Siyasət

Politoloq: "NATO ilə Rusiya arasında təmasların Bakıda baş tutması Azərbaycandakı təhlükəsizlik mühitinin yüksək qiymətləndirildiyini göstərir"

14 Dekabr 2018 20:56
Baxış: 1 452

NATO ilə Rusiya arasında təmasların Bakıda baş tutması Azərbaycana olan etimadı, buradakı təhlükəsizlik mühitinin yüksək qiymətləndirildiyini göstərir.

Milli.Az bildirir ki, bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşiroğlu deyib.

O, NATO ilə Rusiya arasında təmaslar məhz Azərbaycanda baş tutduğunu xatırladıb:

"Artıq ikinci dəfədir ki, NATO Müttəfiq Qüvvələrinin Avropadakı baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda görüşürlər. NATO ilə Rusiya arasında təmasların genişlənməsinin qlobal təhlükəsizlik baxımından nə dərəcədə əhəmiyyətli olduğunu əsaslandırmaq üçün əlavə arqumentlərə ehtiyac yoxdur. Bu təmasların Bakıda baş tutması isə eyni zamanda ona dəlalət edir ki, həm Rusiya, həm də Qərb Azərbaycanı özünün etibarlı tərəfdaşı kimi qəbul edir. Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı vurğuladığı kimi, Azərbaycanın sözü ilə əməli tam üst-üstə düşür".

Politoloqun sözlərinə görə, həqiqətən də Azərbaycan dünyanın çox nadir ölkələrindəndir ki, üzərinə götürdüyü öhdəlikləri çox dəqiqliklə yerinə yetirir. Bu da Azərbaycanın tərəfdaşlarının dairəsini əhəmiyyətli dərəcədə genişləndirir.

E.Mirbəşiroğlu qeyd edib ki, Azərbaycanın davamlı inkişafı ilə yanaşı, məhz bu məqam da Dağlıq Qarabağ münaqişəsi vəziyyətində ölkənin siyasi və diplomatik potensialını artırır.

O bildirib ki, 2018-ci ilin həm də Azərbaycanın siyasi, diplomatik və hərbi mövqelərinin daha da möhkəmlənməsi baxımından əhəmiyyətli olduğunu ayrıca vurğulamaq lazımdır. Çünki Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dünya dövlətlərinin sırası daha da genişlənib, beynəlxalq təşkilatlar daha aydın mövqe sərgiləməyə başlayıblar. Bütün bunlar isə Azərbaycanın beynəlxalq nüfuzunun davamlı olaraq yüksəldiyini göstərir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.