Siyasət

"Prezident İlham Əliyev vətəndaşları narahat edən bütün problemlərin qısa müddətdə həll olunacağı anonsunu verdi"

13 Fevral 2019 19:55
Baxış: 680

Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsinin əvvəlində ilkin olaraq məhz media barədə irəli sürdüyü önəmli fikirlər belə deməyə zəmin yaradır ki, ölkə başçımız daim mediaya önəm verir, xüsusilə mətbuatın inkişafına dəstək göstərir.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında "Səs" Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, dövlət başçısının öz işini mediaya istinad edərək qurması barədə dediyi fikirlər hər bir mətbuat işçisi üçün bir məsuliyyət faktoru kimi qəbul edilməlidir: "Yəni bu gün mediada çalışan hər bir jurnalist, hər bir mətbuat işçisi öz peşəkarlığını artırmaqla yanaşı, həm də bilməlidir ki, verilən informasiyalar ən ali məqamda diqqət mərkəzində olur, qiymətləndirilir və nəticələr çıxarılır. Əbəs deyil ki, cənab İlham Əliyev bu barədə danışarkən ölkəmizdə cərəyan edən müxtəlif hadisələri mətbuat vasitəsilə öyrəndiyini deyib, eləcə də Azərbaycan mediasının ölkəmizin həyatında bundan da böyük rol oynayacağını vurğulayıb".

Dövlət başçımızın nəyə görə xarici mediaya daha çox müsahibələr verməsi məsələsinə də toxunan B.Quliyev hesab edir ki, bu addım eyni zamanda Azərbaycan həqiqətlərinin reallıqlarının beynəlxalq aləmə çatdırılmasında böyük əhəmiyyət daşıyır: "Prezident İlham Əliyev bu məsələyə aydınlıq gətirərək qeyd etdi ki, dünyada informasiya müharibəsi gedir və ölkəmizlə bağlı həqiqətə uyğun olmayan saxta materiallar dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Düşünürəm ki, ölkə rəhbərimizin xarici mediaya daha çox müsahibə verməsi inkişaf, tərəqqi və islahatlar yolu tutmuş, heç bir xarici diktəni qəbul etməyən, müstəqil siyasət yürüdən Azərbaycan dövlətinin gerçək tərəflərini çatdırmaq məqsədini daşımaqdadır. Çünki dövlət başçımız dəfələrlə öz çıxışlarında vurğulayıb ki, Azərbaycan gücləndikcə, qüdrəti artdıqca, ona qarşı müxtəlif güclər tərəfindən təzyiqlərə, təhdidlərə yol verilir. Lakin cənab İlham Əliyev ölkə rəhbəri olaraq, xarici medialar vasitəsilə əsl həqiqətləri bütün sübut və dəlilləri ilə ortaya qoyur, saxta informasiyaların ifşa edilməsi üçün ciddi arqumentlərlə beynəlxalq mətbuat çevrəsinə əhəmiyyətli tezislər verir. Bu addımın özü əslində çox mühüm və düşünülmüş strategiyadır ki, Prezident İlham Əliyev tərəfindən reallaşdırılmaqda davam edir".

Siyasi ekspert qeyd edib ki, bu gün Azərbaycan dövləti sabit və inkişaf edən ölkə olmaqla yanaşı, həm də xarici siyasətin yürüdülməsində bir sıra məqamları əsas olaraq götürür və onlardan biri də milli-mənəvi dəyərlərin qorunması ilə bağlıdır: "Prezident İlham Əliyev müsahibəsində bu kimi incə və kifayət qədər düşünülmüş strateji məqama toxunaraq vurğulayıb ki, onun üçün, bütövlükdə isə Azərbaycan xalqı üçün əsas olan milli dəyərlərdir. Azərbaycan dövləti mühüm hədəf kimi həmin məqamı nəzərdə tutur. Daha dəqiq desək, balanslaşdırılmış siyasət aparıla bilər, amma bu elə olmalıdır ki, həmin siyasət xalqımızın milli maraqlarına cavab versin. Cənab Prezident bu məsələni önə sürərək deyib ki, ölkənin xarici siyasətində milli maraqlar qorunur, mümkün risklər isə aradan qaldırılır. Ona görə də dövlət başçımız "Bizim siyasətimiz milli maraqlar üzərində qurulub" mesajını verərək, bu siyasətin daim həmin xətt üzrə inkişaf etdiriləcəyini bəyan edib".

B.Quliyev bildirib ki, Prezident İlham Əliyevin həmin istiqamətdə göstərdiyi fəaliyyət və irəli sürdüyü fikirlər əsasında islahatlar, eləcə də həmin islahatlardan bəhrələnən Azərbaycan vətəndaşına xidmət məramı dayanmaqdadır:

"Artıq bildiyimiz kimi, cari ilin əvvəlindən indiyə qədər dövlət başçımız tərəfindən bir sıra inqilabi islahat meyarları müəyyənləşdirildi və həmin islahatlardan səmərə götürən, faydalanan da sadə Azərbaycan vətəndaşı oldu. Şəhid ailələrindən başlayaraq, müharibə əlillərinə, eləcə də sosial təminatı yetərli olmayan insanlarımıza qədər göstərilən dövlət qayğısının təməlində cənab İlham Əliyevin şəxsi təşəbbüsü və siyasi iradəsi dayanmaqdadır. Təbii ki, biz bura minimal əməkhaqlarının qaldırılmasını və s. faktları da əlavə edə bilərik. Ancaq əsas fikir budur ki, dövlət başçımız müsahibəsində nöqsanların da olduğunu qeyd edib, eləcə də vətəndaşları narahat edən bütün problemlərin qısa müddətdə həll olunacağı anonsunu verib. Bax, budur dövlətin vətəndaş amilini prioritet olaraq götürməsi və insan kapitalına dəyər verməsi. Düşünmürəm ki, bu gün dünyanın ən inkişaf etmiş dövlətlərində belə, ölkə rəhbərləri tərəfindən vətəndaşlar üçün bu cür siyasi iradə göstərilsin. Əbəs deyil ki, son illərdə bir sıra aparıcı xarici ölkələrdə Azərbaycanda aparılan ən müasir islahat modellərinə müraciətlər edilir, ideyalar öyrənilir. Buna daha bir misal kimi, Prezident İlham Əliyevin komandasının son illərdəki fəaliyyətlərini də göstərə bilərik. İldə bir neçə dəfə müxtəlif nazirliklərin rəhbərləri hətta ən ucqar bölgələrimizə qədər gedərək, orada yaşayan insanların sosial vəziyyətləri və s. ilə maraqlandır, problemlərini öyrənir, həmin problemlərin həlli üçün müvafiq addımlar atırlar".

Baş redaktor vurğulayıb ki, bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü və uğurlara əsaslanan məntiqi siyasətinin aşkar, bariz göstəriciləridir: "Ona görə də hesab edirəm ki, xalqımız daim dövlətinin yanındadır və dövlət başçımızın da vurğuladığı kimi, dövlət də hər zaman xalqının yanındadır. Bu etimad, bu inam isə, əlbəttə ki, həmin vəhdətin, sarsılmaz iradənin tərənnümü və təcəssümüdür".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.