Siyasət

"Azərbaycan və Belarus prezidentlərinin Birgə Bəyanatı Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü bir daha sübuta etdi"

21 Noyabr 2018 12:08
Baxış: 731

Azərbaycan və Belarus prezidentlərinin Birgə Bəyanatı Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü bir daha sübuta etdi.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Səs" Media Holdinqin rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, Prezident İlham Əliyevin Belarusa səfəri və bu səfər çərçivəsində qəbul edilmiş birgə qərarlar, eləcə də imzalanmış sənədlər iki ölkə arasında uzun illərə söykənən dayanıqlı münasibətlərin məntiqi nəticəsidir: "Xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 6 bəndlik memorandum, o cümlədən, iki ölkə prezidentlərinin görüşlərinin protokol ilə nəzərdə tutulmuş vaxtından daha çox keçməsi belə deməyə əsas verir".

Ekspert qeyd edib ki, bu görüşdə bütün sahələri əhatə edən müxtəlif məsələlər barədə danışıldı və ən əsası, Belarusun ölkəmizə olan münasibəti bir sıra əhəmiyyətli aspektlərdən diqqəti cəlb etdi: "Eyni zamanda, Prezident İlham Əliyevin Belarusa 5 dəfə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun isə Azərbaycana 4 dəfə rəsmi səfər etməsi dövlət başçılarının mütəmadi olaraq sıx əlaqə saxladıqlarını göstərir. Bu gün Belarus istər MDB məkanında, istərsə də dünyada öz iqtisadiyyatı, sənayesi, xüsusilə hərbi sənayesi ilə özəl çəkiyə malik ölkələrdən hesab olunur. Əbəs deyil ki, cənab Lukaşenko dövlət başçımızla görüşündə Azərbaycanın Belarus üçün etibarlı strateji tərəfdaş olduğunu vurğuladı və qeyd etdi ki, Belarus Azərbaycanla dostluğu və əməkdaşlığı yüksək qiymətləndirir. O cümlədən, Aleksandr Lukaşenko Avropanın mərkəzində Azərbaycanın mənafelərinin irəliləməsinə səmimi və açıq şəkildə kömək etməyə hazır olduqlarını da bildirdi ki, burada təhlükəsizlik, hərbi və strateji məsələlər də yer almaqdadır".

B.Quliyev deyib ki, ölkələrimiz arasındakı münasibətlərin məhz bu istiqamətdə qurulması eyni zamanda yüksək etimadın göstəricisi kimi qiymətləndirilməlidir: "Belarus Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi təşkilatlarda əsas söz sahiblərindən biridir və hər zaman regional məsələlərdə Azərbaycanın ədalətli mövqeyindən çıxış edir. Bu faktor yaxınlarda da öz təsdiqini tapdı. Diqqət yetirsək görərik ki, Ermənistanın KTMT-də boş qalmış yeri məsələsində işğalçı ölkənin növbəti namizədinin irəli sürməsi iddiasına Belarus Qazaxıstanla birgə qəti mövqe sərgilədi və həmin mövqe qurumun sammitində erməniləri ciddi şəkildə məyusluğua uğratdı. O cümlədən, rəsmi Minsk Ermənistanın hazırkı rəhbərliyinə rəsmi şəkildə öz fikrini çatdıraraq, beynəlxalq siyasətin küçə siyasəti ilə bir yerdə ola bilməməsini vurğuladı. Ümumiyyətlə, belə bir dəstək artıq öz-özlüyündə ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə inkişaf etdiyini göstərdi".

O, Prezident İlham Əliyevin Belarusa səfəri çərçivəsində önəmli fikirlərə toxunduğunu xatırladaraq vurğulayıb ki, beynəlxalq məsələlərdə qarşılıqlı dəstək güclü təməllərə söykənən səmimi münasibətlərin bariz göstəricisidir:

"Əbəs deyil ki, bu yaxınlarda Belarus hərbi əməkdaşlıq çərçivəsində Azərbaycanı "Polonez" raket kompleksləri ilə təmin etdi və Azərbaycan da öz növbəsində bir sıra iqtisadi məsələlərdə Belarusa öz dəstəyini nümayiş etdirməkdədir. Cənab İlham Əliyev Aleksandr Lukaşenko ilə görüşündə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artmasına, nəqliyyat, logistika, maşınqayırma sənayesi, neft-qaz layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı, həmçinin digər sənaye sahələrindəki davamlı əlaqələrə toxunaraq bu dinamikanın ilbəil artdığını vurğuladı. Bütün bunlar əlbəttə ki, Azərbaycanın istər MDB məkanında, istərsə də dünyadakı nüfuzunun artmasının göstəricilərdir. Azərbaycan-Belarus münasibətləri və həmin münasibətlərdən doğan reallıqlar da birmənalı olaraq bu kimi qənaətlərə gəlməyə kifayət qədər zəmin yaratmış oldu. Ən vacib sənəd isə dövlət başçıları tərəfindən imzalanmış Azərbaycan Respublikası və Belarus Respublikası prezidentlərinin Birgə Bəyanatı oldu. Bu sənəd Ermənistanın işğalçılıq siyasətinin yolverilməz olduğunu və Dağlıq Qarabağ məsələsində işğalçılıq siyasəti yürütdüyünü bir daha sübuta yetirdi. Məhz bu ikitərəfli görüş bir daha sübut edir ki, Azərbaycan və Belarus arasındakı bütün əməkdaşlıqlar mühüm əhəmiyyət kəsb etməkdədir".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.