Siyasət

Prezident İlham Əliyev: "Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın"

14 Yanvar 2019 15:22
Baxış: 817

Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında iştirak edən Prezident İlham Əliyev tibb müəssisəsinin kollektivi ilə görüşündə deyib.

Dövlətimizin başçısı bildirib ki, sosial məsələlərin arasında, əlbəttə, səhiyyə sisteminin inkişafı xüsusi yer tutur: "Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımi tədbirləri görək. Onu da bildirməliyəm ki, təkcə son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Ölkəmizin hər bir şəhərində və ya onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir".

İlham Əliyevin sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın: "Siz yaxşı bilirsiniz ki, 5 milyondan çox insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir. Bu, bizim təşəbbüsümüzdür və dünyanın nadir ölkələrində belə təşəbbüs həyata keçirilir. Bunun da bir məqsədi var ki, vətəndaşlar, əgər onların sağlamlığında hər hansı bir problem varsa, onu vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar. Bu proqram nəticəsində minlərlə insan artıq lazımi səviyyədə müalicə alır".

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.