətinə ölkənin cənubunda sosial layihələrin maliyyələşdirilməsinə görə minnətdarlığını bildirib.

İkitərəfli əməkdaşlığın inkişafından danışan İ.Dodon deyib ki, Moldovanın regionda eksklüziv imkanlarını, eləcə də Avropa İttifaqı və MDB ölkələri ilə azad ticarət haqqında sazişlərə malik olduğunu nəzərə alaraq, bir çox maraqlı layihələr həyata keçirmək mümkündür:

"Biz bu imkanları həm Qərbə, həm də Şərqə, o cümlədən Türkiyəyə genişləndirməyi təklif edirik".

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu "Dünyanın yeni xarici siyasəti" olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.