Siyasət

Prezident xalqa nə dedi?

13 Fevral 2019 14:44
Baxış: 2 944

Azərbaycan proseslər yox, dövlətin inandığı vətəndaşı və vətəndaşın da etimad etdiyi dövlət tərəfindən idarə olunur.

Azərbaycan həm də yeni İnqilab ərəfəsindədir.

Bu, müxtəlif ölkələrdə fərqli, çirkli, iyrənc ssenarilər üzrə gerçəkləşdirilən, xalqın adını bayrağa çevirərək elə o bayrağa xalqın böyük siyasi oyunlarda həlak olan övladlarının nakam qanlarını hopduranların "inqilab" adlandırdıqları çevriliş, qiyam və ya iğtişaş deyil.

Vətəndə vətənə qarşı müharibəyə aparıb vətənin daşına dönmək istəyən insanları vətəndaş savaşına sürükləyən, gələcəyi uçuruma salanların istəklərinin toplusu olan "demokratiya uğrunda mübarizə" də deyil.

Belə mübarizələr İraq, Liviya, Suriya, Misir, Tunis, Mərakeş və daha neçə ölkədə müsibətlərə səbəb olub. İndi Venesuelanın bəxtini neftinin rəngindəki əskiyə bükürlər ki, sonra həmin əski ilə çirkli üzlər silinsin və televiziya ekranlarından gülümsəyərək onlara tamaşa edən bədbəxtlərə "Urra, demokratiya qalib gəldi!" deyilsin.

Azərbaycanda da belə məşum qumarı oynamaq istədilər. Amma oyunbazlar hələ də qalın dərilərini nazik qabıqlarından çıxarmağa çalışsalar da, alınmır.

Onların oyunu pozulub. Pozucuların arzularını hər gün YouTube-dan bərələn gözlərində qoyan isə Azərbaycanın VƏTƏNDAŞı oldu.

O kəs ki, Vətənindən qaçıb fərari olanların, Vətən dərdindən danışdığını iddia edən vətənsizlərin cavabını əməli, sözü və ən əsası - onu qoruyub onun vasitəsilə qorunan dövlətə inamı, hakimiyyətə etibarı ilə göstərdi.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin REAL TV-yə bir saatlıq müsahibəsi də məhz buna görə Vətənə və vətəndaşlara xitabdır.

Prezident siyasi kurs, iqtisadi islahatlar, gənclərlə bağlı siyasət və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamalar verdi. Hər açıqlamada sətiraltı mənalar bir-birini sıraladığından jurnalist Mirşahin Ağayevin suallarının cavablanması əslində regional geosiyasətin Azərbaycana ünvanladığı çağırışlara konkret cavablarla bahəm, Azərbaycana bundan sonra yönələnəcək sorulara bəri başdan verilmiş cavablardı.

Dövlət başçısının müsahibəsində bir sıra məqamlar var ki, onların bəlli şərhə ehtiyacı var.

Nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir?

Əsasən xarici ölkələrin mediasına müsahibələr verməsi ilə bağlı iddialara cavabı dövlət başçısı yetərincə konkret verdi.

"Mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır", - İlham Əliyev söylədi.

O, daha sonra deyib: "Onu da bildirməliyəm ki, bəzən belə bir sual verilir, nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir? Bunun iki səbəbi var. İstərdim ki, bu barədə də öz fikrimi bildirim, Azərbaycan mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Yəni, bizə qarşı aparılan bütün bu təbliğatın qarşısında öz həqiqətlərimizi ortaya qoyuruq, Azərbaycanı müasir, güclü dövlət kimi tanıtdırırıq və ölkə haqqında həqiqətləri çatdırırıq.

Bu, birinci səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, mən ölkə daxilində gedən işlərlə bağlı öz fikirlərimi müntəzəm olaraq müxtəlif formatda bildirirəm. Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram. Yenə də deyirəm ki, bu, həm hesabat xarakterli, həm də görüləcək işlər, istiqamətlərlə bağlı, istiqamətverici çıxışlardır. Ona görə bu məsələ ilə bağlı iki amil mövcuddur və istərdim ki, Azərbaycan mətbuatı bunu bilsin. Ancaq, eyni zamanda, bugünkü müsahibəmiz onu göstərir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq".

İqtibas böyük olsa da, Azərbaycan KİV-lərində çalışan jurnalistlərə ünvanlanmış mesaj olduğundan xüsusi əhəmiyyət daşıyır.

İslahatların mahiyyətindəki məna və tələb

Müsahibə əsnasında jurnalisti tələsdirməyən İlham Əliyev hazırda ölkədə yaşanan və vətəndaşların daha yaxşı yaşamasına yönəlməklə yanaşı, dövlət idarəetmə strukturlarının daha effektiv fəaliyyətinə hesablanmış islahatlardan danışdı.

İslahatların spontan olması, əvvəlcədən hazırlanmış proqram üzrə aparılmaması və qəfil dəyişikliklərin hətta "Məhsul" stadionundakı mitinqlə bağlı olması təki absurd iddialara, siyasəti özlərinə yaxın bilib siyasətdən uzaq insanların marazmlarına indiyədək yetərincə cavab verilib.

Lakin ən yaxşı cavab bu islahatların müəllifi və təşəbbüskarının dedikləri oldu.

Prezident İlham Əliyev bəyan etdi ki, ötən ilin sonlarında vüsət almış və geniş miqyasda başlanan struktur islahatları eyni sürətlə davam etdiriləcək.

O, dedi: "Doğrudan da 2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır. Bu da təbiidir. Çünki ötən il keçirilmiş prezident seçkilərində Azərbaycan xalqı mənə bir daha böyük etimad göstərib və mən bu seçkilərə islahatlar gündəliyi ilə getmişəm. Təbii ki, keçən ilin ikinci yarısından başlayaraq islahatların dəqiqləşdirilməsi, müəyyən edilməsi və ardıcıllığı haqqında çox geniş işlər aparılırdı və bu ilin əvvəlindən yeni islahatlara start verildi".

Beləcə, dövlət başçısı builki islahatların spontan olmadığını, inqilab təsiri bağışlayan islahatların təfərrüatlı və detallı hazırlanaraq ciddi təhlillərə əsaslanan proqram əsasında aparıldığını vurğuladı.

Eyni zamanda o, ölkədə minimum əmək haqqının artırılmasından da danışdı və səbəbləri belə izah etdi: "Bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik".

"Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu" söyləməklə dövlət başçısı maliyyə, bankinq, vergilər və gömrük sistemlərində yenidənqurma səciyyəli islahatlar vasitəsilə dövlət büdcəsinin əlavə gəlirlər əldə etdiyini vurğuladı.

Bu isə minimal əmək haqqının gələcəkdə yenidən artırılmasını istisna etmir.

Dağlıq Qarabağ münaqişəsi və diplomatiya

Prezidentin Gənclər Gününə həsr olunmuş respublika toplantısındakı çıxışı əslində proqram bəyanatı idi. Çünki məhz o çıxışda Azərbaycana təzyiq göstərmək, pressinq taktikası yürüdərək xarici siyasətimizdə bəlli dəyişikliklərə nail olmağa çalışan güc mərkəzləri ilə müəyyyən ölkələrə cavab verildi.

Forumdakı nitqində İ.Əliyev demişdi: "Bəzən bizim xarici siyasətimizi tarazlaşdırılmış siyasət kimi qələmə verirlər. Ancaq mən hesab edirəm ki, bizim xarici siyasətimiz milli maraqlar üzərində qurulub".

Bu, xarici siyasətimizin "hamı ilə yaxşı münasibətlər, kimsənin xətrinə dəyməmək" prinsipindən qaynaqlanan komplimentar diplomatiya olmadığının əyanı idi. Azərbaycanın dövlət başçısının açıqlamasının sətiraltı mənası o idi ki, rəsmi Bakı üçün "balans" anlamı ikinci, bəlkə də iyirmi ikinci önəm daşıyır - ən mühüm məsələ milli maraqların və dövlət mənafeyinin təminatıdır.

Faktdır ki, Azərbaycanı sürəkli "tənqid" edən xarici mediada, ekspertlərin açıqlamalarında belə bir kökündən yanlış fikir var: "Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır".

İlham Əliyev isə bəyan etdi ki, Azərğaycan heç bir balans axtarışlarında deyil. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq. Bizim xarici siyasətimiz məhz milli maraqlar üzərində qurulub. Milli maraqlar nəyi diktə edirsə, biz xarici siyasətdə onu da etməliyik və edirik.

Və Azərbaycan buna nail olub.

Prezident daha sonra dedi: "Bu gün dünyada güc amili ön plana çıxır. Baxın, dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq kobudcasına pozulur. Əgər əvvəlki dövrlərdə bunu müəyyən formada gizlətmək istəyirdilərsə, bu gün heç buna ehtiyac da görmürlər. Bu gün dünyada "kim güclüdür, o da haqlıdır" prinsipi hökm sürür. Bu, yeni reallıqdır. Biz bu reallığa hazır olmalıyıq. Dünya dəyişir və biz bu dəyişikliyə hazır olmalıyıq. Xoşbəxtlikdən biz öz iqtisadi və hərbi gücümüzü uzun illərdir ki, artırırıq. Sanki özümüzü bugünkü vəziyyətə hazırlayırdıq və bu gün biz hazırıq. Ona görə güc amili həmişə gündəlikdə olub və olacaq. Biz bunu nəinki bizim münaqişə, bir çox başqa münaqişələrlə bağlı da görürük. Ona görə biz müxtəlif imkanlardan istifadə edəcəyik və Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim əsas vəzifəmizdir. Azərbaycan vətəndaşları bunu bilməlidirlər ki, bu, hər bir vətəndaşın əsas vəzifəsidir, dövlətin əsas vəzifəsidir. Biz bu istiqamət üzrə öz siyasətimizi bundan sonra da aparacağıq".

İlham Əliyevin bu bəyanatı Qərb ölkələri ilə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyana və onun komandasına ünvanlanıb. Azərbaycan qonşu və düşmən ölkədə Paşinyanın realist davranışına, praqmat mövqeyinə, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması prosesində adekvat mövqeyinə ümid etmir.

"Güc amili həmişə gündəlikdə olub və olacaq" deyən dövlət başçımız Dağlıq Qarabağ probleminin həlli və erməni işğalında olan torpaqlarımızın azad edilməsi üçün hərbi əməliyyatları istisna etmədiyini vurğulayıb əslində.

... Müsahibə çox böyük rezonans doğurduğu təki, əks-sədanın tonallığında mənalar yenilənir və açılır. Həmin mənalar dövlətlə vətəndaş arasındakı təmasların yeni formatının gündəmə gəlməsini də göstərir. 

Dövlətin qoruduğu vətəndaş onu hifz edəni mühafizə etməlidir.

Azərbaycan bizim olduğu qədər də biz Azərbaycanınıq və elə bu səbəbdən də inkişafın sürəti özümüzdən asılıdır.

Dövlət gələcək üçün nəyi etmək istəyirsə, həmin tədbirləri bu gün görür.

İslahatlar həm səbəbdir, həm də nəticə.

Dövlət başçımız bunu dedi bizə.

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.