Siyasət

21-ci əsrdə ikili standartlar: 230 il sonra...

6 Dekabr 2018 11:24
Baxış: 1 821

Fransa dövlət orqanlarının verdiyi məlumata əsasən, yanacaq qiymətlərinin bahalaşması 17 noyabr tarixində etibarən ölkənin əksər ərazilərində müşayiət olunan etiraz aksiyalarına səbəb olub. Rəsmi məlumatlara əsasən, etiraz aksiyaları zamanı 4 nəfər ölüb, 28 nəfəri polis olmaqla 528 nəfər yaralanıb. Saxlanılan 282 nümayişçinin 157-nə qarşı rəsmi ittiham irəli sürülüb. 
Fransa hüquq mühafizə orqanlarının verdiyi məlumatlarda kriminal və radikal qrupların üzvlərinin etiraz aksiyası adı altında kütləvi iğtişaşlar törətdiyi, ictimai-iaşə obyektlərinə, eləcə də nəqliyyat vasitələrinə zərər yetirdiyi, talançılıq və soyğunçuluqla məşğul olduğu öz əksini tapıb. Məsələ o həddə çatıb ki, hətta bir sıra dövlətlər öz vətəndaşlarına Fransaya səyahət xəbərdarlığı edib.

Paris şəhərinin 8-ci rayonunun meri Jan Dotser (Jeanne d'Hauteserre) indiyədək belə bir genişmiqyaslı hadisə ilə rastlaşmadığını etiraf edib. Fransada birdən-birə alovlanan bu hadisələrdə, əslində, yanacağın qiymətlərinin bahalaşması bir bəhanə olub. Əslində, reallıq Fransa vətəndaşlarının özünü demokrat hesab edən Emanuel Makronun siyasətindən narazı olduğunu göstərir. Hal-hazırda rəy sorğularında nüfuzu aşağı düşməkdə olan Makronun növbəti seçkilərdə məğlub olacağı ehtimalı yüksəkdir. Növbəti seçkilərdə ultrasağçı namizəd Mari Lö Penin seçilmə şansı getdikcə artır. 

Fransada müşayiət olunan aksiyalar zamanı bir sıra maraqlı hadisələr müşahidə olundu. Eyni tipli hadisələr Liviya və Suriyada da baş verib, amma qərbin çoxüzlü demokratik dəyərlərə sadiqliyi bir daha Fransa hadisələrinin fonunda özünü biruzə verdi. Polis tərəfindən etirazçılara qarşı genişmiqyaslı zorakılıq, mülki insanların öldürülməsi, həbs olunan insanlara qarşı zorakılığın tətbiq edilməsi halları "sarı jiletlilər"in aksiyaları zamanı geniş müşahidə olunub. Amma Fransa kimi özünü demokratik hesab edən dövlətlərdən irihəcmli qrant və ianələr alan nüfuzlu QHT-lər əfsuslar olsun ki səssizliklərini qoruyub saxlayırlar.

Azərbaycanda etiraz aksiyası zamanı polisin qanuni tələblərinə tabe olmayanda polisimizin davranışını sərt tənqid edən qərbli demokratlar niyə Fransada insanlara qarşı zorakılığa qarşı susurlar. BMT Təhlükəsizlik Şurasının qətnaməsi çıxan kimi dərhal Liviyanı yerlə yeksan etmək üçün hərbi təyyarələrini göndərən Fransa indi özü ciddi böhranla üz-üzədir. Bugünkü Liviyada xaosun birbaşa səbəbkarı olan demokratiyanın və qilyotinin vətəni olan Fransaya qarşı ikili standartların şahidi oluruq: Makrona olar, amma İvana, Məhəmmədə və digərlərinə olmaz.

Bu hadisələr bir növ 230 il bundan baş vermiş Fransa inqilabı zamanı cərəyan edən hadisələri xatırladır. O vaxtı qilyotinlərdə başı kəsilən, Nantda boğulan insanlar nədənsə demokratiya yolunda ciddi nailiyyət və tarix hesab olunur. Bugün də eyni ssenarinin başqa vasitələrlə tətbiqinin şahidi oluruq. Qalib heç vaxt mühakimə olunmur. Əsas odur fransız xalqı kef edir.

Aslan Məmmədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.