Siyasət

Yarım ildən sonra Paşinyanın özü də istefaya göndərilə bilər

17 Dekabr 2018 07:00
Baxış: 2 408

Hər hansı siyasi xadim hakimiyyətə gələndə ona ölkədə hansısa dəyişikliklərin edilməsi üçün 100 gün verilir. Həmin 100 gün ərzində onun siyasəti müəyylənləşdirilir. Ermənistanda Nikol Paşinyanla bağlı isə vəziyyət isə tam fərqlidir. O, 100 gün yox, artıq yarım ildən çoxdur ki, hakimiyyətdədir və onun siyasətinin necə və nədən ibarət olduğu bilinir. Hər halda ötən bu aylar göstərir ki, Paşinyan daha çox populist addımlara üstünlük verir və bundan sonra belə edəcək. Amma iş orasındadır ki, bu populist addımların da müəyyən limiti var.

Bu barədə Milli.Az-a "Cənubi Qafqaz politoloqlar klubu"nun rəhbəri, beynəlxalq məsələlər üzrə tanınmış ekspert İlqar Vəlizadə son aylar Ermənistanda baş verən hadisələri şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Paşinyan əvvəl-axır ilin sonunda xalqa hesabat verməlidir və ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı rəqəmlər onun siyasətinin əsas göstəriciləri olmalıdır: "Bunu çox güman ki, Paşinyan və onun komandası da anlayır. İndi onlar nə edirlər? Onlar artıq görürlər ki, Rusiya Ermənistana istənilən yardımı ayırmır, Rusiya ilə bağlı olan iş adamları Ermənistana yatırım etmirlər. Ona görə Ermənistan üz tutub Qərbə, Avropa İttifaqına və onlarla danışılar aparmağa başlayıb. Bu danışıqlar güman ki, getdikcə sürətlənəcək. Paşinyan çalışacaq ki, Avropa ölkələrindən kreditlər alsın. Düzdür, Ermənistan son aylar Rusiyadan ayrılanlar da daxil olmaqla təxminən 300 milyon dollarlıq kredit ala bilib. Amma indi daha çox çalışacaq ki, Avropadan alsın. Ona görə də Paşinyan çalışacaq ki, ən geci gələn ilin ortalarına kimi sosial-iqtisadi göstəriciləri yaxşılaşdırsın ki, hesabat verəndə də desin ki, filan qədər iş yerləri açmışıq, filan işləri görmüşük və s.".



Lakin İ.Vəlizadə hesab edir ki, Paşinyan iqtidarının bunun öhdəsindən gələ biləcəyi böyük şübhə doğurur: "Hələlik bu suala, yəqin ki, hazırda heç Paşinyanın özü də cavab verə bilməz. Çünki Avropanın başı öz problemlərinə qarışıb. Rusiya yardım etmək istəmir, Ermənistandan başqa şey gözləyir. Ona görə də bəziləri düşünür ki, əgər Paşinyanın Qərbdən kreditlər və başqa maliyyə dəstəyi ala bilməsə, 6-7 aydan sonra Paşinyanın legitimliyi ilə bağlı iddialar ortaya çıxa, insanlar yenə küçələrə axışaraq bu dəfə onun istefasını tələb edə bilər".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.