Siyasət

"Damar əməliyyatı": Almaniyada sığınacaq üçün yalana sığınan AZƏRBAYCANSIZLAR - FOTO

6 Fevral 2019 13:10
Baxış: 7 242

Mitinqdə çəkilmiş fotoların var? Polisə aparılıbsan? AXCP və ya Müsavata üzvlük vəsiqən var?! Sosial şəbəkələrdə hakimiyyətə qarşı statuslar paylaşıbsan?! Etiraz aksiyalarına qatılıbsan?..

Suallar çox idi və onların hamısına "yox" cavabı alan Novruz narazılıqla başını yellədi, fikrə getdi. Sonra "İş çətindi" dedi.

"Heç cür alına bilməz?!" soruşanda isə "Alınar e, amma xərci var" söylədi.

"Xərc" 22 min avro idi.

Onun dediyinə görə, Almaniyada sığınacaq almağı 22 min avroya başa gələcəkdi. Bu pula vizanın alınması, əvvəlcə Azərbaycandan Ukraynaya yollanmaq, sonra da Estoniya-Polşa-Almaniya marşrutu ilə Zindrof miqrasiya mərkəzinə yollanmaqla bağlı məsrəflər daxildi. Hə, vəkil və "sənədlər pulu" da nəzərə alınmışdı.

Münhendəki "Avropa Azərbaycanlılarınının Hüquq Mərkəzi" adlı təşkilatın koordinatoru olduğunu deyən Novruz Hüseynov "bütün problemləri həll edəcəyini", Almaniyaya çatandan təxminən bir il sonra siyasi sığınacaq ala biləcəyimi söyləyirdi.

Daha sonra gülümsəyərək dedi: "Narahat olma, birdən problem yaransa, "deport" eləmək istəsələr, damarlarını kəsəcəyini de".

Almaniyadan deportasiya olunmaq təhlükəsi ilə üzləşən azərğaycanlı miqrantlar arasında "damar doğramaq" populyar aksiyaya dönür.

Halbuki bu şəxslər, azərbaycansızlaşmış azərbaycanlılar anlamalıdır ki, saxta sənədlərlə Almaniyaya və ya Avropa Birliyinin hər hansı ölkəsinə yollanmaq, orada sığınacaq almaq üçün min bir oyundan çıxmaq, həmin oyunlar arasında "hakimiyyətə söyən" imici qazanmağa çalışaraq deportasiyadan yayınmaq cəhdləri çox pis görünür.

Miqrant düşərgəsindən çıxıb Almaniya şəhərlərinin küçələrində şəkillər çəkdirmək, sonra da o fotoları sosial şəbəkələrdə paylaşıb "arzularına çatan adam" təsiri bağışlamaq qədər zavallı bir əməl....

Gecə, Düsseldorf...

Fevralın 4-ü, səhər saat 5.

17 azərbaycanlının olduğu iki polis mikroavtobusu "Heinz-Schmöle Str. 7, 40227 Düsseldorf" ünvanda yerləşən "Flüchtlinge Willkommen in Düsseldorf" Miqrant Mərkəzindən şəhərdən 7 kilometr aralıdakı hava limanına tərəf yola çıxır.

Lakin hava çox dumanlı olduğu üçün aviareys təxirə salınır, səhər saat 7.30-da mikroavtobuslar geriyə, Düsseldorfa qayıdır.

Hava limanına aparılanlar deportasiya olunmamaq üçün əllərindən gələni etməyə çalışıblar.

Onlardan biri Köln şəhərində yaşayan Sakit adlı azərbaycanlı idi.

Dediyinə görə, gecənin bir aləmində polislər qapını sındırıb içəri giriblər: "Qapı sındırılanda qorxduq. Arvadım qışqırdı. Amma polislər buna məhəl qoymadılar, üstümüzə cumdular, əllərimizi və ayaqlarımızı qandalladılar. Elə o vəziyyətdə Düsseldorfa gətirdilər. Qandallar əllərimizi, ayaqlarımızı yaraladı".

Sakitin dediyinə görə, xanımı xəstəanaya aparılıb.

Ramal Cavadov isə səhhətində ciddi problem olduğu, uçuşa icazə verilmədiyi barədə həkim sənədinin olmasına baxmayaraq, onun da ailəsi ilə birlikdə aereporta aparıldığını iddia edib.

Olayla bağlı olaraq Düsseldorf şəhər polis idarəsi ilə əlaqə saxladıq. Onlar azərbaycanlıların əl və ayaqlarının qandallanması ilə bağlı iddiaları, miqrantlara zor tətbiq edilməsini yalan adlandırdılar.

Kassel şəhərinə sığınmış Səbuhi Hüseynov isə Azərbaycana qayıtmaq istəmədiyini, Almaniyadan deportasiyasına qarşı çıxdığını deyərək etirazını bildirib, damarlarını doğrayıb.

O, indi xəstəxanadadır.

7 uşaq atası Səbuhi Hüseynovun xanımı Könül Hüseynova baş verənlərlə bağlı "Meydan TV"nin Facebook səhifəsində canlı yayıma çıxıb.

Mingəçevirdə yaşamış ailənin həyatından bəhs edən K.Hüseynovanın dediyinə görə, əri sürücü imiş, "KamAZ" yük avtomobili varmış.

"Vəziyyətimiz əvvəl pis deyildi. Ərim maşınla qum, daş daşıyıb pul qazanırdı. Amma sonra vəziyyət pisləşdi. İcra hakimiyyətinə getdim, kömək istədim. Bizə yardım etmədilər. Sonra ərimi polislər Bakıda tutdular, döydülər, işgəncə verdilər. Sinəsinə qızdırılmış bıçaq basdılar", - deyən K.Hüseynovanın sözlərinə görə, əri 10 gün polis idarəsində saxlanandan sonra buraxılıb.

O, daha sonra bildirib ki, "aramsız polis təzyiqlərinə məruz qaldıqları üçün" əri "KamAZ"ı satıb, 7 uşaqlı ailə Gürcüstiana, oradan da Rusiyaya "qaçıb" və Rusiyada üç ay yaşayıb:

"Rusiyada olanda yoldaşım özünə "Facebook" açmışdı. Orada başımıza gələnləri yazmışdı. Azərbaycana qayıdandan sonra yoldaşımı Mingəçevir polisi apardı. Dedilər, hakimiyyət barədə paylaşdıqlarını silməlisən. Yoldaşım razı olmadı. Dedi, kirayədə yaşayıram, bir maşınım vardı, qoymadınız işləməyə, ailəmi dolandıra bilmirəm. Niyə silməliyəm?"

K. Hüseynova deyir ki, bundan sonra yoldaşı daha da irəliyə gedib, Bakıdakı mitinqlərə qatılıb. Nəticədə onu dəfələrlə Mingəçevir Polis Şöbəsinə aparıb, döyüblər, günlərlə həbs ediblər:

Bu yerdə bir qədər fasilə edək. Mingəçevir Polis İdarəsi K.Hüseynovanın dediklərini təkzib edir və onun ərinin saxlanmadığını, idarəyə dəvət olunmadığını deyir.

S.Hüseynovun Bakıda "on gün polisdə saxlanması" barədə deyilənləri də araşdırdıq. K.Hüseynovanın iddia etdiyi "saxlanma" günlərində onun əri Mingəçevirdə olub.

Hazırda Almaniyada yaşayan və deportasiyanı gözləyən K.Hüseynova "acı etiraf"larını davam etdirərək onu da vurğulayıb ki, ərindən sonra ona təzyiqlər başlayıb.

Buna görə Almaniyanın Azərbaycandakı səfirliyinə məktub yazıb, yardım və sığınacaq istəyib.

"Alınmadı. Ərim Almaniyada yaşayan bir nəfərlə Facebook-da tanış oldu, yazışdı. Həmin adam da yardım təklif etdi" söyləyən Könül Hüseynovanın sözlərinə görə, Almaniyaya yollanıb orada miqrasiya mərkəzinə yerlşəmələri 40 min manata başa gəlib", - K.Hüseynova deyib.

"Sənədlərimiz saxta idi"

"O pulu Ramin Hacılıya verdik. Dedi ki, 7 uşaqlı ailəni ondan başqa kimsə Azərbaycandan Almaniyaya çıxara bilməz. O, əvvəlcə ərim və üç uşağıma İtaliya vizaları yolladı. Ərim də ötən ilin aprelin 2-də o vizalarla Almaniyaya çatdı. Mənim və o biri uşaqların vizaları gecikdi. Mənə saxta sənədlər düzəltdilər. Sənədlərə görə, ərimlə mən Bakıda çox yüksək maaşlı işlərdə çalışırıq, uşaqlarım da yaxşı məktəblərdə oxuyurlar. Yəni biz imkanlı turist kimi Almaniyaya gedə bilərik. Ramin Hacılı bizə saxta sənədlər düzəltdi, o sənədlər əsasında da vizalar aldıq. Latviya vizaları ilə Almaniyaya yollandıq. Guya mənim Riqada xalaqızım var, o da bizi Latviyaya dəvət edir. Bütün saxta sənədləri Ramin Hacılı təşkil etmişdi", - K.Hüseynova söyləyib.

Onun sözlərinə görə, Almaniyanın Nürnberq şəhərindəki Miqrasiya Mərkəzinə məktub da yazıb: "Dedilər məktub alman dilində olmalıdı, özü də vəkil yazmalıdı. Məndə vəkilə verməyə pul yoxdu. Ona görə öz diliimizdə yazıb yolladım. Məktubu qəbul etdilər".

Könül Hüseynova indi Almaniya hökumətinin onları niyə deport etməsinin səbəbini anlaya bilmir. Deyir, səbəb də göstərmirlər:

"Polislər bizi deportasiya üçün aeroporta aparmağa gələndə yoldaşım mən çantaları hazırlayanadək damarlarını doğrayıb. İçəri girdim ki, qan qapının ağzınacan gəlib. Polislər də qapının ağzında idilər. Gecəni necə keçirdik, bilmirik. Tikiş qoydular, indi xəstəxanadadır".

Damarlarını kəsən Səbuhi Hüseynovun və ailəsinin deportasiyası qaçılmazdır.

Bunun çoxsaylı səbəbləri var.

Fırıldaq, saxtakarlıq, yalan

Azərbaycanı tərk edərək Almaniyaya yollanan və orada sığınacaq almaq istəyən vətəndaşlarımız siyasi sığınacaq ("Asylrecht") və ya siyasi qaçqın ("Flüchtling2) statusu almağa çalışırlar.

Fəqət onların tam əksəriyyəti bu statuslara yiyələnmək üçün saxtakarlıq və fırıldaqçılıq etdiklərindən Avropa Birliyi ölkələrində miqrantlara qarşı tətbiq olunan, azərbaycanlı mühacirlər arasında "Dublinə düşmək" kimi tanınan Dublin reqlamentinə məruz qalırlar.

"Dublin reqlamenti" (Dublin Regulation) və ya "Regulation No. 604/2013" kimi tanınan hüquqi prosedur Avropa Birliyi ölkələrinə tətbiq edilən şərtdir. Həmin şərt AB-nin "Seçim direktivi" (EU Qualification Directive) əsasında sığınacaq istəyən şəxslərin müraciətinə görə Avropa Birliyinin konkret olaraq hansı ölkəsinin məsuliyyət daşıdığını müəyyənləşdirir.

"Dublin reqlamenti"nə görə, əksər hallarda sığınacaq müraciətinə miqrantın Avropa Birliyinə qədəm basdığı ölkədə baxılmalıdır.

Bu səbəbdən də Almaniyaya yollanmaq üçün Avropa Birliyinin ən müxtəlif ölkələrinin vizalarını çeşidli yollarla əldə edən adamlara rəsmi Berlin rədd cavabı verir, onları ən yaxşı halda viza aldıqları ölkələrə yollayır, çox vaxtsa, sadəcə, "Readmissiya haqqında" saziş əsasında deportasiya edir.

Almaniyada belə "deport" olunaraq çarter aviareyslərlə Bakıya yola salınan başabəla "müxalifətçi", "siyasi təqiblərə məruz qalan" və s. şəxslər, əsasən, Berlin, Münhen, Düseldorf, Nürnberq, Bamberq, Valdsassen, Duysburq, Berqiş-Qladbah, Kürten, Hoff, Boholt, Sirndorf və Rede şəhərlərindəki miqrant mərkəzləri ilə düşərgələrinə sığınanlardır.

Deportasiyanın isteriya ilə qarşılanması halları da əsla yeni deyil. Azərbaycanlılar arasında özünəqəsd, polisə müqavimət və immiqrasiya xidmətinin əməkdaşlarının girov götürülməsi halları da baş verib.

Almaniyada sığınacaq almaq istəyənlərin qarşılaşdıqları ilk dövlət qurumu Federal Miqrasiya və Qaçqınlar İdarəsidir (Bundesamt für Migration und Flüchtlinge, BAMF).

Azərbaycanı tərk edərək Almaniyaya üz tutanlar məhz BAMF-ın çoxsaylı miqrant mərkəzlərindən və ya qaçqın düşərgələrindən (Erstaufnahmeeinrichtung) birinə yerləşdirilir.

Bundan sonra dərhal "Asylgesetz" qanunu əsasında "asyl", yəni "sığınacaq" müraciətinə baxılma proseduru başlanır.

BAMF-a üz tutanlar istəklərindən asılı olmayaraq mütləq şəkildə miqrant mərkəzində və ya qaçqın düşərgəsində yaşamalıdır.

Prosesin "ən yaxşı" sonluğu, təbii ki, sığınacaq alınmasıdır. Lakin miqrantlar "Subsidiär Schutzberechtigte" və ya "Ermessensduldung", yəni "Almaniyada yaşamağa məntiqi haqqı olan" statusu ilə də həvəslə razılaşırlar.

Deportasiya üçün real səbəb olmayanda, amma sığınacaq verilməsi üçün də səbəb tapılmayanda miqranta "Duldung" statusu verilir və o, ölkədən çıxarılmır.

"Meydan TV" çox istədi, alınmadı

Damarlarını doğrayan Səbuhi Hüseynovla bağlı konkret situasiya isə yumşaq desək, birmənalı təsir bağışlamır. Daha doğrusu, "Meydan TV"yə çıxaraq "başına gələn müsibət və zillət"lərdən bəhs edən Könül Hüseynova yalan danışır.

Əvvəla, onun "Almaniyaya məktub yolladım, Nürnbrenqdəki Miqrant Mərkəzi qəbul etdi" iddiası gülüncdür. Çünki Almaniyada heç bir (!) dövlət qurumu Azərbaycan vətəndaşlarından dilimizdə müraciətlər qəbul etmir, belə müraciətlərə baxmır.

Könül Hüseynova Almaniyaya yerləşəndən sonra indi "Meydan TV"yə çıxırsa, təbii ki, maraqlarını güdür: əks halda o və ya əri indiyədək heç olmasa bir dəfə bu "televiziya"da hansısa süjetdə görünər, ya da Almaniyadakı başabəla "müxalifətçi"lərin "aksiya"larına qatılardılar. Amma yox, yalnız deportasiya təhlükəsi reallaşanda belələri qəflətən hafizələrini təzələyir, "Azərbaycanda əzab çəkdikləri" barədə ağlayıb-sıtqayır, uydurmaları sıralayır, özlərini amansız təqiblərə məruz qalmış adamlar kimi cəmiyyətə sırımağa çalışırlar.

Necə ki, "Meydan TV" belə adamlardan "zavallı qəhrəman" obrazında istifadə edərək öz merkantil, əsla təmiz olmayan maraqlarının təminatına can atır.

Bundan başqa, Könül Hüseynovanın "Polis qarnımdan təpiklədi, ərimin sinəsinə qızmar bıçaq basdılar" tipli "açıqlamaları" da bütünlüklə yalandır. Ən azı ona görə ki, bunu təsdiqləyən, heç olmaya yalana şahidlik edən kimsə yoxdur. Almaniyada çoxsaylı fotolar çəkdirən Səbuhi Hüseynovun sinəsində də "bıçaq izi" görünmür.

Könül Hüseynovanın "Meydan TV"yə müsahibəsində yalanlar bir-biri sıralayır. Məsələn, o, Ramin Hacılının ailəsinə İtaliya vizası aldığını deyir. Halbuki İtaliyaya uzunamüddətli səfərə yollanmaq üçün Azərbaycan vətəndaşlarından bank hesabında ən azı 6 min avro pulunun olması tələb olunur. Əks halda viza almaq mümkün deyil.

Bununla yanaşı, K.Hüseynova aparıcının konkretləşdirici sualarının tam əksəriyyətinə "yadımda deyil", "üzdən görsəm, tanıyaram", "unutmuşam", "yadımda qalmayıb" cavablarını verir. Bununla da o, "Meydan TV"nin qurduğu ssenarini pozur, canlı yayıma çıxarılmış "zavallı, əzabkeş azərbaycanlı ana" obrazı əvəzinə nəyin bahasına olursa-olsun Almaniyada qalmaq istəyən saxtakar obrazı yaradır.

Əslində, K.Hüseynovanın başa düşmək olar. 7 uşaqlı miqrant ailəsinə Almaniyada ayda toplam olarpaq 2800 avro müavinət verilir. O məbləği əldən verməmək üçün "damarkəsmə" əməliyyatlarının sayının azalmaması niyə təəccüb doğramalıdı ki?!

K.Hüseynovanın bəhs etdiyi və saxta sənədlərin müqabilində 40 min manat verdiyi, "bizə vizaları o düzəltdi, bizi Almaniyaya o apardı" dediyi Ramin Hacılı Ümid Partiyasının sabiq sədr müavini, "Azərbaycan Avropa Hərəkatı"nın sədri, 35 yaşlı Ramin Rasim oğlu Hacılıdır.

"Siyasətçi", "müxalifətçi", "fəal"

Avropa Birliyi ölkələrində, xüsusilə də Skandinaviyada və Almaniyada sığınacaq almağa çalışan azərbaycanlılar arasında özlərini "siyasətçi", müxalifətçi", "siyasi fəal" kimi təqdim edənlərin sayı sürətlə artır.

Bu şəxslərin saxtakarlıqları barədə indiyədək dəfələrlə yazmışıq. Yenə də təkrar edirik: Almaniyaya sığınmağa çalışanların "təqiblərə məruz qalma" barədə yalanlarına artıq alman polislər, miqrasiya mütəxəssisləri də inanmırlar.

Çünki onlar mitinqlərdə çəkilən fotolar, polis idarələrində "işgəncə"lərlə bağlı iddiaların sayının artmasını sığınacağa iddialı insanın dedikləri və yazdıqları ilə, sonra da sənədlərlə və faktlarla müqayisə edəndə uyğunsuzluqları asanlıqla aşkarlayırlar.

Belədə sığınacaq "aşina"sı çıxış yolunu sosial şəbəkələrdə "kəskin müxalifətçi" obrazı yartamaqda görür, Azərbaycana qarşı "bloqer" fəaliyyətinə başlayır, "siyasi-ictimai fəal"a çevrilmək istəyir, bəlli fondlardan maliyyələşib konkret məqsədlərə kölə edilənlərin Avropa ölkələrindəki aksiyalarına qatılırlar.

Onlar həmin aksiyalarda plakatlarla durur, mütləq kameralara düşməyə can atırlar.

Sonra da sosial şəbəkələrdə "canlı yayım yapır", təhqir və söyüş mexanizmini işə salırlar.

Məqsəd primitivdir: bu məxluqat Almaniyanın BAMF-ına "dəlil" toplayır. Yəni adam, sən demə, "radikal müxalifətçi və siyasi fəal, üstəlik bloqer"dir, Azərbaycan hakimiyyətini təhqir edir, "cəsarətli"dir və bu səbəbdən də deportasiyası "arzuolunmaz nəticələr verə bilər".

Çox iyrənc "siyasət fəallığı"dır.

... Səbuhi və Könül Hüseynovlar "sosial şəbəkələrdəki paylaşımlarına görə təqiblər"ə məruz qaldıqlarını deyirlər. Bu şəxslərin profillərində siyasi motivasiyalı nəsə görən olubsa, xəbər eləsin...

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.