Siyasət

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü: "Beynəlxalq dialoq və əməkdaşlıq təhlükəsizliyin təmin olunmasının əsas mexanizmləridir"

14 Mart 2019 13:30
Baxış: 146

Beynəlxalq dialoq və əməkdaşlıq təhlükəsizliyin təmin olunmasının əsas mexanizmləridir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Bakı Forumunda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç deyib.

O qeyd edib ki, çoxtərəflilik və qaydalara əsaslanmış beynəlxalq nizam qlobal problemlərin həlli üçün ən yaxşı platforma olaraq qalmaqdadır:

"Beynəlxalq dialoq, əməkdaşlıq, insan hüquqlarına hörmət və beynəlxalq hüququn qəbul olunmuş normalarına əməl olunması təhlükəsizliyin, sabitliyin və dayanıqlı inkişafının təmin olunmasının əsas mexanizmləridir. Biz bu bəşəri beynəlxalq dəyərləri, prinsipləri, hüquq və qaydaları müdafiə etməli, təşviq etməli və inkişaf etdirməliyik".

Ş.Caferoviçin sözlərinə görə, Bosniya və Herseqovina çoxtərəfliliyə və beynəlxalq konvensiyalardan meydana çıxan öhdəliklərə uyğun fəaliyyətə sadiqdir.

Qeyd edək ki, martın 14-də VII Qlobal Bakı Forumu öz işinə başlayıb. Martın 16-na qədər davam edəcək forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Mövzusu "Dünyanın yeni xarici siyasəti" olan VII Qlobal Bakı Forumunda dünyanın 50-dən çox ölkəsindən 500-dən artıq nümayəndə, o cümlədən bir sıra ölkələrin hazırkı dövlət və hökumət başçıları, nüfuzlu siyasi, ictimai xadimlər iştirak edirlər.

Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.