Siyasət

Bakıya "dərs" keçən Avropanı hələ belə alçaltmamışdılar

11 Yanvar 2019 12:42
Baxış: 3 084

Postsovet məkanında, xüsusilə də Cənubi Qafqazdakı geosiyasi düzən və qüvvələr nisbətləri sürətlə dəyişir. Rusiya ətrafında "narıncı inqilablar qurşağı"na nail olmaq təki çox təhlükəli, xalqlara bəlalardan və məhrumiyyətlərdən savayı "demokratiya uğurları" vəd etməyən təhlükəli ssenarilərdən hələ də əl çəkmək istəməyən Qərb uğursuzluğa düçar olsa da, dayanmaq bilmir.

Halbuki Qərbin bu cəhdləri, ələlxüsus da Azərbaycanda kənardan təsir, aşkar təzyiq, aqressiv pressinq və üstəgəl daxildəki "narazı kütlə"ni işə salaraq nəyəsə nail olmaq istəkləri puça çıxdıqca yeni planlar hazırlanır.

Təsir əks-təsirə bərabər olmaqla yanaşı, Azərbayanda "yenilənmə" adı ilə dövlət çevrilişinə, iğtişaşlara və "hakimiyyət dəyişikliyi" pərdəsi altında marionetlərin marşını təşkil etmək cəhdləri tam əks effekt verərək siyasi sistemin stabilləşməsinə, hakimiyyət vertikalının güclənməsinə və Azərbaycanın Ermənistan istisna olmaqla qonşu dövlətlərlə iqtisadi, siyasi və humanitar əlaqələrinin güclənməsinə səbəb olur.

Ermənistandakı "inqilabi iqtidar" adlanan idarə olunan xaos mexanizmləri Azərbaycana tətbiq oluna bilmədi. Sistem çökdü, işləmədi. Çünki "Haydı, irəli!", "Bu hakimiyyət getməlidir!" çağırışlarının arxasında "Avropa ilə inteqrasiya perspektivi" adlanan dumanlı, heç nə vəd etməyən perspektivdən savayı heç nə yoxdur.

Türkiyədəki "Gəzi etirazları"nın Azərbaycandakı versiyası olaraq "sosial şəbəkələrdə aktiv narazılıq", sonra da "Feysbuk inqilabı" kimi ssenarilər indi "Mehman Hüseynova azadlıq!" şüarı ilə pərdələnmiş bəsit oyuna çevrilsə də, xərclənən milyonlar yenə Qərbin dərdinə dərman olmur.

Qərbdəki bəlli təşkilatların Azərbaycan hakimiyyəti ilə münasibətdə seçdiyi aşkar qarşıdurma sistemi, yalnız ittihamlara və absurd tələblərə əsaslanan ultimativ davranış koordinat sistemi ölkəmizdəki "demokratiya aşiq"lərini vəcdə gətirə bilər. Onlar hətta "Amerika da bizimlədir, baxın!" deyə bilərlər.

Amma Amerika onlarla deyil.

Qərb Azərbaycanda təsir imkanlarını artırmağa çalışaraq destruktiv qüvvələri dəstəklədi, siyasi cırtdanları və xalqın gözündən düşmüş adamları "qəhrəman" kimi qələmə verdi.

Nəticə nə oldu?

Azərbaycan dövlət müstəqilliyi əldə edən ilk gündən bəri rəsmi Bakının Qərblə yaratmağa çalışdığı strateji körpünu elə Qərb darmadağın etdi.

Azərbaycanda fəaliyyət üçün Qərbin çoxsaylı təşkilatlarına verilmiş tam fəaliyyət azadlığı, həddi üfüqədək uzanan kart-blanş elə Qərbin praqmatlığı degenaratlıqla əvəzləyən kəslərə stavka etməsi, "rəngli inqilab"a nail olmaq istəyi nəticəsində itirildi və o "siyasi" təşkilatlar Bakıdan qovuldular.

Son onilliklər ərzində ilk dəfədir ki, keyfiyyətcə tam yeni geosiyası vəziyyət yaranmaqdadır.

Cənubi Qafqazın ən önəmli dövləti olan Azərbaycana təsir və təzyiq edə bilməyəcəyini anlayan ABŞ yeni davranış siyasətini Bakı ilə münasibətlərə də şamil etmək niyyətindədir.

Bu davranışda Avropanın çoxsaylı təşkilatlarının Azərbaycana ünvanlanmış ittihamları təki marazma yer yoxdur.

İnsan haqlarının vacib nəsnə olduğunu qəbul edən və təkrarlayan ABŞ bununla belə, ön plana dövlətin daxili işlərinə kobud və aşkar müdaxilənin, "xaosun idarə olunması" vasitələrinin qeyri-təbiiliyini könülsüz olsa da, qəbul etməyə başlayıb.

Və ən nəhayəti, Avropa Birliyi ilə ABŞ-ın birgə, yeknəsək, vahid və unison siyasətinin sonu çatır.

ABŞ Avropanı belə görür

ABŞ-ın dövlət katibi Mayk Pompeo ötən ilin dekabrın 4-də Brüsseldə çıxış edəndə, sonra da jurnalistlərin suallarını cavablayanda BMT və Avropa Birliyi kimi beynəlxalq təşkilatlarının önəmini, effektivliyini şübhə altına almışdı.

"Sualıma səmimi cavab verin: Avropa Birliyi doğrudanmı bu təşkilata üzv ölkələrin, həmin ölkələrin vətəndaşlarının maraqlarını burada, Brüsseldə bürokratların mənafelərindən üstün tutur?!" - Pompeo demişdi.

İndisə Birləşmiş Ştatlar, ümumiyyətlə, Avropa Birliyini aşağılayıb və çox ciddi fəsadlara səbəb ola biləcək qalmaqal yaradıb.

ABŞ prezidenti Donald Trampın qərarı ilə Avropa Birliyinin Vaşinqtondakı nümayəndəliyinin siyasi-diplomatik statusu aşağı salınıb. Ağ Evdəki mənbələrin dediklərinə görə, Avropa Birliyi özünü Avropa dövlətlərinin konfederativ quruluşa malik, sərhədləri Şengen anlaşması ilə nizamlanan ölkələr ittifaqı olduğunu bəyan edir. Lakin rəsmi sənədlərdə Avropa Birliyi beynəlxalq təşkilat sayılır.

"Bu səbəbdən də biz Avropa Birliyinin Vaşinqtondakı nümayəndəliyini beynəlxalq təşkilatın nümayəndəliyi kimi qəbul edəcəyik", - mənbə deyib.

Yəni ABŞ üçün bundan sonra status baxımından Avropa Birliyi ilə UNESCO, ATƏT və ya AŞPA arasında heç bir fərq olmayacaq. Bu səbəbdən də AB-nin Vaşinqtondakı səfiri Devid O-Sallivanın statusu "beynəlxalq təşkilatın nümayəndəsi" səviyyəsinə salınıb və bu barədə Brüsselə rəsmi məlumat göndərilib.

Son vaxtlara qədər Avropa Birliyi və ABŞ arasındakı xüsusi münasibətlərin olduğunu vurğulamaq üçün Vaşinqtonda AB təmsilçiləri "müttəfiq dövlətin diplomatları" statusuna malikdilər.

İndi isə ABŞ Dövlət Departamentinin saytında D.Sallivan "beynəlxalq təşkilatın Vaşinqtondakı nümayəndəliyinin rəhbəri" kateqoriyasına daxil edilib.

Siyahıda D.Sallivanın adından sonra Afrika Birliyinin nümayəndəsi və hazırda ABŞ-da səfirləri olmayan ölkələrin müvəqqəti işlər vəkillərinin adları gəlir.

Avropa Komissiyasının mətbuat katibi Mayya Kosyançiç olayı təsdiqləyib.

"ABŞ qanunlarına uyğun addım atıb. Hazırda danışıqlar aparırıq. Yəqin siz də anlayırsınız ki, Avropa Birliyi de-yure beynəlxalq təşkilatdır", - M.Kosyançiç deyib.

Avropa küsüb və nə edəcəyini düşünür

Avropa Parlamentinin ABŞ ilə əlaqələr komissiyası durumdan çox narahatdır. Komissiyanın ABŞ Konqresinə yolladığı məktubda deyilir: "Ağ Evin son vaxtlar Avropa Birliyi ilə qəbul etdiyi qərarları transatlantik münasibətlərə ziyanlı sayırıq. ABŞ prezidenti Donald Tramp, dövlət katibi Pompeo və ABŞ-ın Avropa Birliyindəki səfiri Sondlend Avropadan danışanda Avropa Birliyini həddən artıq bürokratikləşmədə suçlayır, təşkilata üzv dövlətlərlə ikitərəfli qaydada münasibətlərə üstünlük verdiklərini gizlətmir, populist və millətçi hərəkatlarla təşkilatları tərifləyirlər. Avropa Birliyinin ABŞ-dakı səfirinin də Vaşinqtonun diplomatik ierarxiyasındakı yerini itirməsi, Dövlət Departamentinin siyahısında aşağı salınması və hətta siyahının sonunda yer alması çox xoşagəlməz haldır. Tərəfdaşlarla, müttəfiqlərlə belə davranmırlar. Nəzərə alsaq ki, diplomatik praktikaya uyğun olaraq Ağ Ev qərarı ilə bağlı nə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə, nə də cənab O-Sallivanın özünə əvvəlcədən məlumat verməyib - heyrətamiz haldır".

ABŞ-ın Avropa Birliyinə "yerini göstərməsi" prosedurları ötən il başlayıb. Devid O-Sallivan başqa dövlətlərin Vaşinqtondakı səfirlərinin dəvət aldıqları tədbirlərin bir neçəsinə çağırılmayıb. Onun statusunun dəyişməsinin aşkar və konkret təzahürü isə ötən ilin dekabr ayının əvvəllərində ABŞ-ın sabiq prezidenti, mərhum Corc Buşla vida mərasimi oldu. Diplomatik praktikaya görə, Devid O-Sallivan vidalaşma mərasiminə səfirlərin ilk iyirmiliyində qatılmalıydı. O, 2014-cü ildən bəri AB-nin ABŞ-dakı səfiridir. Fəqət, O-Sallivan son sıralarda yer aldı və bu barədə ona əvvəlcədən heç bir məlumat verilmədi.

ABŞ-ın əvvəlki prezidenti Barak Obamanın hakimiyyəti dönəmində Vaşinqton üçün AB müttəfiq və tərəfdaş ilə yanaşı, hökumət statusuna da malik idi. Donald Tramp AB-ni effektiv struktur saymadığından və beynəlxalq münasibətlərdə multilateralizm prinsiplərinə qarşı çıxdığından Avropa Birliyini, sadəcə, beynəlxalq təşkilat sayır.

Tramp AB-yə olan antipatiyasını heç zaman gizlətməyib. Məsələn, ötən ilin iyul ayında o, Twitter-dəki akkauntunda yazmışdı: "Məsələ ticarətə çatanda Avropa Birliyi bizə düşmən mövqe tutur".

"60 Minutes" proqramına verdiyi müsahibəsində isə D.Tramp demişdi: "Avropa Birliyi, əslində, ticarətdə bizdən sui-istifadə etmək üçün yaradılıb və onlar niyyətlərinə çatıblar".

Avropa Birliyi qalmaqalı bir qədər səngitmək üçün Devid O-Sallivanı geri çağırmaq, Vaşinqtona yeni səfir təyin etmək niyyətindədir.

Həmin səfirin hansı statusa malik olacağı bəlli deyil.

Lakin münasibətlərin əvvəlki səviyyədə və intensivlikdə davam etməyəcəyi şübhəsizdir. Bunu avropalı siyasətçilər və ekspertlər də etiraf edirlər.

Berlindəki Almaniya Beynəlxalq Münasibətlər Şurasının (Deutsche Gesellschaft für Auswärtige Politik, DGAP) direktoru Daniela Şvarserin dediyinə görə, Avropa Birliyinin ABŞ-dakı səfirinin statusunun dəyişdirilməsi və aşağı salınması, əslində, Donald Trampın AB-yə olan münasibətinin göstəricisidir.

"Ağ Evdəki əvvəlki rəhbərliklərdən fərqli olaraq Donald Trampın administrasiyası Avropa Birliyinin zəifləməsinə, mövqelərinin itirilməsinə və parçalanmasına çalışır. Məsələn, o ticarət məsələlərindəki birliyi pozmağa çalışır. Trampın fikrincə, Avropa Birliyinin zəiflədilməsi ABŞ-ın qısamüddətli mənafelərini tam təmin edə bilər. Brüssel beynəxalq arenada çəkisini artırmağa çalışır. Mövcud vəziyyətdə ən önəmli müttəfiq və tərəfdaşlardan biri olan ABŞ-ın belə davranışı, AB-ni "adi beynəlxalq təşkilat" statusuna endirməsi və hətta səfirimizlə yolverilməz davranış səylərimizi zəiflədir", - D.Şvarser söyləyib.

ABŞ-ın nüfuzlu analitik mərkəzlərindən olan Alman Marşal Fondunun (German Marshall Fund, GMF) Almaniyadakı ofisinin direktoru Yan Lesser də Donald Trampın qərarını "çox zərərli" hesab edir.

"Trampın qərarı faktiki olaraq Pompeonun Brüsseldəki sərt, aqressiv sözlərinin davamıdır. Vaşinqton indi diqqəti dövlətlərə və milli suverenlik məsələrinə yönəldir. Avropa Birliyinə bu konsepsiyada yer yoxdur", - Yan Lesser söyləyib.

Bütün bunlarla yanaşı, Donald Trampın administrasiyası Brüsseli və Avropa Birliyinə üzv olan dövlətləri ticari savaşla hədələyir. Vaşinqton tələb edir ki, AB ilə ticarətdə amerikalıların xeyrinə olmayan, ildə 150 milyard dollara çatan saldo aradan qaldırılmalıdır.

Fikrimizcə, Trampın davranışı Avropa Birliyinə aşkar təzyiqdir. Məqsəd AB-dən ABŞ-a polad, alüminium və avtomobillərin idxalı məsələsində Brüsseli əhəmiyyətli güzəştlərə vadar etməkdir.

Belədirsə, nə etməli?

Vaşinqtonun məqsədinə çatacağı əsla şübhə doğurmur.

Yaranmış situasiyada Azərbaycanın hansı addımlar atmağının gərəkdiyi də önəmli məsələdir.

Vaşiqtonda qəbul edilmiş qərar, əslində, ABŞ-ın panAvropa təşkilatlarına olan münasibətinin daha bir nümunəsidir. Avropa Şurası, ATƏT, Avropa Komissiyası, Avropa İnsan Haqları Məhkəməsi - bu qurumların istisnasız olaraq hamısının qərarlarını Vaşinqton həmişə ABŞ-ın qanunvericiliyindən "aşağı səviyyəli" sayıb və indi də belədir.

Donald Trampın prezident seçilməsindən sonra isə ABŞ-ın siyasətində köklü dəyişikliklər başlayıb.

Stabillik demokratiyadan üstündür.

Bakı zatən bunu illərdən bəri deyir.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.