Siyasət

Azərbaycan Prezidenti: "İqtisadi göstəricilərimiz elədir ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq kimi qəbul edə bilər"

11 Yanvar 2019 22:10
Baxış: 758

İqtisadi göstəricilərimiz elədir ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq kimi qəbul edə bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bizim bütün iqtisadi göstəricilərimiz çox müsbətdir. Mən bəzi göstəriciləri ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Ümumi daxili məhsul, yəni, iqtisadi artım keçən il Azərbaycanda 1,4 faiz olmuşdur. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Əlbəttə ki, bizim arzularımızı tam əks etdirmir. Ancaq, eyni zamanda, dünyada gedən proseslərə baxdıqda hesab edirəm ki, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da inkişaf 1,8 faizdir. Sənaye istehsalı 1,5 faiz artıb, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. Bu, onu göstərir ki, sənayeləşmə siyasətimiz öz gözəl nəticələrini verir".

İlham Əliyev bildirib ki, inflyasiya cəmi 2,3 faizdir, əhalinin pul gəlirləri 9,2 faiz artıb: "Görürsünüz ki, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Əgər biz 2017-ci ilə nəzər salsaq görərik ki, inflyasiya 12 faizdən çox idi, indi isə 2,3 faizdir. Manatın məzənnəsi sabitdir. Kənd təsərrüfatı 4,6 faiz artıb. Hesab edirəm ki, bu da yaxşı göstəricidir. Ölkə iqtisadiyyatına keçən il 17,2 milyard manat sərmayə qoyulub. Çox böyük rəqəmdir və ən sevindirici hal ondan ibarətdir ki, bu sərmayənin 11 milyard manatı, ondan da çoxu ölkəmizin qeyri-neft sektoruna qoyulan sərmayədir. Yəni, bu, onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox cəlbedici ölkədir. Dünya Bankının son hesabatında bizim 25-ci yerə qalxmağımız hesab edirəm ki, sərmayə qoymaq istəyənləri daha da həvəsləndirəcək və ölkəmizə daha çox sərmayə qoyulacaqdır.

Biz keçən il valyuta ehtiyatlarımızı artırmışıq. Baxmayaraq ki, xərclərimiz də az olmayıb, eyni zamanda, biz valyuta ehtiyatlarımızı 3 milyard dollar məbləğində artıra bildik. Beləliklə, bu gün ölkəmizin valyuta ehtiyatları 45 milyard dollara bərabərdir. Xarici borc 22,8 faizdən 19 faizə düşüb və bu da çox müsbət haldır. Yəni, indi Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 19 faizini təşkil edir. Qarşıya vəzifə qoyulub ki, biz bu borcu yaxın illərdə daha da azaldaq. Bu məsələ ilə bağlı indi müvafiq proqram hazırlanıb. Mən hesab edirəm ki, biz borcu tədricən azalda-azalda getməliyik. Düzdür, 19 faiz də indi dünya miqyasında çox gözəl göstəricidir. Elə ölkələr var ki, xüsusilə inkişaf etmiş ölkələr orada xarici borc ümumi daxili məhsulun 100-120 faizini təşkil edir. Əgər hansısa ölkədə 50 faiz təşkil edirsə, o ölkə sabit, iqtisadi cəhətdən sabit ölkə kimi tanına bilər. Bizdə isə 19 faizdir, mən hələ bunu çox görürəm. Hesab edirəm ki, bu, daha da düşməlidir və düşəcəkdir. Əlbəttə, əgər xarici borcumuzu valyuta ehtiyatlarımızla müqayisə etsək görərik ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, istənilən vaxtda biz xarici borcu tam ödəyə bilərik. Bu, bizim siyasətimizi əks etdirir, onu göstərir ki, biz baxmayaraq ki, bir çox kreditlər ala bilirik, ancaq mən göstəriş vermişəm, kreditlərin alınması məhdudlaşdırılsın, buna indi ehtiyac yoxdur. Biz ancaq texnoloji tutumlu layihələrə bəzi hallarda, istisna hal kimi müəyyən məbləğdə kredit ala bilərik. Çünki buna ehtiyac yoxdur, öz pulumuz da var və valyuta ehtiyatlarımız da artır".

Prezident vurğulayıb ki, keçən il 118 min daimi iş yeri yaradılıb: "İşsizliyin aşağı səviyyədə saxlanması üçün bu, çox əhəmiyyətli məsələdir. İxracla bağlı yaxşı göstəricilər var. İxrac 36 faiz artıb. Ümumi rəqəmi götürsək, ixracımız 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo - yəni, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil edir. Əgər ölkələrə biz nəzər salsaq görərik ki, bu da dünya miqyasında nadir hallarda müşahidə olunan mənzərədir. Ölkələrin əksəriyyətində idxal ixracı üstələyir. Azərbaycanda isə biz bunun əksini görürük. Özü də biz ölkəyə ixracla bağlı daha çox - 8,6 milyard dollar pul gətirmişik, nəinki xərcləmişik. Əgər biz buraya xarici turistlərdən gələn vəsaiti əlavə etsək, onda görərik ki, rəqəm daha da artacaq. Onu da bildirməliyəm ki, keçən il ölkəmizə 2 milyon 850 min xarici vətəndaş gəlib. Bu, 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, bu xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər. Turizmin inkişafı ilə bağlı apardığımız siyasət, görürsünüz ki, ilk növbədə, maliyyə sahəsində özünü büruzə verir. Həm ölkəmizi tanıtdırırıq, həm də pul qazanırıq.

Beləliklə, iqtisadi göstəricilərimiz elədir ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq kimi qəbul edə bilər, bizim üçün isə bu, adi haldır. Çünki bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir. Ümumiyyətlə, bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir. Bu dəstək keçən il prezident seçkilərində bir daha özünü göstərdi. Azərbaycan xalqı mənə bir daha çox böyük etimad göstərmişdir. Bildiyiniz kimi, seçkilər ərəfəsində keçirilmiş rəy sorğuları, seçkilər günü keçirilmiş exit-pollar rəsmi nəticələrlə tam üst-üstə düşüb. Bu, bir daha onu göstərir ki, seçkilərin nəticələrində Azərbaycan xalqının iradəsi tam öz əksini tapıb. Bu, görülən işlərə verilən yüksək qiymətdir. Görülən işlər isə göz qabağındadır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.