Siyasət

Ekspert: "Həmsədrlərin bəyanatı bir daha təsdiq etdi ki, danışıqlar Azərbaycan və Ermənistan arasında davam etdirilməlidir və bu format dəyişdirilə bilməz"

10 Mart 2019 13:31
Baxış: 533

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nəticəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində səyləri Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Çünki Azərbaycan hər zaman sülh tərəfdarı olduğunu və münaqişənin ərazi bütövlüyümüz çərçivəsində həllini əsas kimi ortaya qoyur.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev həmsədrlərin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında gözlənilən növbəti görüşə dair bəyanatını şərh edərkən deyib.

Həmsədrlərin bəyanatının Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan münaqişəsinin həllində prinsipial və qəti mövqeyinin təntənəsi, Ermənistanın isə populist siyasətinin uğursuzluğunun növbəti nümunəsi olduğunu bildirən ekspertin sözlərinə görə, bu bəyanat bir daha təsdiq etdi ki, danışıqlar iki ölkə arasında davam etdirilməlidir və bu format dəyişdirilə bilməz: "Bildiyiniz kimi son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən dəfələrlə danışıqlar formatının dəyişdirilməsi istiqamətində qeyri adekvat bəyanatlar səsləndirilib. Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin bu səpkidə mövqeyini onların diqqətinə çatdırmışdı. Bu görüşdən sonra həmsədrlər tərəfindən belə bir bəyanatın verilməsi dövlətimizin başçısının apardığı uğurlu diplomatiyanın qələbəsidir".

B.Quliyev söyləyib ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır: "Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 3 dəfə, xarici işlər nazirləri arasında isə 4 dəfə görüşün baş tutması da bunun əsas göstəricisidir".

Həmsədrlərin danışıqların təməli kimi Helsinki Yekun Aktına istinad etməsinə gəlincə, ekspert qeyd edib ki, bu, bir daha münaqişənin həllinin əsasının işğal olunmuş ərazilərin azad edilməsi və məcburi köçkünlərin geri qayıtması təşkil etdiyini təsdiq edir: "Çünki Helsinki Yekun Aktına görə, öz müqəddəratını təyinetmə ərazi bütövlüyünə zidd ola bilməz. Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zor gücünə qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur".

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.