Siyasət

"Fransanın Azərbaycandakı bu məsələ ilə maraqlanması çox təəccüb doğurur"

11 Yanvar 2019 16:04
Baxış: 1 200

"Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü aclıq aksiyası keçirən bloqer Mehman Hüseynovla bağlı bəyanat yayıb. Fransanın hazırda ölkənin "sarı jilet"lər aksiyalarının bürüdüyü bir zamanda belə bir məsələ ilə maraqlanması çox təəccüb doğurur. Özünü demokratik bir ölkə hesab edən Fransada nümayişçilərə qarşı su şırnaqlarından, dəyənəklərdən və digər şiddət vasitələrindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanılıb. Bu ölkənin, Avropanın və dünyanın özünü demokratik ölkələri sayan dövlətlərin rəsmi qurumları, mətbuat orqanları bu hadisələri görməzdən gələrək heç bir münasibət bildirmirlər. Bütün bunlar Avropada və eləcə də dünyada ikili standartlar siyasətinin hələ davam etdiyini göstərir".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, AFFA-nın vitse-prezidenti Rauf Əliyev bildirib.



Millət vəkili qeyd edib ki, rəsmi Parisin bu addımı bir də onu göstərir ki, bu ölkədə erməni lobbisinin təsiri güclüdür və vaxtaşırı həmin qüvvələrin çirkin anti-Azərbaycan təbliğatı işə düşür: "Azərbaycanın nüfuzu artdıqca, dünyada mövqeyi güclənikcə onu istəməyən qüvvələr hər bir fürsətdən yararlanmaq istəyirlər. Bunlar, eyni zamanda, Azərbaycana qarşı təzyiq vasitəsi kimi qəbul edilməlidir. Ancaq bu qüvvələr bilməlidir ki, Azərbaycan müstəqil, demokratik, dünyada söz sahibi olan bir ölkədir və belə təziqlərin heç bir faydası olmayacaq, özünün müəyyənləşdirdiyi yolla uğurla inkişaf edəcəkdir".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.