Siyasət

Azərbaycanda siyasi "meyit"lər dirilə bilər?

4 Fevral 2019 15:11
Baxış: 2 857

"Tülkü qocalmış idi,

Şikardan qalmış idi.

Ov keçmirdi əlinə,

Ət dəymirdi dilinə.

Həftələrlə qalıb ac,

Dolanırdı yalavac."

Abdulla Şaiqin "Tülkü həccə gedir" mənzum nağılı əfsuslar olsun ki, Azərbaycan siyasətinin müxalifət düşərgəsi üçün hələ də aktuallığını itirməyib. Nağılın az qala hər kəlməsi təhkiyəsiz, gerçək olaraq müxalifət "lider"lərinin bir parasının indiki yaşamına və sözlərinə sanki ayna tutur, zərgər dəqiqliyi ilə onları səciyyələndirir.

Bu mənzum nağıl əsasında 1971-ci ildə çəkilmiş məşhur cizgi filmini yəqin ki, çoxlarınız izləyib. İzləməyənlərin nəzərinə çatdırım ki, filmdə əvvəlki təki ova çıxa bilməyən, şikar tutmaq bacarığını itirən qoca tülkünün libasını dəyişərək əlinə təsbeh almasından, başına əmmamə qoyaraq "əməli-saleh"ə dönməsindən və kəndə varid olmasından bəhs olunur.

Toyuq-cücənin başını aldadıb, indiyədək tutduğu əməllərdən peşman olduğunu, həcc ziyarətinə hazırlaşdığını söyləyən tülkü onu ötürməyə gələn toyuq-cücə ilə birlikdə namaz qılarkən vəziyyətdən istifadə edib elə oradaca onları torbasına doldurur.

Və bu nağılda göydən üç alma düşmür, çünki aldananların, sadəlövhlərin başına yalanla biçarəlik daşı yağır.

Müxalifətin çarəsizliyi ilə bihudəliyinin daşı da ağır olduğundan onu qaldıra bilməyənlər zora düşməmək üçün "radikal alternativ" adlandırdıqları fərqli əməllərə qurşanırlar.

Məsələtün, daha çox pəhriz olan "qısamüddətli aclıq" təki.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov sən demə, yanvarın 31-dən aclığa başlayıb. Bu barədə, təbii, onun özü məlumat verib.

Bununla da o, Şirvanda, yəni Bakıdan 131 kilometr cənubda 16 yaşlı qızın, 10-cu sinif şagirdinin polisə çağırılmasına etiraz edir.

Həmidovun sözlərinə görə, yeniyetməni valideynlərinin və müəllimlərin iştirakı olmadan polis şöbəsinə aparıblar. Üstəlik, bu üç dəfə - yanvarın 20-də, sonra yanvarın 26 və 28-də baş verib.

"Polisdə ondan müxalifətlə birlikdə Şəhidlər Xiyabanına ziyarətdə iştirak etməsinin və Azərbaycan Xalq Hərəkatına qoşulmasının səbəblərini soruşublar" söyləyib hiddətlənən Həmidov, yəni qoca "Boz qurd" sonra buyurub: "Aclıq aksiyası fəallar tərəfindən növbə ilə keçiriləcək. Bizim aksiyamız ölüm aclığı deyil. Məqsədimiz diqqəti baş verən qanunsuzluğa yönəltmək, qanunsuzluğun aradan qaldırılması və günahkarların cəzalandırılmasıdır".

Bəri başdan xatırladaq ki, İsgəndər Həmidov 1992-93-cü illərdə Azərbaycanın daxili işlər naziri olub. 1995-ci ilin martında həbs edilərək 14 il müddətinə azadlıqdan məhrum olunub. Lakin 2004-cü ildə əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılıb. Azadlığa çıxdıqdan sonra Azərbaycan Milli Demokrat Partiyasını təsis edib.

Və bu ilin yanvarın 26-da bir qrup şəxslə birlikdə Azərbaycan Xalq Hərəkatının yaradıldığını elan edib.

Ölkə siyasətinin "canlı büt"lərinə çevrilmiş insanların 1990-cı illərin əhvalından və o dönəmdəki "mübarizə" aurasından qurtula bilmədikləri aydındır.

Geosiyasi düzənin dəyişməsindən, ifrat millətçiliklə "milli-demokrat"lıq pərdəsi altında gizlədilməyə çalışan fərdi ambisiyalar və qrup mənafelərinin toplusunun kütlənin istəklərinin qarşısında aciz qalmasından, müasir siyasi mübarizənin formalarının onillər əvvəlki metodlardan çox fərqlənməsindən bəhs etmək əbəsdir.

Nimdaş şüarlar, lümpenləşmiş ideyalar, barrikadalara çağırış ideologiyasından yemlənən "sonadək savaş" hayqırtıları - bütün bunlar indi sadəcə, vodevil təsiri bağışlayır.

Ki, yanvarın 19-da "Məhsul" stadionundakı mitinq də bütün qayəti ilə bunu dəqiq izah və sübut etdi.

Tribunaya çıxan AXCP sədri Əli Kərimli son illərdə ilk dəfə mitinqə toplaşanların say artımını seyr edərək ekstatik vəziyyətə düşmüşdü və bəlkə də elə buna görə batinini, xislətini göstərərək "Mən sonadək yanınızdayam!" dedi.

Halbuki siyasətçi, xüsusilə də liderlik iddiasındakı şəxs ətrafındakıları, ona inananları sona yox, qələbəyə aparmalıdır.

Əli Kərimli isə bəlkə ilk dəfə səmimi etiraf etdi: o və ətrafındakı "siyasətçilər" inasnları, sadəlövhlük edərək bu şəxslərin yenidən nəyəsə qadir olduqlarını düşünənləri yalnız və yalnız sona apara bilərlər.

Yanvarın 19-dakı mitinq həm də Zviad Qamsaxurdiya, Əbülfəz Elçibəy, Caba İoseliani, Kazimira Prunskene, Anatoli Sobçak, Algirdas Brazauskas və Boris Yeltsinin müasirləri olmuş siyasətçilərin son 15 ildə ilk "uğur"u idi.

Özü də bu mikroskopik uğur onları elə vəcdə gətirib ki, yerli müxalifət liderləri az qala maniakal eyforiyaya qapılıblar.

Halbuki Əli Kərimli, Cəmil Həsənli, Pənah Hüseyn, İsgəndər Həmidov və başqalarının siyasətdəki ulduzları sönəndə Coan Roulinq "Harri Potter"in macəralarını, Con Qrişem "Firma"nı, Haruki Murakami "Burulan quşun xronikaları"nı, Çak Palanik "Döyüş klubu"nu, Cor Martin "Taxtlar oyunu"nu, Vladimir Sorokin "Mavi piy"i, habelə Filip Rot, Con İrvinq, Terri Pratçett, Boris Akunin, Bernar Verber onları dünyaca məşhurlaşdıran əsərlərini yazmamışdılar.

Mark Zukerberq Facebook-u ixtira etməmişdi, YouTube və Twitter yoxdu, İnstagram-da indi foto paylaşanların ən böyük arzusu "Polaroid" fotoaparatı idi və pulu olmayanlar CD disklərin "babası" vallarlarla bobinli maqnitafonlarda, pullular da "kaset gəmirən" maqnitofonlarda mahnılara qulaq asırdılar.

Həmin "tüklü, mamırlı" dövrlərdən qalma siyasətçilər indi siyasətin şibyəli formatını "kəşf" ediblər.

Sən demə, bütün zamanlarda və yerlərdə etirazın ən sərt, riskli forması olan aclıq aksiyası da növbəli olurmuş. Belə ki, ölüm aclığına artıq hacət yox: yetər ki, bir gün, bir neçə saat, hətta bir saat qidadan (sudan yox ha) imtina et, bu əməlin də adını qoy "siyasi etiraz aksiyası", kütləyə təhvil ver, sosial şəbəkələrdə vaveyla prosesinə başla və binqo - "hakimiyyətə təsir mexanizmi"nin yenisi hazırdır.

Bu insanlar hələ də anlamırlar və anlaya bilmirlər ki, müxalifətin sosial bazası ilə narazı elektorat anlayışı tam fərqli məsələlərdir.

Kateqoriyaları bilərəkdən qarışdıranlar - onların aralarında AXCP sədri Əli Kərimli ilə "Milli Şura" şapitosunun ağsaqqalı Cəmil Həsənli xüsusilə seçilirlər - iki siyasi kateqoriyanı miks edərək uğurlu fəaliyyət göstərdikləri barədə illüziya yaradırlar.

İsgəndər Həmidov da "Azərbaycan Xalq Hərəkatı" adlı absurd təşkilatın yarandığını bəyan etməklə həmin dəstəyə qatılıb.

Cənabların nəzərinə çatdırmaq istərdim ki, istənilən ölkədə və cəmiyyətdə narazı elektorat həmişə olub, var.

Fransada bu insanlar "sarı jiletlilər"ə dönərək küçələrə çıxır, ABŞ-da Donald Trampın istefasını tələb edir, Britaniyada "breksit"ə qarşı mitinqlər təşkil edir, İtaliyada sosial tələblər irəli sürür, Kanadada baş nazir Trüdonun istefasını istəyir, Almaniyada kansler Merkelin siyasətini nifrətlə tənqid edirlər.

Azərbaycanda da təbii ki, hakimiyyətin və hökumətin siyasətindən narazılar var. Bu, tam təbii, normal məsələdir.

Fəqət, ölkədəki narazı elektorat heç də seçkilərdə səslərini müxalifətə verməyə hazır, mitinqçiliyi dəstəkləyəcək adamlar deyillər.

Onlar bütün başqa ölkələrdə olduğu təki siyasi mövqelərini tam yəqinləşdirməyən, düşərgələr arasında ləngər vuran, "bundan da pis olmayacaq ki" düşünərək ən pislə pis arasında seçim etdiyini düşünənlərdir.

Ölkədəki müxalifət düşərgəsinin ümumən və radikallaşma mərəzinə tutulmuş "lider"lərin ələlxüsus bəyanatlarının tam əksi isə budur ki, protest elektoratı onların siyasi, yaxud sosial bazası deyil.

Həmin elektorat bütün seçkilərdə hakimiyyəti dəstəkləyir.

Hər çıxışında "Xalq oyanıb, inqilab ərəfəsindəyik!" deyərək bu ifadələrinə kimlərisə inandırmağa çalışanlar əla başa düşürlər ki, onları dəstəkləyən protest elektorat heç zaman dayanıqlı, səbatlı sosial bazaya dönən deyil.

Məhz bu səbəbdən AXCP sədri Əli Kərimli Facebook sakininə dönərək aramsız statuslar paylaşır, canlı yayımlar edir, müsahibələr verir; "Milli Şura" sədri Cəmil Həsənli "bəsdürün, saxloun" məhvərli çağırışlarla məşğul olur; Müsavatın təsərrüfat müdiri Arif Hacılı siyasətin anlaqsız variasiyasını ortaya qoyur, İsgəndər Həmidov isə "diriliş" üçün vurnuxur.

Kunstakmera sakinlərinin siyasətləri naqislik səviyyəsində yanlış olsa da, onlar inad və qətiyyətlə işlərinə davam edirlər. Ki, bu prosesdə maddi maraqlar, daha doğrusu, merkantil duyğular əsla istisna deyil.

"Böyük siyasətə böyük qayıdış" arzusunda olan İsgəndər Həmidovun yanvarın 19-da "Məhsul" stadionundakı çıxışı, onun AXCP sədri Əli Kərimlinin yanında durması sanki vizual vinetkaya dönmüş "Tanış üzlər, tanış səslər" verilişinin yeni çəkilişinin canlı izlənməsi idi.

Bir Nemət Pənahlı çatışmırdı, o da özünü yetirmişdi Əli Kərimlinin Şəhidlər Xiyabanına yanvarın 20-dəki "yürüş" tragikomediyasına.

"Siyasi meyitlərin xortlaması"na bənzəyən "Azərbaycan Xalq Hərəkatı"nın təsis bəyanatı son ayların bəlkə də ən komik, ən maraqlı hadisəsidir.

Bir çayın suyuna iki dəfə girməyə çalışanlar Platonu belə, utandıracaq qətiyyətlə buyururlar ki, bəli, XX (lütfən, bir para müxalifət "xurşid"ləri bunu "iks iks" kimi oxumasın) əsrin sonlarının proseslərini XXI əsrdə də təkarlamaq olar.

Axar çayın suyu təki həyatda heç nə təkrarlanmır. Təkrarlanma illüziyası isə sadəcə, tragifars olur.

İsgəndər Həmidov istədiyi qədər aclıq edə bilər.

Amma bilsin ki, "növbəli aclıq" təki ucuzlaşdırılan belə aclıq aksiyası siyasi toxluq effekti yaratmır və siyasətə ziyarətin yeni üsulu da deyil.

Abdulla Şaiqin nağılının bu işlərə birbaşa dəxli olmasa da...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.