Siyasət

Avropa Parlamentində anti-Azərbaycan müzakirələri erməni lobbisi tərəfindən gündəmə gətirilib

18 Yanvar 2019 20:24
Baxış: 807

Avropa Parlamenti Azərbaycana qarşı qərəzli qətnamə qəbul edib.

"Avropa Parlamentində Azərbaycanda insan haqları ilə bağlı müzakirələr aparılıb və növbəti dəfə qərəzli qətnamə qəbul olunub. Bu müzakirələr Avropa Parlamentinin anti-Azərbaycan mövqeyi ilə tanınan, erməni lobbisi tərəfindən dəstəklənən bir qrup siyasətçi tərəfindən gündəmə gətirilib. Qəbul olunan qətnamədə söz və mətbuat azadlığının təmin edilməsinə, siyasi məhbusların buraxılmasına çağırış yer alıb. Bunlar göstərir ki, Avropa Parlamentində Azərbaycana qarşı ikili standartlar hələ davam edir. Çünki Avropa Parlamentində yaxşı bilirlər ki, Azərbaycanda mətbuat və söz azadlığı təmin olunur, mətbuata, fikir və söz azdlığına qarşı senzura yoxdur".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisdə komitə sədrinin müavini Rauf Əliyev bildirib.

Millət vəkilinin sözlərinə görə, Avropa Parlamenti məsələlərə ikili standartlardan yanaşır: "Uzun illərdir ki, təcavüzkar Ermənistan tərəfindən öz doğma yurdlarından qovulmuş bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır. Beynəlxalq aləm, o cümlədən Avropa Parlamenti qaçqın və məcburi köçkün həyatı sürən azərbaycanlıların pozulmuş haqlarına biganə qalaraq bu məsələni bir dəfə də olsun müzakirə edib, qiymət verməyib.

Azərbaycanı Avropa Parlamentində təmsil edən nümayəndə heyəti dəfələrlə bu parlamentin iclaslarında insan haqqları ilə bağlı məsələlərin müzakirəsi zamanı qonşu dövlət olan Ermənistanın təcəvüzkar siyasəti nəticəsində qaçqın və məcburi köçkün həyatı yaşayan bir milyondan çox azərbaycanlının ən adi insan haqlarından məhrum olduqlarını bildirərək bu məsələni müzakirə edib qiymət verilməsini tələb edib. Çox təəssüf, bu vaxta kimi Avropa Parlamenti bu məsələyə münasibət bildirməyib! 

Bu, bir daha göstərir ki, Avropa Parlamenti Azərbaycana qarşı siyasətdə ikili standartlardan hələ də əl çəkməyib. Lakin Avropa İttfaqı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın səviyyəsi tələb edir ki, Avropa Parlamenti Azərbaycana qarşı siyasətində ikili standartlardan əl çəksin, hər iki tərəfin maraqlarına uyğun siyasəti həyata keçirsin".

Məmməd Hüseynov
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.