Siyasət

Azərbaycan terrorla mübarizəni gücləndirir - Təhlükə azalır, reytinq qalxır

6 Dekabr 2018 20:36
Baxış: 1 180

Avropa Şurasının MONEYVAL Komitəsində Azərbaycanın terrorçuluqla mübarizədə əldə etdiyi uğurları yüksək dəyərləndirilməsi, eləcə də İqtisadiyyat və Sülh İnstitutunun "Qlobal terrorizm indeksi" hesabatında reytinqinin 3 pillə yüksəlməsi bizim üçün heç də qeyri-adi bir şey deyil. Bu, sadəcə reallığın və Azərbaycanın bu sahədə əldə etdiyi uğurlarının konstatasiyasıdır.  

Bu fikirləri Milli.Az-a "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanın terrorla mübarizədəki mövqeyi və qətiyyəti müstəqilliyini qazandığı ilk gündən indiyədək dəyişməyib: "Uzun müddətdir ki, dünyada terrorla mübarizədə böyük həyəcan yaşanır. Çünki ildən ilə artan terror aktları ayrı-ayrı fərdlərlə yanaşı müxtəlif dövlətləri əhatə edir. Azərbaycan da terror qurbanı olan ölkələrdəndir. Ölkəmiz uzun müddət erməni terrorizminin qurbanı olub. Daha sonra Suriya və Yaxın Şərq ölkələrində baş verən silahlı münaqişələr zamanı Azərbaycanın bəzi radikal təmayüllü vətəndaşlarının terror təşkilatının fəaliyyətinə cəlb edilməsi məlum oldu. Azərbaycan dünyada terrora qarşı mübarizədə ön sıralarda gedən dövlətlərdəndir. Bunun ən bariz nümunələrindən biri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Əfqanıstanda terrorla mübarizəyə töhfə verməsidir. Təsadüfi deyil ki, Əfqanıstan dünyada terror ehtimalının ən yüksək olduğu ölkələr siyahısına başçılıq edən dövlətlərdən biridir".



E.Ələsgərov qeyd edib ki, Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanları terrorla mübarizə sahəsində dünyanın müxtəlif ölkələrinin müvafiq qurumları, antiterror orqanları ilə sıx əməkdaşlıq edir: "Azərbaycanın bununla bağlı, xüsusilə, Rusiya, ABŞ və Türkiyə ilə sıx əməkdaşlıq etdiyini deyə bilərik. Hətta konkret faktlar var ki, Avropa ölkələrinin vətəndaşları terror fəaliyyəti ilə məşğul olublar və Azərbaycan xüsusi xidmət orqanları axtarışda olan və Azərbaycan vətəndaşı olmayan o şəxsləri tutub həmin ölkələrə təhvil verirlər. Avropada Azərbaycanın antiterror fəaliyyətində necə irəli getdiyini yaxşı bilirlər. Ona görə də nəticə etibarilə Azərbaycanın fəaliyyəti həm Avropa Şurasında, həm də digər beynəlxalq təşkilatların hesabatlarında yüksək qiymətləndirilir.

Ümid edirik ki, dünyada terror aktları getdikcə azalacaq. Amma reallıq onu göstərir ki, terror təşkilatları hazırda fərdlərə qarşı terrordan daha çox dövlətlərə qarşı terrora əl atırlar və bu, getdikcə yeni və geniş əraziləri əhatə edir. Azərbaycan isə təbii ki, bu mübarizədə fəallığını daha da artıracaq və artırır".

Qeyd edək ki, "Qlobal terrorizm indeksi" hesabatındakı reytinqin ilk sətirlərində terrorçuların fəaliyyəti və terror təhlükəsi kifayət qədər yüksək olan, sonuncu yerlərdə isə, ən təhlükəsiz ölkələr yer alıb. Azərbaycan 138 mümkün yerdən 98-ci sırada qərarlaşıb və bu göstərir ki, ölkədə praktiki olaraq, terror təhlükəsi yoxdur.

Bu göstəriciyə əsasən, Azərbaycan regionda liderə çevrilib. Ermənistan 83-cü, Gürcüstan isə 89-cu yerdə qərarlaşıb. Reytinq cədvəlinə dünya "liderləri" olaraq, İraq, Əfqanıstan və Nigeriya üçlüyü başçılıq edir.

Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları http://bakunetwork.com, Facebook, TwitterYoutube resurslarından da əldə etmək mümkündür.
 

İlkin İzzət
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.