Siyasət

SürREAL İlqar Məmmədov: özünü xəcil edən "ağıl sahibi"

28 Yanvar 2019 14:02
Baxış: 7 011

Uinston Çörçilin müdrik kəlamlarından biri qarşılaşdığı siyasətçilərlə bağlı idi.

"Siyaətçi var ki, onu həbsdə olanda müdafiə edirsən, amma həmin adam azadlığa çıxanda anlayırsan ki, şüuru hələ də dəmir barmaqlıqlar arasındadır, azad insan kimi düşünməyi bacarmır".

Azərbaycanda indi üzvlərinin sayına görə ən kiçik partiyalardan biri, sadəcə, Əhməd Orucun "Azadlıq" və Vaqif Hacıbəylinin "Əhrar" partiyaları ilə "möhtəşəmlik rəqabəti" aparan Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov həbsdə olanda onun azad edilməsi uğrunda "beynəlxalq kampaniya" aparılırdı. Kampaniya adlanan bu müziklin təşkilatçıları REAL-ın müdirini az qala Azərbaycan müxalifətinin lideri, ölkəmizin Nelson Mandelası kimi təqdim edirdilər.

Vədə bitdi, İlqar Məmmədov azadlığa çıxdı.

Və məlum oldu ki, REAL-ın müdiri daxildəki tərəfdarları ilə xaricdəki hamilərinin ümidlərini doğruldacaq insan deyil.

Tam əksinə, onun xarizmadan çox uzaq, gerçək siyasi mübarizədən daha çox sosial şəbəkələrdə virtual siyasətfüruşluğu sevən, ritorikası zəif, natiqlik qabiliyyətindən xali, ən başlıcası isə, müavinlərindən fərqli olaraq məntiqlə əlbayaxaya girən şəxs olduğu aydın oldu.

İlqar Məmmədov indiyədək yalnız, birmənalı olmayan açıqlamaları və hətta ən sadiq, azsaylı tərəfdarlarında belə, qıcıq yaradan "müdrik bəyan"ları ilə yadda qalıb.

1993-cü ildə Moskva Dövlət Universitetinin tarix fakultəsini bitirərək politologiya üzrə bakalavr olan İlqar Məmmədov 1997-ci ildə Macarıstanın paytaxtı Budapeştdəki Mərkəzi Avropa Universitetini (Közep Europai Egyetem, KEE) başa vurub.

Corc Sorosun maliyyələşdirdiyi KEE-ni bitirən İlqar Məmmədov "Sorosun kadrı" kimi tanınırdı. Məhz bu səbəbdən o, 2006-2010-cu illərdə amerikalı milyarder, "rəngli inqilablar"ı maliyyələşdirən Corc Sorosun "Açıq Cəmiyyət İnstitutu"nun Azərbaycandakı bölməsi olan "Soros Fondu-Azərbaycan"a rəhbərlik etmişdi.

İlqar Məmmədov tarixçi, politoloq və eyni zamanda, seçki prosesinin riyazi təhlilini bacaran mütəxəssis olduğunu vurğulayır. O, parlament seçkilərinin nəticələrinin riyazi analiz metodunun müəllifi olduğunu da deyir.

Amma səd heyf, dediklərini və yazdıqlarını təhlil etməyi bacarmır.

İş o yerə çatıb ki, hətta Vaqif Hacıbəyli təki, siyasətin incəliklərindən çox uzaq bir şəxs İlqar Məmmədovla müqayisədə az qala Spinoza təsiri bağışlayır.

Gərçi V.Hacıbəyli 2013-cü ilin noyabrın 13-də "Milli Şura" adlı marionetka qurumun toplantısında Rüstəm İbrahimbəyovdan danışanda "Deyir ki, ağır məhrumiyyətlər bahasına olsa belə, Milli Şuraya rəhbərliyi qəbul edərəm... Biz tərəflərdə belə şeylərə "hətərən-pətərən" danışmaq deyirlər... Deyirəm yadınızda qalsın, bu da bizə təzə bir paz olmasa yaxşıdı..." söyləyərək sosial həbəkələrdə lağlağı obyektinə çevrilmişdisə, İlqar Məmmədov yeni "rekord"lar vurur.

Məsələn, REAL Partiyasının sədri İlqar Məmmədov Facebook-dakı statuslarından birində xalqı təhqir etmişdi. O, yaranmış reaksiyanı görəndən sonra pərt olaraq sildiyi statusunda yazmışdı: "Şimali Koreyada insan haqları problemi bilirsiz nədən ibarətdir? Orada siyasi məhbus problemi bizdəki formada yoxdur. Doğrudan da ağlı başında olan adam artıq onilliklərdir ki, müxalifətçilik etməz, başını aşağı salıb bir parça çörəyini yeyər. Şimali Koreyada problem başqadır: polis küçədə qəşəng qadın görəndə aparır özü ilə əylənməyə. Cürətin var, etiraz elə! Azərbaycan kütləvi qorxu atmosferi baxımından daha da sürətlə koreyalaşır deyə cinsi ehtiyacları yüksək olan gənc oğlanlara indidən polisə yazılmağı tövsiyə edərdim, gözəl qadınlara isə ölkəni tezliklə tərk etməyi. Ya da gəlin qarşıdan gələn seçkidə YAP-ı darmadağın edək, şimali-koreyalaşmayaq".

REAL üzvləri "bunu İlqar Məmmədov yazmayıb" deyərək "lider"lərini müdafiə etməyə çalışsalar da, onların səyləri puça getmişdi.

Nədən ki, İ.Məmmədov absurd statuslar istehsalında dayanmaq bilmirdi.

Məsələn, o, ReAl-ın son toplantısında qəbul olunan yeni Etik Kodeksdən bəhs edərkən bildirib ki, bundan belə partiyaya sadəcə, mühacirət edərək sığınacaq almaq üçün üzv olmağa çalışanların qarşısı alınacaq.

Beləcə, İ.Məmmədov etiraf edib ki, ölkədəki müxalif siyasi partiyalar üzvlərinin tam əksəriyyəti üçün sırf merkantil məqsədlərə görə maraqlıdır.

Həmin maraqlar arasında xaricdə sığınacaq almaq xüsusi yer tutur.

Mitinqlərə qatılmaq istəməyən və tərəfdarlarına da "Mitinqə bir də haçan çıxaq - bunu mən sizə deyəcəyəm" mesajını ünvanlayan İlqar Məmmədovun yanvarın 19-da "Məhsul" stadionundakı mitinq yığnağında tribunada AXCP sədri Əli Kərimlinin yanında durması nonsens idi?

Bəlkə onun sözləri güclə bir-birinə qataraq nə isə deməyə çalışması virtual illüziya idi?!

Yox. İlqar Məmmədov mitinqə qatıldı, amma hətta radikallaşmış müxalifətçilərin belə, onu siyasətçi kimi qəbul etmədiyini dərk etdi.

Etməyibsə, onda mitinqin videolarına yenidən baxsın və xüsusilə də Əli Kərimlinin onu ironiya ilə süzdüyü anlara diqqət yetirsin.

Sanki məntiq və reallıqlla mübarizəyə başlamış REAL sədri bu gün daha bir "şedevr"i Facebook-dakı səhifəsində paylaşıb.

O, Azərbaycan hakimiyyətini Ermənistanda həbsxanada aclıq edən və dünyasını dəyişən Mher Yegtiazaryanın ölümündən faydalanmaq cəhdində (!) suçlayıb.

"Erməni qartalları - Vahid Ermənistan" təşkilatının sədr müavini, Haynews.am saytının məsul katibi Mher Yegiazaryanın İrəvandakı "Nubaraşen" islah-əmək müəssisəsində, yəni həbsxanasında ölümü adi hadisə deyil.

M.Yegiazaryan ötən ilin dekabrında hərbçilərdən fırıldaqçılıqla pul tələb etməkdə suçlanmış, həbs olunmuşdu. İstintaqın yaydığı məlumata görə, 2014-cü ilin fevralından 2018-ci ilin oktyabrına qədər M.Yegiazaryan bir qrup hərbçiyə yeni vəzifələr və "rütbə irəliləyişi" vədləri verərək, onlardan külli miqdarda pul alıbmış.

Tələb olunan məbləğlər 180 min dramdan, yəni 370 dollardan başlayaraq 10 min dollara qədər artırmış.

"Armvodkanal"da çalışmış M.Yegiazaryan ötən ilin dekabrın 4-də aclıq elan etmişdi. Bu ilin yanvarın 17-də aclığı dayandırdığı deyilən M.Yegiazaryanın durumu dünən qəflətən kəskin pisləşib. Həkimlərin dediklərinə görə, o, miokard infarktından keçinib.

Bu, rəsmi açıqlamalardır.

Mərhumun oğlu Vazgen Yegiazaryan isə atasının ölümünün səbəbinin keçirdiyi aclıq aksiyası olduğunu yazıb, ölümdə bilavasitə baş nazir Nikol Paşinyanı suçlayıb.

Vazgen Yegiazaryan Facebook-dakı səhifəsində yazıb:

"Son dəfə atamı məhkəmədə, dekabrın 5-də gördüm. Onu "Nubaraşen" həbsxanasına yollamağa hazırlaşdılar. Cəmi bir neçə dəqiqə danışdıq. Atama yalvardım ki, aclıq aksiyasını dayandırsın.

Amma atam mənə qulaq asmadı. Sonra mən, ailə üzvlərim, dostlarımız deputatlara üz tutduq ki, atama zamin dursunlar, məhkəmə əmin olsun ki, atam istintaqdan yayınmayacaq, çağırış alan kimi istintaqa gedəcək və ibtidai istintaqın gedişatına mane olmayacaq. Bəlkə deputatlar atama qarşı irəli sürülmüş saxta, əsassız ittihamların siyasi motivli olduqlarını bildiklərindən bizdən mümkün qədər uzaq durmağa çalışdılar.  İndisə həmin adamlar çıxışlar edir, atamın ölümünə laqeydlikləri və fəaliyyətsizlikləri ilə səbəb olmuş şəxslər məsuliyyətə cəlb olunsunlar. Atamın ölümündən yararlanıb reytinq qazanmağa cəhd göstərməyin! "Şəfqət" və "humanizm"inin səviyyəsinə çoxdan bələdik!"

Baş nazir Nikol Paşinyana üz tuturam! Atamla bağlı istintaqa müdaxiləniz var, amma bu barədə yəqin ki, heç vaxt dəqiq bilməyəcəyik. "Nə olursa-olsun, bu insanı həbsxanaya basmaq lazımdır" prinsipi ilə hərəkət edibsinizsə, qardaşım və anamla birlikdə çəkdiklərimizi arvadınızla oğlunuzun çəkməsini istəyirəm. Unutmayın ki, atamın ölümünə baiskarlar birbaşa sizə tabe olmasalar da, vəzifənizə, kreslonuza tabedir. O kreslo bu gün sizdədir, sabah isə..."

Göründüyü kimi, Mher Yegiazharyan gerçəkdən də, siyasi motivlərə görə həbs olunub və siyasi məhbus kimi cəza çəkib. Onun ölümü də bilavasitə keçirdiyi aclıq aksiyası ilə bağlıdır.

Rəsmi Bakını bu ölümdən yararlanmaq cəhdində ittiham etməksə absurddur və yalnız irreallığa qovuşan REAL sədrinin məntiqinə uyğundur.

Bizi isə başqa məqam maraqlandırır.

Gənc bloqer Mehman Hüseynovun "aclıq" aksiyasını az qala faciəvi akt kimi təqdim edən yerli "hüquq müdafiəçi"ləri və müxalifət siyasətçiləri erməni siyasətçinin ölümü ilə bağlı niyə susurlar?

M.Hüseynovla bağlı tələsik toplantı keçirib Azərbaycan əleyhinə marazmatik qətnamə qəbul edən Avropa Parlamenti nədən Ermənistanda insan haqlarının addımbaşı pozulmasını, həbsxanalarda keçirilən aclıq aksiyalarını, həmin aksiyalardan birinin ölümlə bitməsini görmək istəmir?

M.Hüseynovla bağlı durumda aramsız bəyanatlar yayan Qərb siyasətçiləri əcəba, M.Yegiazaryanın ölümə vadar olunmasını anlasalar da, sükutlarını davam etdirəcəklərmi?

Sükutdur. Avropa Parlamenti, "Amnesty İnternational", "Human Rights" susurlar, Vaşinqtonda mətbuat konfransları keçirilmir, Mherin ölümünün sifarişçilərinin və bu sifarişi yerinə yetirənlərin aşkarlanıb cəzalandırılmsı tələb olunmur.

Bu isə artıq ikili standartlar deyil, çünki o standartlar çoxdan məhv edilib və yerini maraqların təminatına verib.

REAL sədri İlqar Məmmədovsa həmin təminat əməliyatlarında ya qəsdən, ya da sadəlövhlükdən iştirak edir.

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.