Siyasət

Azərbaycan Fransa ilə əlaqələri kəsə bilər

17 Noyabr 2018 07:00
Baxış: 3 450

"Fransa öhdəliyini yerinə yetirmir, qərəzli və ikili standartlı siyasət yürüdür"

"Fransanın beynəlxalq hüququn tələblərinə və vasitəçilik missiyasının prinsiplərinə zidd davranışlarından sonra artıq ATƏT-in Minsk qrupunun həmsədri olmağa haqqı yoxdur"

Bu barədə Milli.Az-a açıqlamasında tanınmış jurnalist və siyasi analitik, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib.

Onun fikrincə, bu dövlət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində artıq öz tərəfsizliyini itirib və bunu açıq-aşkar nümayiş etdirir. Sadəcə arabir quru bəyanatlarla Azərbaycanın başının altına balış qoymağa çalışır: "Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və onun Azərbaycanın işğal altında olan ərazilərində formalaşdırılmış qanunsuz rejimlə və onun təmsilçiləri ilə bağlı sərgilədiyi davranışlar BMT Nizamnaməsinin VI və VII fəsillərində yer alan prinsiplərlə ziddiyyət təşkil edir. Fransanın qondarma rejimin təmsilçisinin ölkə ərazisinə səfər etməsinə imkan yaratması bu ölkənin ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi mandatına ziddir. Minsk qrupunun həmsədr ölkələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirirlər və onların beynəlxalq hüququn prinsiplərindən çıxış etmələri, tərəfsizliklərini qoruyub saxlamaları əsas şərt hesab olunur. Fransa öz vətəndaşlarının işğal altında olan Azərbaycan ərazilərinə səfər etmələrinə göz yummaqla və bəlkə də dolayısı ilə buna, eləcə də Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərində formalaşdırılmış qanunsuz, cinayətkar rejimin təmsilçilərinin öz ərazisinə səfər etməsinə şərait yaratmaqla tərəf olduğunu sübuta yetirir. Bu isə adıçəkilən dövlətin ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini şübhə altına alır. Bu səbəbdən də, Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi fəaliyyətini bundan sonra da davam etdirməyə hüquqi və mənəvi haqqı demək olar ki, yoxdur".

Analitik qeyd edib ki, Fransa çoxdan öz öhdəliyini yerinə yetirmir, qərəzli və ikili standartlı siyasət yürüdür. Ona görə də, lazım gələrsə hətta bu ölkə ilə əlaqələrə də yenidən baxılmalıdır: "Fransa nəinki açıq-aşkar ermənipərəst siyasət yürüdür, hətta separatizm və terrorizmi dəstəkləməyə başlayıb. Bu ölkənin müxtəlif şəhərlərinin merləri Ermənistan ordusu tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlər edərək separatçı və terrorçu rejimlə 10-dan artıq saziş imzalayıblar. Bunun qarşısının alınması üçün Fransa hökuməti tərəfindən heç bir tədbir görülmür. Üstəlik, qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyan mütəmadi olaraq Fransaya səfər edir. Özü də Ermənistan pasportu ilə. Fransa tərəfi buna da açıq-aşkar göz yumur. Maraqlıdır ki, Azərbaycan vətəndaşları adicə viza almaq üçün Fransa səfirliyində həftələrlə gözlədilir, süni şəkildə süründürməçilik və bürokratik əngəllərlə qarşılaşırlar. Bako Saakyan və digərləri isə saxta pasport məlumatları ilə Fransa ərazisinə asanlıqla daxil ola bilirlər.

Qanuni əsaslarla Fransaya səfər edən Azərbaycan vətəndaşları isə saatlarla bu ölkənin sərhəd-keçid məntəqələrində əsassız sorğu-suala tutulurlar. Onlardan bunun hesabını soruşanda isə Fransa XİN və bu ölkənin Bakıdakı səfiri sadəcə "Fransa Dağlıq Qarabağ Respublikası"nı tanımır deyə şablon sözlərlə çıxış edirlər. Bu, tamamilə qəbuledilməzdir və məsuliyyətdən qaçmaqdan başqa bir şey deyildir. Fransa qətiyyətli şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməli, bunu əməli nümayiş etdirməli, vasitəçilik missiyasını isə vicdanla yerinə yetirməlidir. Əks halda Fransa yenə də açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürütməkdə davam edərsə, bu ölkə ilə əlaqələrə yenidən baxılmalıdır. Bundan əlavə, qərəzli və qeyri-obyektiv mövqeyi nəzərə alınaraq Fransa Minsk Qrupunun həmsədrliyindən çıxarılmalıdır. Əslində tarixə nəzərə yetirsək görərik ki, hələ ATƏT-in Minsk Qrupunun həmsədrlik institutu yaradılan zaman Azərbaycan qəti şəkildə Fransanın həmsədr olmasına etiraz edirdi. Lakin o zaman Fransa qərəzsiz və tarazlı siyasət yürüdəcəyinə öhdəlik götürmüşdü, amma görünən odur ki, öhdəliyini yerinə yetirmir".

İlkin İzzət
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.