Siyasət

Vitse-spiker: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən canlanma müşahidə olunmaqdadır"

12 Fevral 2019 13:27
Baxış: 372

Ötən ilin sonundan və bu ilin əvvəlindən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində müəyyən canlanma müşahidə olunmaqdadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O qeyd edib ki, həm beynəlxalq təşkilatların, həmsədr ölkələrin, həm Azərbaycan və Ermənistan rəhbərlərinin bəyanatlarında əksini tapan məqamlar müəyyən qədər ümidlənməyə, məsələnin ölü nöqtədən tərpənməsinə əsas verirdisə, problemi həll etmək iqtidarımız gücləndikcə onun qarşısını almaq istəyən dairələrin səylərini artırmaq cəhdi göstərdiyi barədə düşünməyə vadar edir.

B.Muradovanın sözlərinə görə, Azərbaycan dövlətinin öz vətəndaşının yanında olması heç zaman şübhə doğurmayıb, bu, ardıcıl məqsədyönlü siyasətdir: "Hətta əksini söyləyənlər də bunu görür. Lakin onların məqsədləri gündəmi dəyişmək, bizi qarşımızda dayanan məqsədlərdən yayındırmaqdır. Ona görə biz bu səyləri göz önünə alaraq, diqqətimizi əsas məqsədimizə yönəltməliyik. Bütün həmkarlarımızı beynəlxalq təşkilatlar çərçivəsində, ikitərəfli və çoxtərəfli əsasda bu məsələnin həllinə və Azərbaycanın artan iqtisadi və hərbi qüdrətinin qarşısında vahid məqsəd olan Dağlıq Qarabağ münaqişəsinin həlli və danışıqlar prosesini irəlilətməyə çağırıram".

Millət vəkili hesab edir ki, bütün məqamlarda məqsəd məhz bu olmaldır: "Heç bir məqamda bizi bu niyyətdən yayındıran dairələrin cəhdlərinə uymamalı, məqsədimizi bu istiqamətə yönəltməliyik. Hesab edirəm ki, Azərbaycanın artan gücü bu dairələri narahat edən məsələləri gündəmə gətirməyə vadar edir".

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.