Siyasət

Ruanda Xocalı soyqırımının tanıdılması istiqamətində Azərbaycanla əməkdaşlığa hazırdır

23 Fevral 2019 21:32
0 Şərh     Baxış: 564

Azərbaycanın Efiopiyada, eləcə də Ruandadakı səfiri Elman Abdullayev Ruandaya səfəri çərçivəsində Kiqali Soyqırımı Memorialını ziyarət edib. Diplomat Ruanda kütləvi qətliamı ilə bağlı burada nümayiş etdirilən sənədlər və materiallarla da tanış olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səfir Elman Abdullayev Memorialın direktoru Honore Gatera ilə də görüşüb.

Səfir Xocalı faciəsi haqqında geniş məlumat verib, Azərbaycan xalqına qarşı törədilmiş bu bəşəri cinayətin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası vasitəsilə dünyanın müxtəlif ölkələrinin parlamentləri və ABŞ-ın bir sıra ştatları tərəfindən qınanılmasına və pislənilməsinə nail olunduğunu bildirib.

Kiqali Memorialının rəhbəri Honore Gatera səfirlə əvvəlki görüşlərini xatırladıb, Xocalı soyqırımı barədə məlumatlı olduğunu bildirib. O, soyqırımı hadisəsinin tanıdılması və beynəlxalq hüquqi qiymət verilməsi ilə bağlı Ruandanın geniş təcrübəsinin olduğunu deyib, bu istiqamətdə Azərbaycanın müvafiq təşkilatları ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Sonra səfir Elman Abdullayev Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Xocalı soyqırımına dair materialları, eləcə də xalqımızın zəngin tarixi irsinə və mədəniyyətinə aid suvenirləri Memorial rəhbərinə təqdim edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.