Siyasət

"Ermənilər əqidəsiz rusları satın alıb Rusiyanın dövlət siyasətinə qarşı çıxış etməyə sövq edirlər"

3 Dekabr 2018 13:04
3 Şərh     Baxış: 1 754

"Rusiyada ermənidən çox erməni olan bir sıra rus mənşəli ictimai-siyasi xadim var. Onlar vaxtaşırı olaraq Ermənistanın Azərbaycana qarşı torpaq iddiasını bəraət qazandırmağa, ən əsası isə buna Rusiyanın mövqeyi kimi don geyindirməyə çalışırlar. Lakin bu, yalnız onların öz şəxsi mövqeləridir. Azərbaycan-Rusiya münasibətlərində prezident Vladimir Putinin müəyyən etdiyi baza prinsipləri var və münasibətlərin həmin prinsiplərin əsasında inkişaf edir. İndiyədək Rusiya hakimiyyəti bir dəfə də olsun Azərbycanın ərazi bütövlüyünü şübhə altına alan və iki ölkə arasında münasibətlərə xələl gətirə biləcək fikir işlətməyib, hər bir halda Azərbaycanın mövqeyini dəstəkləyir".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Rusiyanın MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyevin İrəvanda anti-Azərbaycan mövqeli çıxışına münasibətində bildirib.

Millət vəkilinin sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın dövlət kimi güclənməyindən asılıdır: "Torpağımızı işğal edən Ermənistan bu gün ciddi-ictimai siyasi, ən əsası isə dövlətçilik böhranı keçirir, o, hələ öz strateji inkişaf yolunu müəyyənləşdirə bilməyib. Bundan fərqli olaraq torpağının bir hissəsi işğal edilmiş Azərbaycan bütün müsbət göstəricilər üzrə dünya reytinq cədvəllərində irəliləyir. Azərbaycanın öz ərazi bütövlüyü fonunda apardığı mübarizənin mütləq öz müsbət verəcəyinə isə heç bir şübhə yoxdur. İki il bundan əvvəlki aprel hadisələri, eləcə də bu ilin may ayında Naxçıvanda Günnüt kəndinin azad edilməsi bir daha göstərdi ki, Azərbaycan qətiyyətlə öz ərazi bütövlüyünə doğru gedir. Azərbaycan, həmçinin bütün sahələrdə Ermənistana təzyiq göstərərək onu regional layihələrdən kənarlaşdırıb və Azərbaycanın ərazi bütövlüyünü tanımasına məcbur edir.
   Rusiyadan olan müəyyən adamların Rusiyanın dövlət siyasətinə zidd çıxışları isə heç nəyi dəyişmir. Bu çıxışların müəyyən maddiyyat qarşılığında baş verdiyi də heç kimdə şübhə doğurmur. Xaricdəki erməni diaspor dairələri vaxtaşırı bu və ya digər səbatsız, eyni zamanda əqidəsiz insanları satın alaraq Ermənistanın mövqeyindən çıxış etməyə sövq edirlər. Ancaq bu hadisələr situasiyanı qətiyyən dəyişmir. Azərbaycan-Rusiya münasibətləri durmadan inkişaf edir, ölkəmizin Dağlıq Qarabağ məsələsində mövqeyi günbəgün güclənir və Ermənistanın işğal etdiyi torpaqların azad edilcəyi gün heç də uzaqda deyil. Azərbaycanın prinsipial siyasəti və gücü nəticəsində Ermənistan bunu etməyə məcbur olacaq".

Qeyd edək ki, Milli.Az-ın məlumatına görə, İrəvanda Rusiyanın və Ermənistandan olan siyasi xadim və ekspertlərindən ibarət "Lazarev klubu"nun iclasında çıxış edən Rusiyanın MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyev qatı anti-Azərbaycan mövqeyi ilə yadda qalıb. Rusiya Prezidenti Vladimir Putinə yaxın adamlardan biri olduğu deyilən Vladimir Yevseyev çıxışında işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasının yolverilməz olduğunu deyib.

Ermənistanın işğalçı mövqeyini müdafiə edən və işğal edilmiş ərazilərdə yaradılmış separatçı-terrorçu rejimi respublika kim təqdim edən Yevseyevin fikrincə, Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində böyük üstünlüyə malikdir və 2016-cı ilin aprel döyüşləri bir daha təkrarlanmamalıdır. Bu məqsədlə Rusiyanın Ermənistana "İskəndər" raketlərini verməsi mühüm rol oynayıb. Çünki bu, birbaşa cavab zərbəsi ilə Bakını vurmaq məsələsini ortaya gətirib.

Onun sözlərinə görə, Azərbaycan ordusunun Belarus və İsraildən aldığı müasir hərbi texnika və silahlarla keyfiyyətcə güclənməsi Dağlıq Qarabağın güc yolu ilə qaytarılmasını ehtimalını artırır. Lakin Yevseyev bildirib ki, Azərbaycanın əldə etdiyi "Polonez" raket kompleksi və İsraildən alınan silahlar "İsgəndər"lə müqayisə oluna bilməz və ona tab gətirməyəcək.



Dağlıq Qarabağ ətrafındakı rayonların ermənilər üçün təhlükəsizlik zolağı olduğunu deyən Yevseyev bu rayonlardan hər hansı birinin qaytarılmasının yolverilməz olduğunu bildirib. Onun fikrincə, bu, Azərbaycan ordusunun ümumilikdə Dağlıq Qarabağı geri qaytarmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamasını stimullaşdıracaq.

Ermənistanla Rusiya arasında hərbi-siyasi əməkdaşlığı daha da gücləndirməyin və Rusiya tərəfindən Ermənistanın daha çox silahlandırılmasının vacib olduğunu qeyd edən rusiyalı avantüristin fikrincə, əks halda bu, Dağlıq Qarabağın özünün mövcudluğunu sual altına qoya bilər. O deyib ki, guya Türkiyə Naxçıvanda öz hərbi mövcudluğunu artırır və Naxçıvan istiqamətindən Ermənistana yayındırıcı zərbələr endirilə bilər. Yevseyev, həmçinin bildirib ki, əvvəllər danışıqlarda yalnız snayperlərdən imtina olunmasından söhbət gedirdisə, indi ağır silahlar da cəbhə xəttindən uzaqlaşdırılmalıdır ki, Dağlıq Qarabağdakı məntəqələri vurmaq mümkün olmasın.

Xatırladaq ki, "Lazarev klubu" Ermənistan-Rusiya əlaqələrini gücləndirmək məqsədilə qatı anti-Azərbaycan mövqeyi ilə seçilən və daim ermənilərin sifarişi ilə təxribat xarakterli bəyanatlar səsləndirən rusiyalı deputat, Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin təşəbbüsü ilə yaradılıb.

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.