Siyasət

Rüstəm İbrahimbəyov özünə qayıtdı

18 Fevral 2019 12:42
Baxış: 4 252

Məşhur azərbaycanlı ssenariçi, yazıçı və kinodramaturq Rüstəm İbrahimbəyov Bakıya gəlib.

Gəlişin üç səbəbi vardı.

İlkin səbəb Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası idi.

İkinci səbəb Rüstəm İbrahimbəyovun 80 illik yubileyi idi.

Üçüncü və əsas səbəb Rüstəm İbrahimbəyovun fəxri sədri olduğu marionet "Demokratik Qüvvələrin Milli Şurası" ilə bütün əlaqələri kəsməsi idi.

Sondan, üçüncü səbəbdən başlayaq.

2013-cü il, mayın 28-i. Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə Azərbaycan Xalq Cümhuriyyətin 95 illiyi ilə əlaqədar keçirilən bayram tədbiri bitdikdən sonra bəzi siyasi qüvvələrin təmsilçiləri olan ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan, AXCP sədri Əli Kərimli, KXCP sədr muavini Bəybala Əbil, EL Hərəkatı sədri Eldar Namazov və Müsavat başqanı İsa Qəmbərin iştiraki ilə bu partiyaların rəhbərlərinin görüşü oldu.

"Demokratik Qüvvələrin Milli Şurası"nın təsis sənədləri üzərində geniş müzakirələr aparılıb. Müzakirələrə telefon və Skype vasitəsilə Rüstəm İbrahimbəyov, o dönəmin ACP lideri Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və KXCP sədri Mirmahmud Mirəlioğlu da qatılmışdılar. Məsləhətləşmələr nəticəsində "Demokratik Qüvvələrin Milli Şurası"nın yaradılması barədə qərar qəbul edilmişdi.

7 iyun 2013-cü ildə qurumun təsis yığıncağı keçirilmişdi. "Milli Şura" təsis olunmaqla yanaşı, Rüstəm İbrahimbəyov qurumun sədri seçilmişdi.

2 iyul 2013 tarixində Milli Şura rəsmən Rüstəm İbrahimbəyovun vahid namizədliyini prezident seçkilərində irəli sürmək qərarı vermişdi. Bu qərar MŞ-ya daxil olan siyasi partiyalarla yanaşı islamçı kəsim, o cümlədən Rifah Vətəndaş Hərəkatı tərəfindən də dəstəklənmişdi. Rifah Vətəndaş Hərəkatı sonradan Cəmil Həsənlini də dəstəkləmişdi.

23 avqust 2013 tarixində isə Milli Şura rəsmən Cəmil Həsənlinin ehtiyat vahid namizədliyini prezident seçkilərində irəli sürmək qərarı vermişdi.

3 dekabr 2013-cü ildə Cəmil Həsənli qurumun sədri, Rüstəm İbrahimbəyov isə fəxri sədri seçilimişdi.

Bu, yaxın tarixin xronoloji, quru statistik sıralanmasıdır.

Gerçəyin əsli isə odur ki, siyasətdən çox uzaq olan və bu səbəbdən siyasətin çirkabında vurnuxanların dilətutmalarına asanlıqla inanıb özünü az qala "Azərbaycanın yeni rəhbəri" kimi görməyə başlamış Rüstəm İbrahimbəyov hətta prezident seçkilərinə qatılmaq niyyətini də izhar etmişdi.

İstedadlı kinodramaturqun bu qərarı sənətdə süvari olan kəsin siyasətdə nə qədər piyada olduğunu ortaya qoymuşdu.

Çünki Eldar Namazov, İsa Qəmbər, Əli Kərimli və Cəmil Həsənli kimi siyasət dəllallarının, müxalifət düşərgəsinin "canlı meyit"lərinin dediklərinə inanmaq üçün müstəsna dərəcədə ya intriqant, ya da düzxətli və bərabərtəcilli düşüncəli adam olmaq gərəkirdi.

Rüstəm İbrahimbəyov hiyləgərdi və tamahını gerçəkləşdirmək üçün "siyasətçi" olmağa razılaşmışdı.

Olanların olmayan kimi yaşadılması

"Onlar filmimə baxmadan danışırlar, tənqid edirlər". Ssenarist və dramaturq Rüstəm İbrahimbəyov belə deyir di.

2005-ci ildə çəkilmiş "Qafqaz triosu" filmi xatirinizdəmi?

Hər kəsin və hər şeyin zamana ehtiyacı var bu fani dünyada. Rüstəm İbrahimbəyovun da.

O, qələtini etiraf edib səhvini düzəldə bilərdi.

Heç olmasa, mənsub olduğu xalqdan üzr istəyərdi.

Etmədi, istəmədi.

Əvəzində onu tənqid edənləri, o cümlədən bu sətirlərin müəllifini qərəzdə suçladı və Facebook-dakı səhifəsində cavabını yaydı.

Kinodramaturq, yazıçı, prodüser və ssenarist Rüstəm İbrahimbəyovun ərsəyə gətirdiyi yarıtmaz, iki qara quruşluq sənət dəyəri və məzmunu olmayan "Qafqaz triosu" filmi ermənipərəstlik deyil. İlk baxışdan paradoksal təsir bağışlasa da, belədir.

Ermənipərəstlik ermənilərə vurğunluq, onların məfkurələrini, "kollektiv şüur" halını almış "hayizm" mərəzini bölüşməkdir.

Rüstəm İbrahimbəyov isə ən radikal, zooloji millətçi və mağara səviyyəsindəki şovinizm şüurlu ermənini belə, geridə qoymağa, ermənidən daha çox erməni olmağa çalışıb.

Səbəb? Primitiv, hətta trivialdır.

İbrahimbəyov qisas yanğısındadır. O, Azərbaycan hakimiyyətindən yox, hər birimizdən qisas almaq istəyir. Puç olan planlarına, alınmayan "prezidentlik sevdası"na, 73 yaşında tam profan və darbeyin "həm də siyasətçi" kimi tanınmasına, "Milyarderlər İttifaqı"nın ona ayırdığı pulları Bakıdakı "Milli Şura" adlı siyasət maklerlərinin yığnağına səpələməsinə və heç bir nəticə əldə etməməsinə görə.

"İbRus"u "İbLis"ə döndərən İbrahimbəyov "Lis", yəni "tülkü" olduğunu sandı, amma bəlli oldu ki, heyhat, qocaldıqca şüurunda qarşısıalınmaz aşınmaların yaşandığı bu adam ən yaxşı halda Kolorado dağlarının yamaclarında yemək arayan koyot ola bilər.

O koyot ki - xatirinizdəmi - "Walt Disney" animasiyasında sürətli quşun ardınca qaçır, ona çatmağa çalışır və birdən özünü uçurumun üzərində hiss edir.

Koyot bilirsiniz nə zaman yıxılır?! Ayaqlarının altında torpağı hiss etməyəndə.

Rüstəm İbrahimbəyovun ayaqlarının altını torpaq çoxdan tərk edib. İyrənib ondan, bezib bir zamanlar istedadlı sənətçi, indisə istedadsız Yalıncıq olan bu varlıqsızdan.

O, əfsuslar olsun ki, intiharın ən ağrılı yolunu seçib. Hər gün, hər an özünü əxlaqdan, mənəviyyatdan, şüurdan və məntiqdən uzaqlaşdıraraq ruhunu boş xəyallarına, absurd istəklərinə və tamahına satıb.

Mərhum sənətçi və indi sağ Rüstəm İbrahimbəyova, sadəcə, yazığım gəlir.

O, özünə yazdığı sarsaq rolu belə, oynaya bilmir artıq.

Qayıdışın özü və özəlliyi

"Milli Şura"nın fəxri sədri Rüstəm İbrahimbəyov 2013-cü il prezident seçkilərində iştirak qərarından sonra Azərbaycana qayıtmaqdan imtina etmişdi.

Onunla bağlı hansısa istintaq və ya təhqiqat olmasa da, R.İbrahimbəyov "Qayıtsam, həbs olunacağam" deyərək Azərbaycana gəlməyəcəyini dəfələrlə bəyan etmişdi.

Bu səbəbdən kinodramaturqun Bakıya dönməsi və ölkənin tanınmış simaları ilə "Şirvanşahlar" restoranında 80 illik yubileyini qeyd etməsi, sadəcə, ilk baxışdan sensasiya sayıla bilər.

Məğz və məzmunsa odur ki, Rüstəm İbrahimbəyov səhvini, daha doğrusu, çeşidli səhvlərin anlayıb, etiraf edib və "Milli Şura" adlı yarıtmaz, həm də yaramaz qurumla əlaqələrini tamamən kəsib.

Restorandakı ziyafətdə "Milli Şura"dan kimsənin olmaması da bunu tam təsdiqləyir. Sadəcə, AXCP sədri Əli Kərimlinin "sağ əli", "Azərbaycan Ziyalılar Birliyi" kimi efemer qurumun sədri Eldəniz Quliyevdən savayı. R.İbrahimbəyov onunla siyasətçi yox, kinematoqrafçı kimi danışıb.

Bu gün Moskvaya qayıtmış R.İbrahimbəyov fevralın 17-də Azərbaycan kinematoqrafçıları ilə görüşüb, kinemotoqrafçılar İttifaqının yığıncağına qatılıb. 

Yəni R.İbrahimbəyov "Milli Şura" ilə bahəm, siyasəti də tərk etdiyini nəzərə çatdırıb.

Verilən xəbərlər sırasından onun siyasətdən birdəfəlik çəkilməsi də var. Bu səbəbdən o, Bakıda eks sədri olduğu Milli Şuranın üzvlərindən heç biri ilə görüşməyib. Yalnız Eldəniz Quliyev istisnadır. Onun da siyasi sima kimi deyil, kinemotoqrafçı həmkar qismində İbrahimbəyovun yanında epizodik rol aldığı iddia edilir.

Rüstəm İbrahimbəyovun Bakıya gəlişi "Milli Şura" üçün böyük zərbədir.

Müəllifi olduğu "Səhranın bəyaz günəşi"ndə Lebedevin dili ilə "Qərb bilik, Şərq isə anlayış bəxş edir" ifadəsini məşhurlaşdıran Rüstəm İbrahimbəyovun bu sözləri, əslində, rusiyalı mistik və filosof Georgi Qurciyevə məxsusdur.

Eynən Qurciyev təki, İbrahimbəyov da mənasız məfhumlarda məna aradığını, yalançılardan "həqiqət"lə bağlı məlumatlar aldığını, etibarsızlara etimad etdiyini gec də olsa, dərk edib.

AXCP sədri Əli Kərimli və "Milli Şura"nın sədri Cəmil Həsənli sosial şəbəkələrdəki marazmatik açıqlamaları, mitinq taktikası kimi bivec siyasi mübarizə usulunu "hakimiyyətə müqavimət üsulu" sayaraq sürəkli olaraq "Sıralarımızda Rüstəm İbrahimbəyov da var" deyir, qürrələnirdilər.

Bu səbəbdən indi onların məruz qaldıqları pərişanlığı anlamaq heç çətin deyil.

Zarafat deyil - "Milli Şura"nın fəxri sədri Bakıya gəlir, Əli Kərimli və Cəmil Həsənli ilə görüşmür, onları heçə sayır, siyasətin qoca "cığal uşaq"ları ilə bundan sonra da müxalifətçilik oynamaq istəmədiyini nəzərə çatdırır.

... Rüstəm İbrahimbəyov Bakıya yox, həm də özünə qayıdıb. Qayıdışın məzmun və səbatı isə yaxın vaxtlarda tam bəlli olacaq.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.