Siyasət

Ekspert: Milli dirçəliş tariximiz heç bir siyasi qurumun özünü reklam üsulu ola bilməz

17 Noyabr 2018 19:59
Baxış: 1 091

Milli dirçəliş tariximizin rəmzlərini yaşatmaq ümumxalq işi olsa da, onun siyasiləşdirilməsi, radikal üslubda icra edilməsi ziyanlıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, xüsusilə belə addımlar çox kiçik radikal qrupların iştirakı və mövcud siyasi reallıqlar nəzərə alınmadan həyata keçirildikdə həm də sabitlik və ümumi rifah üçün təhlükəli olmağa başlayır: "Milli Dirçəliş Günü ilə bağlı Milli Şuranın keçirməyə cəhd göstərdiyi aksiyaya bu prizmadan baxmaq lazımdır. Ümumən xalqın tarixinə aid olan günlərlə bağlı tədbirlərin cəmiyyətdə mütləq çoxluğun qəbul etmədiyi və iştirak etmədiyi miqyasda, qanuni orqanlarla razılaşdırmadan keçirilməsi milli dəyərə çevrilmiş günlərin xalqın gözündə adiləşməsi kimi bir təhlükəni də daşıyır. Milli dirçəliş tariximizin əbədiləşdirilməsi heç bir siyasi qurumun inhisarında ola bilməz, heç bir qurum onun adiləşərək hörmətdən düşməsinə səbəb olan addımlar ata bilməz".

A Quliyev qeyd edib ki, milli simvolların radikal qruplar tərəfindən özünütəsdiq vasitəsinə çevrilməsi cəhdlərinin qarşısının alınması qanuni və hüquqi dövlət quruculuğu prinsiplərinə tam uyğundur.

Baş redaktorun sözlərinə görə, milli dəyərə çevrilmiş dirçəliş tariximiz heç bir siyasi qurumun özünü reklam üsulu deyil və ola bilməz: "17 noyabr bugünkü və gələcək gənc nəsillərimizin vətənpərvər ruhda tərbiyə mənbəyidir. Onu hakimiyyət orqanları ilə qarşıdurma və gərginlik mənbəyinə çevirmək kiməsə başucalığı gətirməz. Bu yolla cəmiyyətin diqqətini çəkmək və itirilmiş sosial bazanı bərpa etmək də mümkünsüzdür".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.