Siyasət

“İndi niyə canfəşanlıq edirlər?”

19 Yanvar 2019 12:34
Baxış: 1 196

Yanvarın 17-də Avropa Parlamentində Azərbaycan əleyhinə qəbul edilən qətnamə ciddi narazılıqla qarşılanıb. Bu qərarın daha çox mart ayında Azərbaycanla Avropa İttifaqı arasında bağlanması gözlənilən əməkdaşlıq sazişinin baş tutmaması üçün xaricdəki maraqlı qüvvələrin vasitəsilə qəbul edildiyi deyilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, deputat Elman Məmmədov musavat.com-a açıqlamasında sözügedən qətnaməyə belə münasibət bildirib:

"Bu Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli, sifarişlə qəbul etdiyi ilk qətnamə deyil: "Bu qurumda erməni pulu ilə, Azərbaycana düşmən kəsilən müxtəlif fondların yardımı ilə sifarişli qətnamələr hazırlayan, qərarlar qəbul edən bir dəstə çoxsaylı deputat mövcuddur. Bunlar muzdlu deputatlardır. Daim hazırkı əməlləri ilə məşğul olurlar. Avropa Parlamentinin qulağının dibində olan Fransada neçə aydır nümayişlər gedir, beş mindən artıq nümayişçi həbsə atılıb, yüzlərlə xəsarət alanlar var, həyatını itirənlər də var. Maraqlıdır ki, Avropa Parlamenti niyə bu barədə danışmır? Digər tərəfdən Avropa Parlamenti nə üçün Avropa ölkələrinin miqrantlarla bağlı atdığı sərt addımlar barədə susur? Ən çox insan haqlarının pozulması halları Avropa ölkələrində baş verir. Avropa Parlamentinin belə sifarişli qətnamələr qəbul etməsi bu qurum tərəfindən müstəqil dövlətin daxili işlərinə qarışmaqdır. Belə deyək, səhəri gün Azərbaycan Parlamenti iclasında belə bir məsələ qoyur ki, Avropanın filan dövlətində bir nəfər həbs olunub, qətnamə qəbul edirik ki, o təcili həbsdən buraxılsın. Bu həmin dövlətin daxili işlərinə qarışmaq deyilmi? Təbii ki belədir. Azərbaycanda kimsə qanunazidd hərəkət edibsə, bunun üçün həbs edilibsə, araşdırma gedirsə, Avropanın hər hansı bir qurumu onun azadlığa buraxılmasını tələb edirsə, bu nə deməkdir? Azərbaycan sizin müstəmləkənizdir? Azərbaycan siz deyənlə oturub-durmalıdır? Azərbaycan öz qanunları ilə yaşayan ölkədir. Kim bu ölkədə qanunları pozursa, məsuliyyətə cəlb olunmalıdır. Demək kimsə qanunları pozacaq, beynəlxalq qurumlar kimlərinsə sifarişi ilə qərar qəbul edəcəklər ki, o şəxs azad edilsin. İnsan hüquqlarına görə Avropa Parlamenti bunları edirsə, 30 ilə yaxındır ki, bir milyona yaxın azərbaycanlının bütün hüquqları Ermənistan tərəfindən pozulub. Sifarişli, muzdlu Avropa Parlamenti bir milyon insanın hüquqlarının bərpası üçün nəyə görə Ermənistana qarşı sanksiya, qətnamə qəbul etmir? İndi nə üçün bir nəfərə görə belə canfəşanlıq edir? Azərbaycan ərazilərinin işğal altında olduğunu Avropa Parlamenti bilmir? Dediklərimin hamısından belə nəticə çıxır ki, Azərbaycana qarşı olan qətnamələr, qərarlar başqa nələr varsa, hamısı qərəzli, məqsədlidir. Bu birbaşa ölkəmizə qarşı düşmənçilikdir. Dövlətçiliyimizə qarşı yönələn hərəkətlərdir. Hər zaman olduğu kimi indi də heç bir şeyə nail ola bilməyəcəklər. Belə qərarların bu ilin martında Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq əməkdaşlıq sazişinə maneçilik yaradacağını düşünmürəm. Bu yerdə bir misal çəkim. Vaxtı ilə Azərbaycan Avropa Şurasına üzv olma ərəfəsində ulu öndərimiz Heydər Əliyevin belə bir fikri oldu.  O zaman üzvlüyümüzə ermənilərin sifarişləri ilə xaricdəki anti-Azərbaycan qüvvələri maneələr yaradırdılar. Ulu öndər belə bir fikir söyləmişdi ki, Çin, Hindistan kimi ölkələr Avropa Şurasının üzvü deyillər, bu ölkələr yaşaya bilmirlər? Guya biz Avropa Şurası və ya Parlamentinin üzvü olmasaq, yaşaya bilməyəcəyik? Bunlar Azərbaycanın müstəqil siyasət yeritməsinə qarşıdırlar. Bu gün Azərbaycanın apardığı məqsədyönlü siyasət nəticəsində Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşmasına, regionda Azərbaycanın nail olduğu uğurlara görə Dağlıq Qarabağ məsələsində ciddi nəticələr gözlənilir. Həmin qətnamələrin bir məqsədi də bunları pozmaqdır. Yəni bunların hamısı sifarişli və qərəzli hərəkətlərdir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.