Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman yeniliyə və tərəqqiyə açıqdır, milli mədəniyyətin inkişafına misilsiz töhfə verir – Firəngiz Əlizadə

21 Fevral 2019 21:54
Baxış: 870

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sayəsində tarixi irs və milli mədəniyyətin qorunması, inkişafı və təbliğinə böyük diqqət ayrılır.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, YUNESKO-nun "Sülh artisti", "Şərəf" ordenli, Xalq artisti, professor Firəngiz Əlizadə deyib.

F.Əlizadə bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman yeniliyə və tərəqqiyə açıq olduğunu, yaradıcı şəxslərə, layihələrə, sənətkarlara və gənc istedadlara dəstək verdiyini, milli mədəniyyətin inkişafına misilsiz töhfə verdiyini qeyd etmək vacibdir: "Mehriban Əliyevanın milli irsin qorunmasında, qədim və müasir mədəniyyətimizin, musiqi incəsənəti, muğam və bəstəkarlıq yaradıcılığının təbliği və inkişafında xüsusi rolu ölkəmizi bütün dünyada tanıtdırır".

Bəstəkarlar İttifaqının sədri qeyd edib ki, təkcə son illər ərzində Mehriban Əliyevanın rəhbərliyi və dəstəyi ilə musiqi dünyasının yüksək qiymətləndirdiyi bir çox layihələr həyata keçirilib:

"Biz 2009-cu ildən keçirilən "Muğam dünyası" adlı möhtəşəm beynəlxalq festivalın təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya xüsusi minnətdarlığımızı bildiririk. Tədbirin təşəbbüskarı Birinci vitse-prezident Mehriban Əliyevadır. Bu festival dünya musiqi sənəti tarixinə düşüb. Festival çərçivəsində üç böyük tədbir keçirilir - azərbaycanlı və xarici musiqiçilərin iştirakı ilə konsertlər, gənc muğam ifaçılarının beynəlxalq müsabiqəsi, YUNESKO səviyyəsində beynəlxalq elmi simpozium. Festival təkcə ölkəmiz üçün deyil, həm də dünya miqyasında - İspaniya Andalusiyasından Çin uyğurlarınadək nəhəng mədəni dəyər hesab olunan və YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş muğamın əhəmiyyətini əks etdirir".

O əlavə edib ki, Heydər Əliyev Fondu Azərbaycan muğamının inkişafı və qorunması məqsədilə "Azərbaycan muğamı" layihəsi çərçivəsində bütün dünyada yayılan "Qarabağ xanəndələri" musiqi albomunu nəşr edib:

"Alboma "Qarabağ xanəndələri" broşürü və 24 ustad xanəndənin ifasında muğam parçalarından ibarət 3 CD daxildir. Broşürdə layihənin müəllifi və rəhbəri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Qarabağ muğam məktəbi haqqında fikirləri yer alıb. Heydər Əliyev Fondunun digər layihəsi, Azərbaycan muğamına həsr olunmuş "Muğam ensiklopediyası" nəşri də möhtəşəmdir. Bu nəşrə "Muğam ensiklopediyası" və görkəmli muğam ifaçılarının səs yazılarından ibarət "Azərbaycan xanəndələri" kolleksiyası daxildir. "Muğam ensiklopediyası"nın çap nəşrində geniş informasiya, 1300-ə yaxın məqalə toplanıb: muğamla bağlı terminlərin izahı; muğam ifaçıları və bəstəkarların yaradıcılığı barədə; qədim zamanlardan müasir dövrümüzədək dünyanın böyük alimlərinin musiqiyə, muğama həsr olunmuş elmi işləri haqqında; azərbaycanlı və xarici mədəniyyət xadimlərinin muğam haqqında fikirləri, eləcə də bir sıra təşkilatlar - musiqi təhsili müəssisələri, arxivlər, muzeylər, fondlar, musiqi kollektivləri barədə məlumatlar yer alıb. Redaksiya heyətinin sədri və kitabın baş redaktoru Mehriban Əliyevadır. Həm də rus dilində hazırlanmış və bir neçə ölkədə təqdim olunmuş bu nəşr musiqi dünyasında böyük əks-səda doğurub. Heydər Əliyev Fondu müasir Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi, Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi yeri olan Üzeyir Hacıbəyliyə həsr edilmiş "Üzeyir dünyası" layihəsini hazırlayıb. Bu layihəyə "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası", "Bədii və publisistik əsərlər", klavirlər, librettolar, eləcə də "Leyli və Məcnun", "Koroğlu" operalarının, "O olmasın, bu olsun" musiqili komediyasının CD-ləri daxildir. Kitaba ön sözü Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yazıb. Layihə, həmçinin bütün dünyada böyük maraq doğurub".

F.Əlizadə xatırladıb ki, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakı, Şamaxı və Moskvada ən yüksək səviyyədə birinci Nəsimi - Şeir, incəsənət və mənəviyyat Festivalı keçirildi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda bu böyük şəxsiyyətin büstünün açılışı oldu. Yalnız Mehriban Əliyevanın səyləri sayəsində Azərbaycan muğamı və aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu, Mehriban Əliyevanın Azərbaycan xalqının mədəni, musiqi irsinin qorunmasına verdiyi böyük töhfədir. Biz fəxr edirik və inanırıq ki, Mehriban xanım Birinci vitse-prezident vəzifəsində Azərbaycan musiqi mədəniyyətinin inkişafına diqqət və qayğı göstərməyə davam etdirəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.