Siyasət

"Prezident İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqlədi"

20 Noyabr 2018 20:53
Baxış: 859

Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa növbəti rəsmi səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqlədi.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirovun sözlərinə görə, bu səfər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan və Belarus prezidentləri arasında, iki dövlət və iki xalq arasında çox sıx dostluq münasibətləri mövcuddur və münasibətlər bərabər hüquqa, qarşılıqlı hörmətə və qarşılıqlı faydalı əməkdaşlığa söykənir:

"Bu səfər eyni zamanda göstərdi ki, siyasi dialoq sahəsində əlaqələr çox yüksək səviyyədədir. İqtisadi, ticarət əlaqələrimiz son il ərzində 3,5 dəfə artıb və çox geniş perspektivi var. Humanitar əlaqələrimiz dinamik inkişaf tempinə malikdir. Eyni zamanda Belarusla Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq məsələləri yüksək səviyyəyə gəlib çatıb".

Deputatın fikrincə, bu səfər çərçivəsində aparılan müzakirələr bir daha göstərdi ki, Belarus Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində prinsipial və dəyişməz mövqeyə malikdir: "Həmin mövqe ondan ibarətdir ki, bu münaqişə beynəlxalq hüququn ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenlik prinsipi əsasında həllini tapmalıdır".

O qeyd edib ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq münasibətləri də çox yüksək səviyyəyə çatıb: "Bu nöqteyi-nəzərdən Belarusun Azərbaycana "Polonez" raket komplekslərini satması Azərbaycanın müdafiə sisteminin kifayət qədər güclənməsinə gətirib çıxarır və bu da Ermənistanda çox ciddi qorxu və təlaş yaradır".

E.Nəsirov əlavə edib ki, Azərbaycan və Belarus beynəlxalq təşkilatlar çərçivəsində də aktiv qarşılıqlı fəaliyyət göstərir, bütün məsələlərdə bir-birini dəstəkləyir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.