Siyasət

“Lazarev klubu”nda səsləndirilən fikirlər Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür - Azərbaycan XİN

5 Dekabr 2018 15:51
Baxış: 1 272

Rusiya-Ermənistan "Lazarev klubu"nun iclasında səsləndirilən fikirlər Azərbaycan-RF münasibətlərinə xələl gətirmək məqsədi güdür.

Bu barədə Milli.Az-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Yerevanda keçirilmiş Rusiya-Ermənistan "Lazarev klubunun" ilk iclasında səsləndirilən fikirləri şərh edərkən bildirilib.

XİN bəyan edir ki, Ermənistan və Rusiya KİV-ləri bu ilin 30 noyabr - 1 dekabr tarixlərində Yerevanda keçirilmiş Rusiya-Ermənistan "Lazarev klubunun" birinci iclası barədə məlumatlar yayıb:

"Özünü ictimai diplomatiyanın yeni formatı qismində təqdim edən bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri, hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulindir.

Təşkilatçılar tərəfindən Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələrinin iclasa dəvət olunması, həmçinin iclas zamanı K.Zatulinin özü, eləcə də Rusiya XİN-in Veteranlar Şurasının keçmiş sədri, fövqəladə və səlahiyyətli səfir ranqı olan Vladimir Kazimirov, K.Zatulinin rəhbərlik etdiyi MDB ölkələrinin institutunun direktor müavini Vladimir Yevseyev və digər şəxslər tərəfindən səsləndirilən və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı açıq hücum xarakteri daşıyan fikirlər Azərbaycan və Rusiya arasında mövcud olan yüksək səviyyəli münasibətlərə xələl gətirmək məqsədi güdür. Bundan əlavə, K.Zatulinin səsləndirdikləri MDB çərçivəsində əməkdaşlığın inkişafı maraqlarına qarşı gələrək, onun Dövlət Dumasının müvafiq komitə rəhbərinin birinci müavini statusuna uyğun gəlmir. V.Yevseyevin açıqlaması isə tamamilə cəfəngiyyatdır və MDB çərçivəsində əməkdaşlıq ruhuna zərbədir. Nəhayət, "Lazerev klubu"nun ümumi tonu Rusiya Federasiyası da daxil olmaqla, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinin irəli aparılması səyləri ilə ziddiyyət təşkil edir".

XİN həmçinin bəyan edir ki, Azərbaycan Respublikası məsələ ilə bağlı narazılığını Rusiya Federasiyasındakı Səfirliyi vasitəsilə Rusiya XİN-in diqqətinə çatdırıb.

Yusif Nəsirli
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.