Siyasət

Ciddi dönüş yaranıb - Dünyadakı azərbaycanlıların birliyi daha səmərəli şəkil alır

5 Dekabr 2018 07:00
Baxış: 1 938

Diaspor sahəsində isti münasibətlər yaranmağa başlayıb.

Müxtəlif ölkələrdəki sağlam qüvvələr bir araya gətirilir

Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları öz fəaliyyətlərində yeni mərhələnin başlandığını etiraf edir. Hansı təşkilat rəhbərini dindirsən, Diasporla İş üzrə Dövlət Komitəsinin işindəki sağlam, istiqaməti aparılan islahatları və ən əsası, isti münasibətləri təqdir edir. Artıq bir ölkə daxilində bir-biri ilə çəkişən, umu-küsü saxlayan diaspor təşkilatı demək olar ki, yoxdur. Sağlam idarəçilik, səmimi münasibət demək olar ki, bütün vətənsevər qüvvələrin bir araya gəlməsinə şərait yaradıb.



Prezident İlham Əliyev tərəfindən yaradılan Diaspora Dəstək Fondu isə dünyada Azərbaycanın diaspor ənənələrinin formalaşaraq daha da inkişaf etməsinə möhkəm təməl yaradacaq. Xarici ölkələrdəki təşkilatlarımız Komitə ilə yaxın münasibətlər qurmaqla dövlətə, xalqa, milli dəyərlərə sahib olmaq yolunda iri addımlarla hərəkət edə biləcəklər.

Bu arada, Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarında da Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində görünən müsbət dəyişikliklər, soydaşlarımızın diaspor təşkilatlarında daha sıx birləşmək istəyi, Komitə ilə diaspor təşkilatları arasında formalaşan sağlam münasibətlər müsbət qarşılanıb.

Milli.Az Milli Məclis üzvlərinin son dövrlərdəki diaspor fəaliyyətinə münasibətini öyrənməyə çalışıb.

"Hiss olunur ki, möhkəm və dayanıqlı əsaslarla təşkilatlanma işi aparılır, inkişaf  gedir"

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Əflatun Amaşov son dövrlərdə diaspor sahəsindəki uğurları mətbuatdan diqqətlə izlədiyini söyləyib:

"Diasporla İş üzrə Dövlət Komitəsinin yeni rəhbərinin ayrı-ayrı ölkələrə səfərlərini, azərbaycanlılarla görüşlərini izləyirəm. Hiss olunur ki, möhkəm və dayanıqlı əsaslarla təşkilatlanma işi aparılır, inkişaf gedir. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu məsələləri mütəmadi olaraq diqqətdə saxlayıram. Gürcüstana gedərkən yerli Azərbaycan icması və soydaşlarımızla görüşürəm. Gözləntilərim çoxdur. Gürcüstanda soydaşlarımızın sosial mövqeyi, dil və mədəniyyət sahəsindəki inkişafı diqqət mərkəzindədir. Azərbaycanlılar aktiv şəkildə Gürcüstan cəmiyyətinə inteqrasiya olunmalıdırlar.

 Eyni zamanda Gürcüstanda yaşayan azərbaycanlıların problemlərini də unuda bilmərik. Əsas problemlərdən biri məktəblərlə bağlıdır. Gürcüstan ali məktəblərində 5 minə yaxın azərbaycanlı gənc təhsil alır. Bu da çox müsbət haldır. Çox yaxın zamanlarda azərbaycanlılar gürcü dilini lazım olan səviyyədə biləcəklər. Bu zaman dövlətin idarə olunmasında onların iştirakı fəallaşacaq. Amma milli mədəniyyətimizi də yaşatmalıyıq. Milli mədəniyyətimiz orta məktəblərdə ana dili dərsləri vasitəsilə təbliğ oluna bilər. Təəssüf ki, bu sahədə çox ciddi problem var. Artıq Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimlərin yaşı 70-80 arasındadır. Vaxtilə Gürcüstanda Puşkin adına institut vardı. Burada Azərbaycan dili üzrə də mütəxəssislər yetişirdi. İndi həmin institut bağlanaraq istiqamətini dəyişib. Heç bir ali məktəbdə Azərbaycan dili və ədəbiyyatı üzrə fakultə yoxdur. Bu məsələ dəfələrlə gündəmə gəlib. Çox istərdim ki, diaspor bu məsələ üzərində də dayansın. Diasporla İş üzrə Dövlət Komitəsinin də yenilənmiş fəaliyyət proqramı çərçivəsində bu məsələni diqqətdə saxlayacağına əminəm".

"Təşkilatlarımız komitənin ətrafında sıx birləşməlidir"

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Rüfət Quliyev artıq Ukraynadakı diaspor təşkilatlarının işini qənaətbəxş hesab edir:

"İşçi qrupunun sədri olaraq Ukraynadakı vəziyyəti daim diqqətdə saxlayıram. Ukrayna Ali Radasının ən azı 7-8 deputatı ilə vaxtaşırı görüşüb məsələləri müzakirə edirik. Azərbaycanın ən çox diaspor təşkilatları Ukraynadadır. Ümumilikdə Ukraynadakı diaspor təşkilatlarının işini qənaətbəxş hesab etmək olar. Azərbaycanla bağlı mühüm tarixi günləri unutmurlar. Amma belə bir deyim var ki, tək əldən səs çıxmaz. Ona görə də təşkilatlarımız Komitənin ətrafında sıx birləşməlidir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri işinin öhdəsindən gələn adamdır. Komitəyə təyinat almasından keçən az vaxtda önəmli yeniliklər edib, ən vacib məsələ olan koordinasiya işini yenidən qurur. Dünya azərbaycanlılarının, diaspor təşkilatlarının mərkəzləşmiş qaydada idarə olunmasına, onların inzibati və təşkilatı aspektdən birləşməsinə ehtiyac var və hesab edirəm ki, yeni rəhbərlik müəyyənləşdirdiyi yeni idarəçilik planları ilə bu məsələni kökündən həll edəcək. Parlamentdə İşçi qrupun rəhbəri olaraq Diaspor Komitəsinin həyata keçirdiyi islahatları dəstəkləyirəm". 

"Yaxın vaxtlarda soydaşlarımızın diaspor təşkilatları ətrafında daha da sıx və sağlam birliyinin şahidi olacağıq"

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fəzail Ağamalı hesab edir ki, belə davam edərsə, diaspor təşkilatlarının işində daha böyük uğurlar əldə ediləcək:



 Diasporla İş üzrə Dövlət Komitəsinə yeni sədrin təyin olunmasından sonra hər kəs kimi mən də fərqli bir yanaşmanın şahidi oldum. Diaspor sahəsində isti münasibətlər yaranmağa başlayıb. Ayrı-ayrı ölkələrdəki sağlam qüvvələr bir araya gətirilir. Əminəm ki, yeni sədr cənab Prezidentin onun qarşısında qoyduğu çox ciddi vəzifələri yerinə yetirə biləcək. Kifayət qədər dinamik, ağıllı, savadlı və dövlətə bağlı insandır. Şübhəm yoxdur ki, yaxın vaxtlarda xaricdə yaşayan soydaşlarımızın diaspor təşkilatları ətrafında daha sıx və sağlam birliyinin, dayanıqlı fəaliyyətinin şahidi olacağıq.

Qaldı Türkiyədəki diaspor təşkilatlarımıza, onu deyə bilərəm ki, orada diaspor bir qədər fərqlidir. Çünki Türkiyə ilə eyni kökə, dinə, dilə malikik. Azərbaycanda 7-dən 70-ə qədər hamı Türkiyənin diasporudur. Kimi dindirsən ancaq qardaş Türkiyə haqqında xoş sözlər söyləyə bilər. Əgər xatırlayırsızsa, bir neçə il bundan qabaq Türkiyəyə qarşı böhtan xarakterli fikir söyləyəndə Prezident İlham Əliyev "Türkiyə prezidenti burada deyil, amma mən buradayam" deməklə ermənilərin tutarlı cavabını vermişdi. Türkiyə-Azərbaycan münasibətlərinin dünyada analoqu yoxdur. Hər iki ölkə arasında diaspor işləri daha da güclü inkişaf edəcək".

Düşüncə və siyasi əqidəsinə fərq qoyulmadan hər bir azərbaycanlıya sahib çıxılır.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsində kadr islahatlarından sonra xaricdə yaşayan azərbaycanlıların daha çevik və səmərəli şəkildə təşkilatlanması, təşkilatların fəaliyyət istiqamətinin əlaqələndirilməsinə yönələn islahatları ciddi şəkildə diqqət mərkəzində saxlanılır. Artıq xaricdə yaşayan azərbaycanlılar siyasi baxışlarına görə təsnifatlanmır və Komitə hər hansı düşüncəyə fərq qoymadan hər bir azərbaycanlıya sahib çıxır.

Bu istiqamətdə müxtəlif ölkələrdə koordinasiya şuralarının təsis edilməsi öz səmərəsini dərhal verməyə başlayıb. Koordinasiya şuralarının yaradılması və buna Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa dəstək verməsi artıq Avropada məskunlaşan və erməni himayədarlarının maliyyəsi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparan boşboğazların "işinə" ciddi maneə yaradıb. İslahatlar və mükəmməl əlaqələndirmə strategiyası sayəsində diaspor təşkilatlarında güclü və mütəşəkkil, yeni tələblərə uyğun təşkilatlanma prosesinin başlanması antimilli qüvvələrin əl-qolunu bağlayıb. Diaspor təşkilatlarının səmərəli fəaliyyət göstərməsi üçün görülən tədbirlər xaricdə yaşayan soydaşlarımız arasında milli maraqlara, Azərbaycanın nüfuzunun artmasına xidmət göstərmək istəyini motivasiya edib və hər kəsin vahid məqsədlər üçün bir mövqedə birləşməsinə stimul verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması isə xaricdə ölkələrdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etməyə kömək edəcək.

Yəni artıq Azərbaycan diasporunun fəaliyyəti təkcə dövlət büdcəsi hesabına maliyyələşməyəcək, iş adamlarının, imkanlı şəxslərin və Vətəninə hansısa yardımdan məmnunluq duyan soydaşlarımızın diaspor fəaliyyətinə dəstək göstərmələrinə də şərait yaranacaq.

Yusif Nəsirli
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.