Siyasət

Məğlubların Novxanı zavalı: yenə və yenidən...

31 Yanvar 2019 17:42
Baxış: 3 784

Azərbaycan müxalifətində özünü lider sayanların davranışında məntiq axtarmaq mənasız işdir. Bu iş sizi yora bilər. Çünki aranan o, məntiq yoxdur. Nə baş verirsə - realdır. Baş verməsinə ümid etdiyiniz, yaşanacağını gözlədiyinizsə - real deyil. Azərbaycandakı vəziyyət, yaşamınız yox, öz dəyərlər sisteminiz və gözləntiləriniz sizi pərişan edəcək. Problem bizdə və ya siyasətdə yox, siyasətdə olduqlarını düşünən insanların davranışlarına hələ də inanan insanların növbəti dəfə aldanmalarını asanlıqla həzm etməsindədir.

... "Əziz Rəsulzadə sevərlər, Azərbaycanın gerçək milli liderinin 135-ci doğum gününü Milli Şura olaraq 31 yanvar saat 13:00-da, doğulduğu Novxanı kəndində, yeganə heykəlinin qarşısında qeyd edəcəyik. Siz də gəlin, bu böyük şəxsiyyətə ehtiramımızı birlikdə ifadə edək".

Sanki, əyalət teatrındakı yeni tamaşanın afişası kimi tərtib olunmuş bu "dəvəti-çağırış"ın ilk kəlmələrinə fikir verin. Qrammatik və üslub qaydalarının zəlil qaldığı çağırışda AXCP-nin sədri, özünü ölkənin yeni pənah vəsiləsinin daşıyıcısı və az qala etatik xilası hesab edən Əli Kərimli üçün yanvarın 31-dəki aksiya "Rəsulzadə sevərlər"in toplantısı, ən yaxşı halda yürüşü deməkdir.

AXCP sədri Rəsulzadənin kim olduğunu oxuyub və sosial şəbəkədə bitmək bilməyən virtual moizələrində də ona istinad etməyi də unutmur. 

Bu, AXCP sədri Əli Kərimlinin Facebook səhifəsində təqibçilərinə, daha doğrusu, tərəfdarlarına, "lider"lik etdiyi partiyanın üzvlərinə, mitinq aşinalarına, yığıntı pərəstişkarlarına və ümumiyyətlə, "Azərbaycanda hər şey pisdir  - nicat Əli bəydir!" düşünənlərin patogen davranışlı fərdlər olması ilə bağlı "lidercik"in aşağılayıcı düşüncəsidir.

Rəsulzadə emosional və ya psixodelik nəsnə deyil - siyasətçidir, Demokratik Cumhuriyyətin banilərindən biri olan möhtərəm şəxsiyyətdir. Hamımız üçün belədir.

Əli Kərimli və onun yanında addımlayan "Milli Şura" kepkalısı, tarixçi-professor, həm də 3 çağırış millət vəkili olandan sonra qəflətən millətin vəkilliyi statusunu özünə zəiflik sanıb prezidentlik ambisiyalarına qapılan Cəmil Həsənli üçün belə deyil.

Novxanıya yollanan, İslam dini ilə pərdələnib Əli Kərimlinin vədlərinə inandıqlarını göstərməyə çalışan, əslindəsə AXCP və "Milli Şura" ilə müttəfiqlik vasitəsilə dünyəvilik görüntüsü əldə etməyə çalışan "islamçılar" üçün də çətin, belə olsun.

Onlar üçün bu gün Rəsulzadə, sadəcə, toplantı səbəbkarı, yürüş vəsiləsi, hakimiyyətin ünvanına hədələr və nifrinlər yağdırmağa "məntiqli" dəstəvuzdur.

Halbuki yanvarın 19-da Yasamaldakı "Məhsul" stadionuna 2800 nəfəri - yaxşı, radikalların qəlbini qırmamaq üçün 280 min yazaq, onsuz da kəmiyyət heç zaman keyfiyyət olmayıb - zorla toplayan AXCP,  Müsavat və "Milli Şura" Novxanıdakı bugünkü "ralli"si Əli Kərimli-Cəmil Zəsənli duetinin siyasi liliputluğunu, cılızlığını ortaya qoydu.

Bu, əsl siyasi rüsvayçılıq sayıla bilər və səbəblər az deyil.

Ən başlıca səbəb o ki, Əli Kərimli ilə bahəm, "Meydan TV" və xarici ölkələrə sığınıb və sğıınacaq üçün yaxalarına qəsəm edənlər, "müstəqil" olduqlarını deyib akvarium balığı azadlığından qətiyyətlərini ərşə dayadanlar tam 10 gündü ki, sosial şəbəkələrdə "səfərbərlik"lə məşğuldular.

Onlar yanvarın 31-də Novxanıda "möhtəşəm aksiya" düzənləyəcəklərini, oraya on minlərlə "Rəsulzadə sevər"in toplaşacağını deyirdilər.

Halbuki bu gün Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə vur-tut 288 nəfər vardı.

Bir az da konkret olaq. İlk əvvəl AXCP sədri Əli Kərimli və "Milli Şura"nın isterik lideri, özünə müxalifətə başlamış müxalifətin lisenziyalı "Dədə Qorqud"una döndərilmiş Cəmil Həsənli şəstlə gəldilər.

Onların ətrafında 100 nəfər olardı, ya yox.

Bir qədər keçdi, Azərbaycan Xalq Partiyasının sədri, psevdoanalitik açıqlamaları ilə müxalifətdəki rəqiblərini belə, pərişanlıqla susmağa vadar edən Pənah Hüseyn yanındakı üç nəfərlə buyurdu. "Milli şura" rəhbərliyi heykəlin yanına 100 nəfərdən bir az artıq adamla gəlib.

Digər "möhtəşəm siyasətçilər" və "lider"lər yürüşə təkbaşına qatılmaq məcburiyyətində qalmışdılar. Həmin siyasət tifilləri arasıda mimikriya ustası Gültəkin Hacıbəyli də vardı.

Tam bir miskinlik, acizənəlik və zavallılıq mənzərəsi.

Tam on gündür sosial şəbəkələrdə az qala akrobatik hərəkətlər icra edərək "milyonların dəstəyi"indən bəhs edən, "Xalq oyanıb!" yazıb "emocilər" sıralamasında "Hurrey!" arayan, tapmayanda ruhdan düşməyib səfdaşlarını "layklayanlar" vəcdə gəlmişdilər.

Bəs nə - Novxanını indiyədək misli görünməmiş siyasi aksiya gözləyirdi, sən demə.

Əslində isə  aksiyanın "animator"luğunu Əli Kərimli etdiyindən, onun yanvarın 20-də Şəhidlər Xiyabanında reallaşdırdığı "say artırma" cəhdinin yenidən təkrarlanacağı, sosial şəbəkələrdə sonradan "mənimlə gələn on minlərlə insanın qarşısını belə aldılar" tipli əl-qol ölçməli izahatlar bugünkü yürüşün nə olacağını tam təxminləməyə imkan verirdi.

Tamam, gərçi Əli Kərimli belə "lider"dirsə, bəs onda nədən Novxanıya on minlərlə insan axışmadı?! Bu insan seli olsaydı, vətəndaşlarımızın qarşısını kim kəsə bilərdi ki?!

Və ya ötənilki, inişilki "Novxanı yürüş"lərində həmin sayda iştirakçı olub?!

Olmayıb və AXCP, Müsavat və "Milli Şura" təki kvazipartiyaların yeni açıqlamaları ilə bəyanatları ən yaxşı halda illüziyalarla arzular toplusu idi.

Effektiv siyasət, real müxalifətçilik belə olmur, cənablar.

Struktur islahatları çərçivəsində qəbul edilmiş son qərarları isə 19 yanvar mitinqinin "effekti" kimi dəyərləndirmək isə, ümumiyyətlə, siyasi şarlatanlıqdır.

Halbuki Azərbaycanın gerçək, normal müxalifətə ciddi ehtiyacı var.

Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli, Nurəddin Məmmədli, Gültəkin Hacıbəyli təki uğursuz, nüfuzlarını tamamən itirmiş, reallıqla virtuallığı səhv salmış zatlar olmadan.

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.