Siyasət

Deputat: "Prezident İlham Əliyevin Sankt-Peterburqa uğurlu səfəri Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir"

7 Dekabr 2018 19:16
Baxış: 994

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə 6 dekabr tarixində Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirakı kifayət qədər uğurlu keçdi.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu səfər çərçivəsində təşkilatın gördüyü işlərə yekun vurulub, eyni zamanda, qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb:

"Azərbaycan üçün bu səfər bir neçə önəmli məqamlarla yadda qaldı. Dövlət başçıları birlikdə nahar etdilər, sonra Dövlət Akademik Mariinski Teatrda "Şelkunçik" baletinə baxdılar. Tamaşa zamanı Prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Rusiya Prezidenti Vladimir Putinin yanında sağda əyləşmişdi. Bu, dövlətimizin başçısına və onun şəxsiyyətinə xüsusi hörmətin, ehtiramın əlamətidir. Eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir".

Deputat qeyd edib ki, səfər çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla da görüşü oldu və bu görüş çərçivəsində münaqişənin tənzimlənməsi ilə əlaqədar fikir mübadiləsi aparıldı, ilk növbədə, atəşkəsin qorunub saxlanması və dövlət başçıları səviyyəsində təmasların baş tutması ilə bağlı mövqelər ifadə edildi: "Lakin bu, qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir".

E.Nəsirov vurğulayıb ki, Prezident İlham Əliyev N.Paşinyanla görüş zamanı girovların qaytarılması ilə bağlı məsələni bir daha gündəmə gətirdi və qeyd etdi ki, bu, "hamının hamıya" prinsipi əsasında baş tutmalıdır, o cümlədən, Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır.

O qeyd edib ki, eyni zamanda Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqda iclası keçirildi: "Həmin iclas çərçivəsində məlum oldu ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsinə Belarus nümayəndəsi rəhbərlik edəcək. Bu da Ermənistanın növbəti diplomatik məğlubiyyətidir. Paşinyan cidd-cəhdlə çalışırdı ki, bu məsələdə öz istəyinə nail olsun, ancaq növbəti dəfə Ermənistan diplomatiyası məğlubiyyətə uğradı".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.