Siyasət

Xəyallar ağılı üstələyəndə: Bakıda kim kimdən qorxdu?

22 Fevral 2019 15:05
Baxış: 3 174

Bəy, bu, nə biabırçılıqdı?! O partiya sədri deyir ki, nazirlə görüşməyə hazırlaşır. Mənimləsə, deyəsən, "uçastkovı" danışacaq. Belə olmaz. Mən razı deyiləm.

Yeni yaradılmış "Azərbaycan Xalq Hərəkatı" adlı qurumda təmsil olunmuş partiyalardan birinin sədri bu sətirlərin müəllifinə şikayətlənmişdi.

Adam ikili oyun oynadığını etiraf edirdi. Bir tərəfdə YouTube-dakı çılğın çıxışlar, "Rədd olsun diktatura!", "Hamı mübarizəyə!", "Oyan xalqım!" tipli çağırışlar, şüarlar, ekran qarşısında oturub yanına Azərbaycan bayrağı qoymuş mübariz obrazı. Yəni kütlə qarşısında sonadək mübarizə aparacaq və bu mübarizədə həyatından keçməyə hazır insan fiquru vardı.

Digər tərəfdə isə merkantil maraqlarını, sadə yazsam, qarın davasını hər şeydən üstün tutan yaramaz vardı.

O yaramaz ki, özünü və tərəfdaşlarını asanlıqla satmağa hazırdı - yetər ki, adama, özü demişkən, "yaxşı pul" təklif olunaydı.

"Azərbğaycan Xalq Hərəkatı"nı bu baxımdan elə müxalifətçilərdən biri "Satılmışlar və satanlar hərəkatı" adlandırıb.

Məncə, səhv etməyib.

Çünki Azərbaycanın radikal müxalifət düşərgəsinin şüur formatı, düşüncə tərzi belədir.

AXCP sədri Əli Kərimli başda olmaqla onun yavərləri və sipəhsalarının istisnasız olaraq hamısında radikallaşma var və bu proses onillər əvvəl, təxminən 25 il əqdəm başlayıb.

Bu səbəbdən Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli və digər fiqurantları məhz "radikal müxalifət" adlandırıram: işlənən kəlmə onların mövqeləri, yaxud da siyasi proseslərdə oynadıqları rolu şişirtmək və ya tam əksinə, aşağılamaq niyyəti güdmür.

Hər şey çox sadə, hətta prozaikdir.

Azərbaycan müxalifətindəki radikallıq mövqe yox, mənşə, forma və məzmun məsələsidir.

Kimyada radikallar heç bir dəyişiklik olmadan bir kimyəvi birləşmədən digərinə asanlıqla keçən atomlar qrupudur. Suyu ultrabənövşəyi şüalanmaya məruz qoyduqda orada azad radikallar yaranır və virulisid effekt güclənir.

Çirkli, orqanizm üçün zərərli maddələrlə dolu suyu məhz belə təmizləyirlər.

Müxalifət etiraf etməyə bilər, amma konkret halda Azərbaycanda cəmiyyət, sanki, qarşı tərəfi siyasi proseduralar vasitəsilə ultrabənövşəyi şüalanmaya məruz qoyaraq orada radikalların törəməsinə səbəb olub.

Uzun illər boyu hakimiyyət düşərgəsində olan, iqtidarı sürəkli dəstəkləyən Gültəkin Hacıbəyli müxalifətə keçəndən sonra radikallaşıb.

Yəni az öncə bəhs etdiyim kimyəvi proses gedib: G.Hacıbəylinin mənəviyyatı, şüuru, davranışı dəyişməyib və o, olduğu kimi bir siyasi maddədən digərinə yer dəyişib.

Yer fərqli olsa da, xassələr eynidir: əvvəllər iqtidarı müdafiə edən G.Hacıbəyli illərlə gəzdirdiyi maskaları ataraq xislətini ortaya qoyub. Proses acınacaqlı və pərişandır: adam çox zavallı təsir bağışlayır.

Eyni sözləri müxalifətdəki istənilən "lider" və ya "lidertəhər"lər barədə də yazmaq olar.

Nədən?

Çünki onların gerçəkləri adekvat dəyərləndirmək bacarığı ilə yanaşı, qətiyyətləri və məntiqi yoxdur.

Sanki absurd teatrında ekzaltasiya olunmuşların tamaşasını seyr edirik. Səhnədəki hər oyunçu mümkün qədər absurd davranaraq ümumi dadaizm eşqini göstərməyə çalışır.

Mərəz o qədər şiddətlənib ki, AXCP, Müsavat və "Milli Şura"nın icraçı menecerləri, habelə onların çoxsaylı troll ordusu və Avropa ölkələrində, habelə ABŞ-da yuvalanmış azərbaycansızların "müstəqil bloqer" dəstələrinin şüurlarında qürub çağı yaşanır.

Onlar üçün həyat yanvarın 19-dakı mitinq və mitinqdən sonrakı dövrə bölünür.

Mitinqoteriya bəlası

Dizenteriya, yəni ishal ağrılı və pis xəstəlikdir. Müxalifətin mitinq isteriyası da eynən bu xəstəlik təsiri bağışlayır. Nə üçün, hansı şüarla, nə zaman - fərq etməz, təki mitinq keçirməyə girəvə tapmağa çalışanların məntiqinin araşdırılması da maraqlı prosesdir.

"Talana son!" şüarı ilə "Məhsul" stadionuna tərəfdarlarını yığmağa çalışan Əli Kərimli və Cəmil Həsənli dueti sonradan "Yalana son!" şüarını ortaya atmışdılar. Sən demə, AXCP liderinin sosial şəbəkələrdəki trol ləşkəri ilə "Saxloun!"ün müəllifi Həsənli xitab etdiyi vətəndaşları lümpen kütlə sayaraq hakimiyyəti, həm də mitinqə yığışacaq adamları yalan danışmamağa çağırırdı.

AXCP və "Milli Şura"nın ifasında bu şüarın tragikomizmi hədd tanımırdı. Xüsusilə də "mənimlə olmayan mənə qarşıdır" prinsipi ilə yaşayan və siyasi mübarizəni intriqalar toplusu kimi dərk edən Əli Kərimlinin "Yalana son!" deməsi əsl qara yumor təsiri bağışlayırdı.

Sanki "yalan"la "yalan" kəlmələri əvəzləyəndə "qafiyə düz gəlsin" prinsipini əsas tutan Əli Kərimli belə klounadanı yanvarın 19-da "Mehman Hüseynova azadlıq!" şüarı ilə əvəzlədi.

Sən demə, adamın məqsədi bloqer Mehman Hüseynovun dərhal azad edilməsi imiş.

Xub, Əli Kərimliyə, sonra da onun yəvərləri Cəmil Həsənliyə, Arif Hacılıya, habelə Tofiq Yaqubluya, lap sonda da bu adamlar üçün qabıqlarından çıxıb dərilərinə qayıtmaq istəməyən "müstəqil bloqer"lərə sualım var.

Gənc, sadəlövh və siyasətin alfası ilə omeqasından bixəbər Mehman Hüseynovun azadlığı AXCP-Müsavat-"Milli Şura" triosu üçün önəmli idi, yoxsa Əli Kərimlinin yardımçısı Gözəl Bayramlının həbsdən çıxması?

Əli Kərimli nə üçün bir dəfə də olsun, "Gözəl Bayramlıya azadlıq!" şüarı ilə mitinq keçirməyə cəhd belə, göstərmədi?!

Yaxud Tofiq Yaqublunun qızı həbs olunanda nə üçün AXCP və Müsavatın liderləri, "Milli Şura"nın "akın"ı Cəmil əkə xalqı "Məhsul"a çağırmadı?!

Cavab sadədir: sərf etmədi.

Mehman Hüseynov Azərbaycana təzyiq göstərməyə çalışan xarici güclərin, təşkilatların və şəbəkələrin əlində marionetka, səbəb və vasitə idi.

Əli Kərimli ilə onun "street band"ı bunu gözəl anlayırdılar.

Marginallar toplusu olan bu "liderlər" yanvarın 19-dakı mitinqdən sonra düşdükləri ekstazdan qurtula bilmədiklərini də məhz məntiqsizliklər, marazma və absurd seriyası ilə davam etdirirlər.

Rəsmi açıqlama

Müxalifətin mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciətinə qurumdan razılıq verilməyib.

Meriya mitinqə icazə verilməməsi ilə bağlı qərarı bir sıra faktlarla əsaslandırıb.

Belə ki, yanvarın 19-da keçirilən mitinqdən sonra iştirakçılar nəqliyyatın hərəkətinə maneçilik törədiblər, asayiş keşikçilərinə qarşı sərt davranıblar və onların qanuni tələblərinə müqavimət göstəriblər.

Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, mitinqin təşkilatçıları 19 yanvar mitinqində baş verənlərin təkrarlanmayacağı ilə bağlı öhdəlik və məsuliyyət götürmürlər. Buna görə Bakı meriyası kütləvi tədbirin keçirilməsini qəbul etməyib və hüquq-mühafizə orqanlarının son mitinqlə bağlı araşdırmasının nəticələrini gözləmək məqsədəuyğun hesab edilib.

Bu qədər bəsit, konkret və sərt.

"Əvvəl gedək, sonrası Allah kərimdir..."

Bəhs olunan siyasi fiqurların sosial şəbəkələrdə və YouTube-dakı aktivlikləri incələnəndə xeyli diqqətçəkən mənzərə alınır.

Sən demə, Azərbaycanın çağdaş siyasi tarixi iki dövrə bölünür: "möhtəşəm lider" Əli Kərimlinin "rəhbərliyi" ilə keçirilən 19 yanvar mitinqinədək olan dövr və o "fenomenal mitinq"dən sonrakı dövr.

Fevralın 23-də də mitinq problemli kreditlərlə bağlı olmalıydı. Bəsit planlama idi.

Vətəndaşların banklara olan kreditləri ilə bağlı yaranmış probemləri hakimiyyətin həll etməyə hazırlaşdığını anlayan Əli Kərimli dərhal qabağa düşməyə çalışaraq mitinq yapmaq fikrində idi.

Əslində, belə kampaniyaçılığın əsasını Aslan İsmayılov "Xəzər sahilinin hasarlanması", "Ağacların kəsilməsi", "Onkoloji Mərkəzdə korrupsiya" və ilaxır şüarçılıqlarla qoymuşdu. Həmin kampaniyaların da heç bir effekti olmamışdı. Ölkədə yüzlərlə problemin olduğu zamanda "Problemli kreditlərə son!" şüarı ilə fevralın 23-də "Məhsul"da mitinq keçirmək cəhdi radikal müxalifətin qıcolması, yəni paroksizmi kimi də qəbul oluna bilərdi. Amma belə deyil. Problemli kreditlər təki bir sosial müşkülü önə çəkməklə özünə sosial baza yaratmaq, protest elektoratından bəhrələnərək tərəfdarlarının sayını artırmaq cəhdi Əli Kərimlinin növbəti siyasi "xaltura" niyyətidir.

"Təşkilatlanmalıyıq" sözünü mantra kimi təkrarlayıb anlamı ucuzlaşdıran AXCP sədri ilə onun "oun" tərəfdaşı Cəmil Həsənli və Müsavatın təsərrüfat müdiri Arif Hacılının isterik kampaniyasının bəsit izahı var: onlar amorf siyasi şüarlardan, kütlənin maraqlarına tam cavab verməyən aberrasiyalardan müvəqqəti əl çəkərək konkret sosial-məişət mövzularına keçməklə siyasi mübarizənin "mədəvari formas"ına üstünlük verirlər.

Bu taktika Yaxın Şərq və Şərqi Avropa ölkələrindəki müxalifətin sevimli mübarizə variasiyası idi.

Daha konkret olsaq, Əli Kərimli və dəstəsi xalqın kütləvi etirazlara hazır olduğunu, yəni "armudun yetişdiyini" düşünür. Əvvəlki illərdə "armud yetişmədiyi" üçün "Məhsul"dakı mitinqləri azsaylı, mübarizənin sönük, çağırışların xaotik olduğuna üstüörtülü mesajlar verən Əli Kərimli son bravur bəyanatlarında situasiyanın dəyişdiyini, kütləni hərəkətə gətirmək üçün ən primitiv şüarların bəs edəcəyini xəyal edir.

O, "İrəliyə baxaq!" deyir.

Bu sözlər orta məktəbi zorla bitirmiş birisinin irəliyə baxaraq özünü Nobel mükafatı laueratı təki görməsinə bənzəyir.

AXCP, Müsavat və "Milli Şura" indiyədək o qədər "Biz gəlirik!", "Hakimiyyəti devirəcəyik!", "İstefa!" deyərək "irəli baxıb"lar ki, reallıq hissini tamamən itiriblər.

Xalq nə deyir?

Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və sairlərin lüğətindən düşməyən "xalq" isə bu adamlara əsla inanmır. Hətta təqdir də etmir.

Sadaladığım siyasi təşkilatlar - qoy, belə yazım ki, könülləri xoş olsun - uzunmüddətli, planlaşdırılmış fəaliyyət taktikası ilə mübarizə strategiyasına heç zaman malik olmayıb. Onların üz tutduqları "xalq", yəni azsaylı tərəfdar kütləsi isə həmin strukturların lümpenlikdən qurtulub normal fəaliyyətini istəməyib. İstənilən normallaşma cəhdləri sərt qınaqla, "hakimiyyətə işləmək" və "xəyanət" suçlamaları ilə qarşılanıb.

O "xalq", yəni xalqdan çox uzaq bir dəstə marginal daim sərtlik, radikallıq, qətiyyət tələb edib. Öz doğduğu, yaratdığı həmin "street band" tipli tərəfdarların təsirindən qurtula bilməyən "lider"lər də absurd teatrını davam etdiriblər.

Onlar sürəkli olaraq "Tez olun, hakimiyyəti devirin, bu işi bitirin, yoxsa loyallıq etsəniz, gözümüzdən düşəcəksiniz!" xəbərdarlıqları alıblar.

İş o yerə çatıb ki, marionetkalar yetişdirməkdə püxtələşən Əli Kərimli indi özü trollarının marionetkasına, əsirinə çevrilib.

Məsələn, AXCP sədri günlərin birində "Gəlin, Abşeronu yaşıllaşdıraq, hərəmiz bir ağac əkək və ya "Gəlin, uşaqlar evinə baş çəkək, yetimləri sevindirək!" çağırışı etsə, onun sədaqətli trolları Əli Kərimlini lağa qoyacaq, ələ salacaqlar.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbəri - o şəxs ki, 2003-cü ildə tərəfdarları meydanda onu səsləyəndə aradan çıxmışdı - də elə partiyasında gözdən salan, Arif Hacılı kimi marginalın "başqan" olmasına səbəb məhz trollaşmış "mübariz"lərin radikallıq, qətiyyət gözləntiləri idi.

Zavallılıq və hüsranlıq o həddə çatıb ki, Əli Kərimli indi Facebook-dakı səhifəsində və ya "müstəqil bloqer"lərin YouTube kanallarında, yaxud "Meydan TV"də durub desə ki, hakimiyyətlə mübarizənin belə üsulları yaramaz, AXCP prezident və parlament seçkilərinə hazırlaşmalı, qalib gəlməyə çalışmalıdır və s. - indi sosial şəbəkələrdə "Əəəəliii bəy!" yazan, mitinqləri selfixanaya çevirənlər qəzəbnak olacaq, "Dolamısan a bəy, bizi, hisslərimizlə oynayırsan?!" deyəcəklər.

İllərdir bu gözləntilərin bəlası, tələblərin sıxıntısı təzyiqi altında olan binəva Əli Kərimli öz yaratdığı şüur zülmətinin əsirinə çevrilib.

Kim qorxdu?

Fevralın 23-nə nəzərdə tutulmuş mitinqə icazə verilməyəndən sonra sosial şəbəkələrdəki "müstəqil bloqer"lər, YouTube-dakı "telviziya"lar (məhz belə - bu adamların lüğətində YouTube kanalı belə adlanır) "Hakimiyyət qorxdu" adı və heşteqi ilə paylaşımlara başladılar.

Bu da başqa absurddur.

Yaşananları trivial məntiq prizmasından təhlil edək.

Bakıda mitinq keçirmək üçün AXCP, Müsavat və "Milli Şura" Şəhər İcra Hakimiyyətinə müraciət edir. Razılıq olmazsa, mitinq keçirilə bilməz. Radikal müxalifət icazəsiz mitinq keçirə bilmirsə, rüsxəti də hakimiyyət verirsə, həmin hakimiyyət nədən və niyə qorxmalıdır - bəlli deyil.

Yanvarın 19-dan sonra hakimiyyətin atdığı bütün addımları "Mitinqdən qorxub belə etdilər!" təki anormal iddialarla şərh etmək asan olsa da, iqtidarla mübarizə marginal müxalifətlik deyil.

Ən azı hakimiyyət "qorxdu" arqumentini darmadağın edərək mitinqə icazə vermədi.

Axı mitinqə icazə olsaydı, "Qorxub, icazə verdilər!" deyəcək qədər primitiv düşüncəli "lider"lər var qarşımızda.

Necə ola bilər ki, hakimiyyətin siyasi iradəsindən asılı olan icazəli mitinqdən hakimiyyət "qorxsun"?

Və son olaraq soruşuram: hakimiyyətin iradəsindən kənara çıxmayan məsələ ilə qürrələnənlərin məntiqi nə yerdədir?

Və fevralın 23-də mitinq olsaydı, bundan sonra iqtidarın qəbul etdiyi bütün qərarlar istisnasız şəkildə "Mitinqdən qorxub belə etdilər" idiotizmi səviyyəsində şərh ediləcəkdi.

İqtidar həmin marazm yaranmamış onun üstündən xətt çəkdi.

Yanvarın 19-dan sonra iki mitinq müraciətinə icazə verilməməsi yaşanan proseslərin icazəli və ya icazəsiz mitinqlərlə əsla bağlı deyil.

Azərbaycanda inqilab səciyyəli liberal islahatlar gedir.

O islahatları da aparan məhz psevdomüxalifətə "Sizin dediyiniz kimi deyil, ölkədə görüləsi işlər görülür və bu işlər siyasi liliputların tələblərindən asılı deyil" mesajı verən hakimiyyətdir.

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.