Siyasət

Mehmana görə Azərbaycana qarşı ayağa qalxan Avropa Yeqizaryanın ölümünə susur

29 Yanvar 2019 07:00
Baxış: 3 713

"Avropa təşkilatları Azərbaycana qarşı münasibətdə qərəzli və ikili standartlardan yanaşırlar".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi, Avropa Şurası Parlament Assambelyasının qış sessiyasından yenicə qayıtmış Çingiz Qənizadə bildirib.

Millət vəkilinin sözlərinə görə, Avropa təşkilatları Ermənistanda siyasi məhbus Mqer Yeqiazaryanın aclıq etməsi və nəticədə ölməsi faktına laqeyd yanaşdığı halda Azərbaycanda olmayan şeyi şişirdib təzyiq göstərməyə çalışır:

"Ermənistanda siyasi məhbus Mger Yeqiazaryanın aclıq aksiyası keçirməsi ilə bağlı istər AŞPA-nın istər Hüquq Məsələləri və İnsan Haqları Komitəsində, istər digər qrup iclaslarında, istərsə də plenar iclasda heç bir məsələ qaldırılmadı. Sanki belə bir adamın varlığı və ya yoxluğu, onun bu cür addım atması Avropanın belə bir qurumu və digər Avropa təşkilatlarını maraqlandırmırdı. Onlar bu məsələnin üstündən çox laqeyd formada keçdilər. Avropa Şurasının üzvü olan Ermənistanda siyasi məhbusun bu cür addımın atması və hətta bunun acı sonluqla başa çatmasına heç bir münasibət bildirilmədi. Amma Azərbaycanda bloqer Mehman Hüseynovun 1-2 günlük aclıq etməsi Avropanın demək olar ki, bütün siyasi auditoriyalarında müzakirə predmetinə çevrildi. Mehmana görə Azərbaycana qarşı ayağa qalxan Avropa siyasi məhbus Yeqiazaryanın öldüyü Ermənistana heç nə demədi. Bu o deməkdir ki, Avropa təşkilatları Azərbaycana qarşı münasibətdə qərəzli və ikili standartlardan yanaşırlar".


Ç.Qənizadə qeyd edib ki, yəqin ki bu məsələlər AŞPA-nın növbəti iclaslarında Azərbaycan nümayəndə heyəti tərəfindən qaldırılacaq: "Çünki Mehman Hüseynov hətta aclıq aksiyasını dayandırdıqdan sonra belə AŞ Azərbaycana qarşı hərəkətlərini dayandırmırdı. Niyə görə onlar Azərbaycana qarşı bu cür addım atdıqları halda, həqiqətən aclıq aksiyası keçirilən və sonluqda da ölümlə nəticələnən hadisənin baş verdiyi digər ölkə Ermənistanla bağlı məsələni müzakirə etmək istəmirlər?! Əslində, bütün bunlar bizim dediklərimizi bir daha sübit edir ki, Avropa təşkilatlarının Azərbaycana qarşı münasibətləri ikili və qərəzli münasibətlərə söykənir".

O, qeyd edib ki, bu məsələ Azərbaycana qarşı daha sərt və qərəzli mövqe tutan Avropa Parlamenti ilə də müzakirəyə çıxalacaq: "Eyni sözləri Avropa Parlamenti ilə də bağlı demək olar. Azərbaycana qarşı ən sərt mövqe tutan qurum məhz AP-dir. Mən də AP ilə Əməkdaşlıq Komitəsinin üzvüyəm. Yəqin ki, biz bu günlərdə Avropa təşkilatları, o cümlədən AP ilə bağlı bəzi işlər görəcəyik. Hesab edirəm ki, Ermənistanda nələrin və niyə baş verməsi məsələləri mütləq müzakirə predmeti olmalıdır!"

Qeyd edək ki, "Erməni qartalları - vahid Ermənistan" təşkilatının sədr müavini, haynews.am saytına məsul şəxs - siyasi məhbus Mqer Yeqiazaryan həbsxanada elan etdiyi aclıq aksiyası nəticəsində ölüb. 51 yaşlı məhbus cəza çəkdiyi "Nubarasen" həbsxanasında dünyasını dəyişib. Məlumata görə, Yegiazaryan ötən ilin 5 dekabr tarixində aclıq aksiyasına başlamışdı. O, 2018-ci ilin dekabr ayında dələduzluq və hərbçilərdən pul almaq ittihamı ilə həbs edilmişdi.

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.