Siyasət

Küveytdə ulu öndərin xatirəsi anılıb - FOTO

13 Dekabr 2018 08:33
Baxış: 533

2018-ci ilin dekabr ayının 12-də Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, mərasimdə Səfirliyimizin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, türk icmasının üzvləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri, Küveytin ictimai, siyasi xadimləri və KİV nümayəndələri iştirak edib.

Öncə Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan Səfir Elxan Qəhrəman müasir müstəqil dövlətimizin qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçdiyini, həyatın bütün çətinliklərindən qalib çıxdığını, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəldiyini qeyd etmişdir. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Ümummilli lider Heydər Əliyevin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğunu, məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladığını və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildiyini bildirib.

1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdığını, kiçik bir ölkə olan Azərbaycanın Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildiyini, Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyinin formalaşdığını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibətinin dəyişdiyini, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapdığını, habelə təməli Ulu öndərimiz tərəfindən qoyulmuş daxili və xarici siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və hazırda Azərbaycan xalqının onun rəhbərliyi ilə demokratiya, sülh və tərəqqi yolu ilə irəlilədiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, səfirliyimizdə Ulu öndərin xatirəsinə həsr olunmuş fotosərgi və həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilib. Daha sonra tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyev barədə sənədli filmə tamaşa ediblər.

Göstərilənlərlə yanaşı, Küveytin geniş oxucu kütləsinə malik, çoxtirajlı "Əl-Nahar" qəzeti və "Dasman news" elektron qəzetinin 12 dekabr tarixli buraxılışlarında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunmuş Anma gününə ithafən məqalə dərc olunub.

Məqalədə Küveyt ictimaiyyəti və geniş oxucu kütlələri Ümummilli liderin keçdiyi zəngin həyat yolu və fəaliyyəti barədə məlumatlandırılıb. Ulu öndərin həyatı və tarixi fəaliyyətindən bəhs edilib, müasir Azərbaycanın bütün sahələrdə, siyasi, iqtisadi və mədəni həyatında nail olduğu inkişafın Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğu bildirilib, habelə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı dövrdə Azərbaycanın iqtisadi-siyasi cəhətdən inkişaf edərək, SSRİ ölkələri arasında daha çox inkişaf edən ölkələrdən birinə çevrildiyi, Sovet İttifaqı Siyasi bürosunda yeganə müsəlman lider olan Ulu öndərin ərəb və islam dünyasının dostu kimi ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olduğu, onun Dövlət Təhsükəsizlik Komitəsində, Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı dövrlərdə tarixi fəaliyyəti, Heydər Əliyevin fəaliyyəti dövründə 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olunduğu, Azərbaycan həqiqətlərinin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırıldığı qeyd olunub.

Həmçinin məqalədə, Ümumilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən uğurlu siyasətin nəticəsində ictimai, iqtisadi stabilliyə nail olunduğu və Azərbaycan iqtisadiyyatının inkişafında yeni mərhələnin başlandığı, Azərbaycanda iqtisadi və siyasi sahələrdəki inkişaf, eləcə də sosial problemlərin həllinin Azərbaycan xalqının lideri Heydər Əliyevin adıyla bağlı olduğu, 1993-cü ildə Heydər Əliyev Azərbaycanın prezidenti seçilən zaman ölkə özünün ən ağır böhran vəziyyətini yaşadığı, lakin onun rəhbərliyi altında Azərbaycanın tezliklə iqtisadi böhrandan çıxmağı bacardığı və 1996-cı ildən etibarən isə ölkədə iqtisadiyyatının canlanma dövrünün başlandığı, iqtisadi islahatların ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasına təkan verdiyi, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və onun rəhbərliyi ilə həyata keçirilən enerji sahəsindəki ölkənin milli strategiyası respublikanın ümumi inkişafında mühüm rol oynadğı, 1994-cü ilin sentyabr ayında 8 ölkədən olan 11 beynəlxalq neft şirkəti ilə Xəzər dənizinin Azərbaycana aid hissəsindəki neft sektorunun işlənməsi və istismarını nəzərdə tutan "Əsrin Müqaviləsi"nin imzalandığı, habelə Azərbaycanın bu gün Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında öz inkişaf dinamikasında heç bir zaman əldə etmədiyi yüksəlişlə irəlilədiyi, Azərbaycanın İlham Əliyevin uzaqgörən və müdrik xarici siyasəti nəticəsində iqtisadi və demokratik islahatlar sahəsində regionun lider ölkəsinə çevrildiyi, bu gün regionun bir çox məsələlərində həlledici rol oynadığı, öz uğurlarının və sərvətlərinin bəhrəsini regionda əməkdaşlıq etdiyi ölkələrlə də paylaşdığı oxucuların diqqətinə çatdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.