Siyasət

Yalanların içində qovrulan UĞURSUZ

24 Noyabr 2018 09:38
Baxış: 4 111

Son 25 ildə Azərbaycan müxalifəti, daha doğrusu, məntiqə və reallığa müxalif olanlar israrla təkrarlayırlar ki, onlar "gərgin fəaliyyət" göstərirlər. Halbuki bu siyasi ölülərin fəaliyyəti yığnaqlara daha çox bənzəyən mini-mitinqlər düzənləmək, ölkə və millətin azadlığı ilə gələcəyi uğrunda çalışanların abidəsi önünə yığışıb qışqırmaq, yaxud da şəhidlərin məzarlarına yürüş edərək orada nə isə söyləməkdir.

Noyabrın 17-də də AXCP adlı qeyri-hökumət təşkilatının lideri Əli Kərimli bir dəstə tərəfdarını başına toplayaraq Şəhidlər Xiyabanına yollandı. Ki, orada yenə də pafoslu nitq söyləsin, qarğış və nifrinlərini təkrarlasın.

İndiyədək Əli Kərimliyə polislər toxunmurdu. Daha doğrusu, AXCP sədrini siyasətdə qeyri-adekvat adam sayan polis həmin şəxsin buffonadalırını istehza ilə seyr edirdi.

Noyabrın 17-də isə polisin səbr kasası daşdı. Çünki Milli Dirçəliş Günündə Şəhidlər Xiyabanındakı aksiya sanksiyalaşdırılmamış hadisə idi.

Hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq qeyri-qanuni aksiyanın qarşısını alıb və bunun insan hüquq və azadlıqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur. Polis üçün əsas meyar siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir.

Dünyanın bütün normal ölkələrindəb belədir. ABŞ, Fransa, Kanada, Britaniya - bir sözlə, bütün demokratik ölkələrdə müvafiq sanksiya olmadan keçirilən yürüşlərdə aqressiya varsa, polis dəyənəkləri işə salır. Qanun sərtdir: əgər hakimiyyət sanksiya verməyibsə, aksiya qanunsuzdur.

Əli Kərimli də yürüş-mitinq barədə əlaqədar dövlət orqanlarına əvvəlcədən heç bir məlumat verməmiş, xəbərdarlıq etməmişdi.

Əslində, həmin "başmaq seyri"ni yürüş-mitinq adlandırmaq da çox çətindir: 20-30 adam və Əli Kərimlinin Şəhidlər Xiyabanına üz tutması radikal müxalifətçilərin aqoniyası idi.

O aqoniyanın səsi çıxdı.

Azərbaycan əhli xatırladı ki, sən demə, Əli Kərimli hələ var, AXCP sədridir və harasa yollanıb.

Qərb mediası dərhal xəbərlər yaydı ki, "Azərbaycanda müxalifət lideri tutulub".

Avropa ölkələrində yaşayan, əxlaq və ağıldan mühacir düşmüş bir dəstə şəxs də dərhal şivən qaldırdılar ki, bəs həşəmətli Qərb, imdad, Əli Kərimli əldən gedir.

Əli Kərimlinin saxlanan anda çəkilən və sosial şəbəkələrdə yayılan bu fotosunu gördünüzmü? İnsanın simasında bəxtəvərlik ifadəsi var.

O, məqsədinə çatdığını, hələ var olduğuun xatırlatdığını, ən başlıcası isə varlığını Qərbin yadına saldığını düşünüb xoşhallanırdı.

Cərimələnən Əli Kərimli buraxıldı və ona bir daha deyildi ki, bundan belə harasa yürümək, haradasa mitinqvari nəsə etmək istəyirsə, əvvəlcədən icazə, sanksiya almalıdır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin və əlaltılarının Şəhidlər Xiyabanına yürüş edərək orada mitinq keçirmək istəkləri nə demokratik arzudur, nə də insan haqları və fikir sərbəstliyi ilə bağlı məsələdir. Olay heç sərbəst toplaşmaq azadlığı kimi prinsipial, normal cəmiyyətin təməl anlamlarından biri ilə də uzlaşa bilməz.

Bu aksiyanın sadəcə, bir məqsədi vardı: "Biz də varıq, biz hələ ölməmişik..."

Şəhidlər Xiyabanında sırf provokativ yürüşdən əvvəl Əli Kərimli yenə də dedi: "Hakimiyyət son günlərini yaşayır".

Halbuki "bəy" hələ də dərk etmək istəmir ki, bu ifadə köhnəlib, nimdaşlaşıb, meşin qoxuyur.

Çünki artıq 25 ildir ki, "son günlərini yaşayan hakimiyyət" çoxdan koma vəziyyətində olan müxalifətin bihal vücudunu süni tənəffüs aparatına qoşub, siyasi partiyalara dövlət büdcəsindən vəsait ayırır, bu əyalət kəndirbazlarının məzhəkələrinə göz yumur, onların qumsallıqda oynamalarını səbrlə müşahidə edir.

Tam 25 ildir ki, Əli Kərimli və tərəfdarları harasa yürüyür, fikirlərini harasa sürüyür, haradasa toplaşır, haradasa hədələyir və sonra da Qərbə üz tutub "gördünüzmü?" sualını irad edirlər.

25 ildən bəri "gələn" Əli Kərimli və dəstəsi olmaya özlərini Hz.Musa sayırlar ki, milləti 40 il dolandırandan sonra dayanacaqlar - kim bilir...

Müxalifətdə qocalanlar hələ də hədələyirlər, amma unudurlar ki, hakimiyyət onları maraqla izləyir.

Axı kukla teatrının özü də incə, gözəl sənətdir.

Bundan başqa, siyasəti marazm səviyyəsində qavrayan Əli Kərimliyə bir daha - artıq neçənci dəfə - xatırlatmaq istərdik ik, dünyanın heç bir ölkəsində iqtidarda olan siyasi güc ona müxalif duran struktura, hərəkata maksimum loyallıq göstərmir. Azərbaycanda əksinin olacağını düşünənlər və ya bunu arzulayanlarsa siyasətin təməl prinsiplərini anlamayan insanlardır.

Gerçəklik sadədir: Azərbaycan vətəndaşları nimdaş, inkişaf etməyən müxalifətə, yalnız özünü və ətrafını düşünən, ambisiyalarını təmin etməyə çalışan insanlara inanmırlar.

Əli Kərimli və radikal müxalifətdəki digər marionetkalar çoxdan fiaskoya uğramış insanlardır.

Xalqın da onlara münasibəti bəlli.

Onlar xəyallarla yaşayır, illüziyalara qapılırlar və bu, ölkə müxalifətinin hakimiyyətə ən böyük "hədiyyəsi"dir.

Axı sadaladığımız insanlar, adlarını çəkdiyimiz "lider"lər nəyə, kimə və niyə güvənirlər?!

İllərdən bəri eyni hərəkətləri təkrarlayıb, eyni sözləri söyləyib indi fərqli nəticə gözləmək, bağışlayın, ya sadəlövhlükdür, ya da primitiv şüurun işartısıdır.

Əli Kərimli isə, deyəsən, könüllü şəkildə hansı tələyə düşdüyünü, dövlətin dayaqlarına yönəlmiş siyasi və sistem xaosu arzulayanların istəklərini anlamamış kimi davranaraq siyasi tamahının qurbanına döndüyünü etiraf etmək istəmir.

Əslində, təəccüblənməməliyik. Əli Kərimli özünü göstərmək istədiyi kimi radikal və ya prinsipial deyil. O, məfkurəyə tüpürmək belə istəmir.

AXCP sədri öz maraqlarına çatmaq üçün hətta ən qəvi düşməni ilə də müttəfiq ola bilər.

Və 1994-cü ildə hakimiyyət mənsubları ilə kuluar sövdələşmələri aparan, indisə radikal dindarlarla sövdələşən, AXCP-də "Yurd" qurub partiyanı yurdsuz, sərgədan siyasi təşkilata çevirən, "Əbülfəz Elçibəy SPİD-ə yoluxub" şayiəsinin yayılmasında birbaşa "zəhmət"i olan Əli Kərimli indi siyasi mübarizədə mənəviyyat kriterilərindən danışanda nə qədər gülünc təsir bağışladığının fərqindədirmi?..

Son 30 ildə özünü ölkə müxalifətinin lideri sayan tovariş Kərimli əslində, ölkədə qarşıdurma yaratmaq istəklərində boğulmaqdan başqa heç nəyə nail olmayıb.

Üstəlik, Əli Kərimli özünü az qala "millətin nicatı" kimi cəmiyyətə təqdim edirsə, deməli, onun sədrlik etdiyi AXCP, daha doğrusu, AXCP-nin "Mədain xərabələri" çağdaş vəziyyəti anlamır, siyasi proseslərin nəbzini tuta bilmir, sivil və demokratik müxalifətçiliyi bacarmır.

Əli Kərimlini yalnız qisas maraqlandırır.

Anlaşılandır, axı Əli Kərimlinin üzərinə götürdüyü öhdəliklər, verdikləri vədlər var.

Axı "ağa"lar sinirlənə bilərlər.

Onlar ölkəni Suriyanın, İraqın, Liviyanın gününə salmaq üçün götürdükləri öhdəliklərin müqabilində alacaqları qrant kanallarının bağlanmasının qisasını almaq istəyirlər. İslam dünyasında mütərəqqi və nümunəvi ölkə hesab edilən Azərbaycandan dini dözümlülüyün, dini sabitliyin, vəhdət namazlarının qisasını almaq istəyirlər. Ən nəhayət, Azərbaycan xalqından onlara etimad göstərməyib, 25 ildir müxalifətdə saxlamasının qisasını almaq istəyirlər.

Qərbin dəstəyinə bel bağlayan Əli Kərimli başa düşmür ki, bunca bel bağladığı Qərbə indi illüzor "rəngli inqilab"lar, mifik "demokratiya məşrutəsi" yox, stabillik gərəkdir.

Avropanın eyninə də deyil ki, Əli Kərimli bu gün nə dedi, nə istədi, boğazını arıtlayıb Facebook-dakı "canlı yayımda"da ağlamsınaraq nədən şikayətləndi.

Tarixi, siyasi, geosiyasi mənafelərdən tutmuş, mədəni, kulturloji, sosial və qeyri məqamlaradək olan amilləri nəzərə alan Qərb indi Avropanın siyasi liberalizminin nə olduğunu anlamış ölkələri dilə tutmağa çalışır.

Rusiyanın indiki "Yeni Bizans" siyasəti, İranın teokratiyası, Ermənistanın işğalçı siyasəti kimi geosiyasi çağırışlara sinə gərən, siyasətində və cəmiyyətində tolerantlığı, Avropa dəyərlərinə sayğını, Şərq ənənələrinə yaşam tərzi hörmətini, bütün səmavi dinlərə açıq qəlbini qoruyan Azərbaycanda stabillik Avropa üçün ən önəmli məsələdir.

... Əli Kərimlinin və dəstəsinin Şəhidlər Xiyabanına "yürüş"ündəki  tragikomizm əslində AXCP sədrinin özünü saldığı tələdir. O, öz əcəli ilə ölən mitinq taktikasının bir nəticə vermədiyini gördüyü üçün indi belə absurd perfomansa əl atır, "şəhidlərin məzarlarına çiçək qoymaq istəyirdik" kimi yalnız ona az qala Supermen kimi baxan tərəfdarlarını inandıra bilər.

Rusiyada 1917-ci ildə Fevral İnqilabından sonra hakimiyyətə gəlmiş Aleksandr Kerenski barədə Britaniyanın baş naziri olmuş əfsanəvi siyasətçi Uinston Çörçilin bir deyimi var: "O insan siyasətdə təsadüf olduğu üçün səbəb-nəticə qanunlarına uyğun olaraq məhv oldu".

Əli Kərimli də AXCP-nin hakimiyyətdə olduğu dövrdə siyasətin və hakimiyyətin nə olduğunu əsla əxz etmədiyi üçün indi də primitivizmlə məşğuldur.

Başqa cür ola da bilməz, çünki əks üçün düşüncə fərqli olmalıdır.

Əli Kərimli azadlıqdan və ədalətdən danışmağı çox sevir.

Və o, yenə də çox yarıtmaz siyasətçi olduğunu göstərdi.

Ölkədə protest hərəkatının əsl lideri, özü iddia etdiyi kimi, "milyonların iradəsini dilə gətirən adam" Şəhidlər Xiyabanında saxlanandan, polis idarəsinə aparılandan, Qərb mediasında tutulması barədə xəbərlər yayılandan və sonda cərimələnib buraxılandan sonra nə edərdi?!

Adekvat, normal, intellektual siyasətçi dərhal ən yaxın ətrafını və müttəfiqlərini başına toplar, müzakitrələr aparar, yaranmş vəziyyəti təhlil edər və müxalifətin yeni mübarizə metodları ilə hədəflərinin açıqlandığı bəyanatla çıxış edərdi.

Əli Kərmli isə dərhal Qərbə yalvarmağa qaçdı, Qərb ölkələrinin Bakıdakı nümayəndəliklərinə tapındı.

Halbuki hakimiyyət siyasi meyitə çevrilən, AXCP sədri statusunu Facebook-da bloqerliyə bağışlayan Əli Kərimlini saxlamaqla ona fenomenal şans vermişdi: Kərimli nəhayət ki, "saxlanılan, tutulan, təqiblərə və repressiyalara məruz qalan siyasətçi" kimi danışa bilərdi.

Bu isə siyasəti çoxdan alverə çevirərək qrant istismarı ilə məşğul olan radikal müxalifət üçün yeni pul axını səbəbinə dönə bilərdi.

Qərbə gəldikdə isə, ABŞ və Avropa ölkələrinin siyasi güc mərkəzləri Azərbaycan müxalifəti ilə bağlı taktikalarını çoxdan dəyişərək strategiya qismində siyasi botanika nümunəsi İlqar Məmmədovla siyasi təkamül qanunlarını tərs işlədən Əli Kərimliyə stavka etmək məcburiyyətindən beziblər. Seçim yoxdur, anlayırıq: hər halda Arif Hacılı, Rəsul Quliyev və ya siyasətin biveclik rekordunu vurmuş Arif Məmmədov hesaba alınası deyil ki.

... Noyabrın 17-də Şəhidlər Xiyabanında Əli Kərimlinin tragikomik aksiyası beləcə, ölkə müxalifətinin "payız fəallığı" ümidlərini torpağa gömdü.

Artıq qışdır. Müxalifət bahara ümidlidir.

Həmişə olduğu kimi.

Amma o müxalifətçilərin nəzərinə kiçik nüansı çatdırmaq istərdik: Əli Kərimli məhkəmə zalından çıxanda geri dönüb arxasına belə, baxmadı.

Halbuki həmin zalda ona inanan, onun arxasınca Şəhidlər Xiyabanına "yürüş" edən gənclər müttəhimlər kürsüsündə idilər.

O gənclər ki, Əli Kərimli üçün ən yaxşı halda "işlənmiş material" statusundadır...

Elçin Alıoğlu
Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.