Siyasət

"Söyüş maşını" niyə susdurulmur? Bakı, hələ ki, gözləyir

24 Yanvar 2019 11:01
Baxış: 4 286

Milli.Az Elçin Alıoğlunun "Medium"dakı bloqunda dərc olunmuş yazını təqdim edir
 

"Azərbaycanda inqilabi situasiya yetişir!", "Mitinqlərə qatılın, sonra yürüş edək, onları devirək!", "Onları ölüm gözləyir"

Vidadi İsgəndərli, Orduxan Bağırov, Məhəmməd Mirzəli, Emin Milli, Emin Hüseynov, Tural Sadıqov, Sevinc Osmanqızı, Meydan TV-nin bir sıra əməkdaşları, habelə kimlər, kimlər... Bu adamlar istisnasız olaraq, hər gün sosial şəbəkələrdə, xüsusilə də YouTube və Facebook-da Azərbaycanın mövcud hakimiyyətinə, məmurlara, siyasətçilərə, ictimai xadimlərə hədələr, təhdidlər yağdırırlar.

Onlar özlərini "siyasi fəal" adlandırırlar. Aralarında "müstəqil araşdırmaçı jurnalist", "hüquq müdafiəçisi" kimi özünü tanıtdırmağa çalışanlar da mövcuddur.

Söyüş, təhqir, nifrin ritorikasını seçən, amma hər biri ayrı-ayrılıqda "mən söymürəm, hakimiyyət bizi söyür" deyən bu adamlar az sonra ilkin açıqlamalarını yaddan çıxarır, "onlar başladılar söyməyə - söyməsinlər, söyməyək" deyirlər.

Onlar özlərini demokrat, müxalifətçi sayır, virtual aləmdəki çıxışlarında az qala kəlməbaşı "mənim xalqım" deyirlər.

Azərbaycanda problemlərin, çətinliklərin olduğunu kimsə danmır. Vətəndaşları mitinqlərə, yürüşlərə, etiraz aksiyalarına çağırmaq da sivil cəmiyyətdə normal haldır. Hakimiyyətə müxalifətdə olmağa görə də kimsə təqib olunmamalıdır və oluna da bilməz. Fəqət, bütün bunlar ölkədə qanlı iğtişaşlara, vətəndaş müharibəsinə, qiyam və üsyanlara, qisasa, işgəncələrə çağırışlara haqq qazandıra bilməz.

Siyasi mübarizə sivil çərçivədə, əxlaqlı, qanunlara uyğun aparılmalı, kiberbullinq olmamalıdır.

Qanunu bəyənmək və ya bəyənməmək olar - amma ona riayət etmək məcburiyyətdir.

Azərbaycanda "qanlı inqilab" arzulayanların sığındıqları Avropa Birliyi ölkələrində və ABŞ-da bu aksiomdur.

Rəsmi Bakı bu "söyüş maşını"nın susdurulmasını tələb edir. Bakıda yaşayıb hər gün ABŞ-da iğtişaşlara, vətəndaş müharibəsinə çağıran amerikalı mühacir olsaydı, Birləşmiş Ştatların dövlət qurumlarının və bu ölkənin Bakıdakı səfirliyinin reaksiyasını təxminləyə bilərsinizmi?

Kamera qarşısında isterikaya qapılaraq ağzı köpüklənən, "Fransa prezidenti Emmanuel Makrona və onun ailəsinə divan tutmalıyıq! Oyan, fransız xalqı, yürü bu cinayətkarların üzərinə!" qışqıran fransız mühacir hər gün YouTube-da və sosial şəbəkələrdə yayımda olsaydı, rəsmi Paris necə davranardı?

Suallar ritorik deyil, çünki cavabları bəllidir.

AŞPA, nəhayət ki, "ayıldı"

Dünən Avropa Şurası Parlament Assambleyası (AŞPA) internet idarəçiliyi və insan hüquqlarına dair qətnamə qəbul edib.

Qətnamədə internetdə insan hüquqlarının qorunmasının təmin edilməsinin çox vacib olduğu bildirilir.

Qətnamədə tövsiyə edilir ki, internet və onun idarə edilməsi məsələsi dövlət siyasətinin əsasında duran məsələlərdən olmalıdır. Üzv ölkələr sosial şəbəkənin neytrallığını qorumağa, informatika cinayətinə qarşı qlobal mübarizə siyasətinə malik olmağa, söz azadlığından sui-istifadə edilmə hallarının qarşısını almağa dəvət olunurlar.

Yəni avropalı deputatlar internetdəki söyüş, hədə və təhqirlərin yolverilməz olduğunu, demokratik dəyərlərlə bir araya sığmadığını etiraf ediblər.

Nəhayət ki, AŞPA söz azadlığından sui-istifadə hallarının qarşısını almağa çağırıb.

Bəs Qərbdə necədir?

Çin təki çox sərt siyasi rejimə malik ölkələrdə internetdə, daha doğrusu, sosial şəbəkələrdə hakimiyyətin tənqidinin, məmurların və siyasətçilərin ölümlə hədələnməsinin söyülməsinin yolverilməz olduğu anlaşılandır.

Lakin "müstəqil bloqer"imizin, yəni özlərini azərbaycanlı adlandıran Azərbaycansızların yaşadıqları Avropa ölkələrində və ABŞ-da da sosial şəbəkədə "Sonanın uşağı" sindromuna tutulanların başlarını sığallamırlar.

Sosial şəbəkələrdə və YouTube-da böhtan, şər və təhqirə görə Qərb ölkələrinin qanunları ağır cəzaları nəzərdə tutur. Üstəlik, belə yaramaz "fəaliyyət"in səciyyələndirilməsi miqyaslı və təfərrüatlıdır.

"Bloqer"lərimizin fasiləsiz nümunə gətirdikləri "ABŞ demeokratiyası"na baxaq.

Bu ölkədə söz və ifadə azadlığı çoxsaylı qanunlarla, o cümlədən 1925-ci ildə Ali Məhkəmənin qəbul etdiyi Konstitusiyaya 1-ci əlavə ilə qorunur.

Amma şər, böhtan və söyüşlərə görə ağır cəzalar da var.

Azərbaycanda olduğu kimi, ABŞ-da da hakimiyyət mənsubları, siyasətçilər, ictimai xadimlər və s. barədə nüfuzdan salmağa yönəlmiş yalanların qəsdən, bilərəkdən yayılması böhtan sayılır. Müxtəlif ştatların qanunları fərqli olsa da, əksər ştatlarda böhtan cinayətdir. Bəhs etdiyimiz cinayətin cəzası isə 250 min dollar məbləğində cərimə və ya 10 il müddətinə azadlıqdan məhrum etmək ola bilər.

Bu, böhtana, təhdidə və söyüşə məruz qalmış şəxsin məhkəməyə müraciət edərək tələb etdiyi mənəvi təzminat nəzərə alınmadan tətbiq olunur. O təzminatın məbləğləri isə astronomik ola bilər.

Məsələn, Kristal Koks adlı amerikalı bloqer "Obsidian Finance Group" şirkətini sürəkli aşağılayır, bu arada, Nyu-York və Konnektikut ştatlarının qubernatorlarını təhqir edir, həmin ştatların sakinlərini kütləvi etirazlara çağırırdı.

2011-ci ildə federal hakim Marko Hernandesin çıxardığı hökmə görə, K.Koks 2,5 milyon dollar məbləğində cərimələndi.

Siyasətçi, məmur və ya ictimai xadim təhqir olunanda cəza daha da ağırlaşır.

Texas, Alabama, Nebraska və Koloradoda isə böhtan atan, təhqir edən, söyən şəxslə yanaşı, həmin təhqirlərin yer aldığı sosial servis də məsuliyyətə cəlb oluna bilər.

"Demokratiyanın beşiyi" sayılan Britaniyada hakimiyyətin zorakı yolla devrilməsinə, kütləvi itaətsizliklərə çağırışlar, məmur və siyasətçilərə ünvanlanmış böhtanlar "ictimai asayişə qarşı yönəlmiş cinayət" (Public-Order Crime) sayılır. Hakimiyyətin yüksək mənsəbli nümayəndələrinə qarşı zorakılıq tətbiqinə və ya iğtişaşlara çağırışların cəzaları Britaniya parlamentinin 1986-cı ildə qəbul etdiyi "Public Order Act"la tənzimlənir.

Britaniya qanunlarına görə, Tanrının və dindarların hisslərinin təhqiri, diffamasiyalı paskvil (yəni KİV-də və ya sosial şəbəkələrdə böhtan), hakimiyyətə ünvanlanmış əxlaqsız və qeyri-senzur ifadələr, habelə hakimiyyətin zorakı yolla devrilməsinə çağırışlar ağır cinayət hesab olunur.

Dünyanın ilk konstitusiyasının qəbul olunduğu Fransada prezidentin və onun ailə üzvlərinin ünvanına sosial şəbəkələrdə təhqir səsləndirən, yaxud nazir və ya deputatlardan birini söyən, onu işgəncə və ya ölümlə hədələyən şəxsi "ən yaxşı" halda məbləği 45 min avroya çatan cərimə gözləyir.

Əksər hallarda isə cəza 5 ilədək həbs olur.

Məsələn, iki həftə əvvəl "sarı jiletlilər"in Parisdəki aksiyası zamanı şəhərin cənub həndəvərindəki küçələrdən birində Fransa prezidenti Emmanuel Makronun müqəvvasını hazırlayaraq gilyontinlə onun "başını kəsən" 3 nəfər "müxalifətçi" həbs olunub. Onların ən azı 4 il müddətinə azadlıqdan məhrum edilməsi qaçılmaz təsir bağışlayır.

Almaniya qanunvericiliyində "mövcud hakimiyyətə qarşı böhtan, onun təhqir olunması və ya kütləvi iğtişaşlara çağırış" anlayışı var. Belə əməlin cəzası çox böyük məbləğdə cərimə və ya 5 ilədək həbsdir.

Son 4 ildə Almaniyada baş nazir Angela Merkeli, nazirləri, siyasətçiləri, deputatları və ictimai xadimləri təhqir edən, vətəndaşları kütləvi itaətsizliyə və hakimiyyətin zorakı yolla dəyişdirilməsinə çağırışlar səsləndirən 19 (!) nəfər 3 aydan 5 ilədək həbs cəzası alıblar.

İsveç qanunvericiliyində "hakimiyyətin gözdən salınması və təhqir olunması"na görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Belçikada ölkə konstitusiyasının 150-ci maddəsinə uyğun olaraq, qiyam, üsyan və zorakı hakimiyyət dəyişikliklərinə çağırışlar ağır cinayət sayılır. Ölkənin Cinayət Məcəlləsinin 443-cü maddəsinə görə isə "hakimiyyət mənsubu barədə bilərəkdən yalan, şər və böhtan səciyyəli məlumatların yayılması"na görə cinayət məsuliyyəti nəzərdə tutulub.

Norveçdə ölkənin Cinayət Məcəlləsinin 130-cu maddəsində "hakimiyyətin və dövlət qurumlarının fəaliyyəti barədə bilərəkdən yalan məlumatlar yaymaq"la məşğul olmuş şəxsi 1 ilədək həbs gözləyir. Bəzi hallarda həbs müddəti artırıla da bilər və bununla bağlı xeyli presedentlər var.

İtaliyada ölkə rəhbərliyinin, prezident və baş nazirin, onların ailə üzvlərinin sosial şəbəkələrdə, habelə ictimai yerlərdə təhqir edilməsi 2 ilədək həbsi və ya 2 min avro cəriməni ehtiva edir. Dövlət və hökumət başçıları barədə şər, yaxud böhtan yayanın isə önündə 3 illik həbs perspektivi var.

Analoji qanunlar və cəzalar Avstriya, Bolqarıstan, Yunanıstan, Danimarka, İslandiya, İspaniya, Latviya, Polşa, Finlyandiya, Xorvatiya, Çernoqoriya, Çexiya və İsveçrədə də var.

Belədirsə, sosial şəbəkələrdə hər gün "inqilaba çağırış"larla məşğul olub dövlət mənsublarını təhqir edən, hakimiyyəti devirmək arzusunda olan azərbaycansız "bloqer"i Avropa və ABŞ nədən görmür?

Sual sadəlövh təsir bağışlaya bilər: axı görməməklə bilərəkdən görmək istəməmək ayrı-ayrı məsələlərdir.

Belədirsə, Azərbaycana qarşı aparılan bu çərçivəsiz, əxlaqi və mənəvi tabulardan uzaq kampaniyanın arxasında kimlərin, hansı qüvvələrin durduğunu açıq demək zamanı deyilmi?!

Yazının linki: https://tinyurl.com/yd8j8nn3

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.