Siyasət

Azərbaycan ağır şərtlər daxilində necə inkişaf edir? - Prezident İlham Əliyevin böyük uğuru

12 Yanvar 2019 11:01
Baxış: 1 400

"Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev 2018-ci ili hərtərəfli dinamik inkişaf, dərin islahatlar və sabitlik ili kimi xarakterizə etdi. Bu qiymətləndirmə, əslində, 2015-2017-ci illərdə həyata keçirilən islahatlardan sonra ölkə iqtisadiyyatının yeni dinamizmə və inkişafa qədəm qoyması kimi səciyyələndirilməlidir. Çünki iqtisadiyyat ümummilli inkişafın əsas hərəkətverici qüvvəsi olmaqla digər bütün sektorların inkişafını da şərtləndirir".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib.

Lakin millət vəkilinin fikrincə, bu da məsələnin hamısı deyil: "Müstəqil iqtisadi münasibətlər sisteminə malik ölkə həm də müstəqil xarici siyasət həyata keçirmək gücünə malik olur ki, bu da hazırkı mürəkkəb beynəlxalq münasibətlər sistemində milli maraqları qorumaq baxımından olduqca əhəmiyyətlidir. Ona görə də Prezident İlham Əliyev çıxışının əvvəlində diqqəti bu məsələyə çəkərək qeyd etdi ki, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf etməyə nail olub. Bu fikirlər həm dünyada və regionda baş verən prosesləri düzgün qiymətləndirməyimiz, həm də bütün bunlara rəğmən, ölkəmizin bu şərtlər içərisində qazanılan naliyyətləri necə əldə etməsi baxımından olduqca qiymətlidir. Heç şübhəsiz, belə ağır şərtlər daxilində inkişafı təmin etmək üçün olduqca ciddi iqtisadi konsepsiyaya və xarici siyasətdə dərin siyasi strategiyaya malik olmaq lazımdır ki, iqtisadi və siyasi maraqlarımızı təmin edə bilək. Qısaca deməyə çalışsaq, Azərbaycan 2018-ci ildə öz milli maraqlarını tərəfdaş ölkələrin maraqları ilə uzlaşdırmağı bacararaq mühüm naliyyətlər əldə etməyi bacarıb".

H.Babaoğlu regionlarda sosial-iqtisadi inkişafla bağlı görülən işlərin necə səmərəli olduğunu da qeyd edib: "Bu kontekstdə Prezident İlham Əliyev, ilk növbədə, regionların inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramlarına toxunaraq növbəti ildə də belə bir proqramın qəbul ediləcəyini söylədi. Çünki bu, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin təmin olunması və iqtiadiyyatın coğrafi diferensiallaşdırılması baxımından olduqca vacib komponentdir. Ötən illər ərzində regionlarımızda həyata keçirilən yol-nəqliyyat və digər kommunikasiya layihələri rayonlarda münbit sərmayə mühiti yaradıb ki, bu da yatırımçıların diqqətini cəlb edib. Ona görə də qeyri neft sektorunun inkişafında regionlarımızda formalaşan aqrar-sənaye və yüngül sənaye xüsusi iqtisadi çəkiyə sahib mühüm komponent kimi çıxış edir".

Baş redaktor ümumi inkişafın fonunda Azərbaycan ordusunun necə gücləndiyinə də toxunub: "Əlbəttə, güclü iqtisadiyyat hər şeydən öncə qüdrətli ordu yaratmağımızı və onu ən müasir hərbi texnika və avadanlıqlarla təhciz etməyimizi təmin edib ki, bu da Günnüt döyüşlərində 11 min hektardan çox ərazimizi erməni işğalından azad etməyə və Ermənistanın regionlarını birləşdirən mühüm strateji yolu nəzarət altına almağımıza şərait yaradıb. Ali Baş Komandanımız bu məsələyə də toxunaraq bildirdi ki, Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər, əlbəttə ki, çox yüksək qiymətə layiqdir.

Bu arada politoloq dövlət başçısının çıxışında beynəlxalq təşkilatların Ermənistanla bağlı bu vaxta kimi sərgilədikləri fəaliyyət və mövqelərini sərt tənqid etməsinə də diqqət çəkib: "Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin həlli və işğalçı Ermənistanın hazırkı vəziyyətinə dair məsələləri diqqətə çatdıran Prezident İlham Əliyev bu məsələdə beynəlxalq təşkilatların fəaliyyətini qiymətləndirərkən haqlı şəkildə onları tənqid edərək bildirdi ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürdü. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar.

 İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy veriblər. Axı son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməyib?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Bu fikirlər adıçəkilən təşkilatların yarıtmaz fəaliyyətinə verilən qiymət olmaqla yanaşı, əslində, onların heç olmasa bundan sonra ədalətli və obyektiv mövqe tutmaları üçün bir çağırışdır.

Azərbaycanın bundan sonra da öz prinsipial mövqeyində qalacağını bildirən Ali Baş Komandan İlham Əliev bildirdi ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız tam azad olunsun... Bu sözlər işğalçı Ermənistana və onun havadarlarına verilən sərt ismarıc olmaqla Ermənistanın yalnız Azərbaycan torpaqlarını işğaldan azad etməsindən sonra inkişaf edə biləcəyi gerçəyinin ifadəsidir".
 

O, dövlət başçısının fikirlərinə istinad edərək 2019-cu ilin Azərbaycan üçün daha uğurlu olacağını deyib: "Ümumilikdə Prezident İlham Əliyev 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzunun artması, işğalçı ölkə istisna olmaqla bütün digər qonşu ölkələrlə olduqca mühüm əməkdaşlıq sazişlərinin imzalanmasını, Avropa İttifaqı, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıqda yeni bərabərhüquqlu tərəfdaşlıq imkanlarının yaradılması məsələlərini xarici siyasətimizin uğurları kimi dəyərləndirdi. Ölkəmizin həyata keçirdiyi qlobal enerji və nəqliyyat kommunikasiya layihələrinin artıq reallığa çevirilməsini və milli iqtisadiyyatımıza real gəlirlər gətirdiyini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu sırada Cənub Qaz Dəhlizi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat təhlizlərini, eləcə də onların iqtisadi perespektivlərini xüsusi vurğulayaraq 2019-cu ildə daha böyük uğurlar əldə edəcəyimizi bildirdi".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.