Siyasət

Akademik: "Prezidentin bu fərmanı dövlət dilinin saflığının qorunması baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur"

7 Noyabr 2018 10:19
Baxış: 751

Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanı Azərbaycanın dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

Qeyd olunur ki, xalqın dilinin inkişaf etdirilməsinə, zənginləşdirilməsinə göstərilən diqqət və qayğı onun milli-mənəvi varlığının qorunub saxlanılması və daha da möhkəmləndirilməsi deməkdir. Bu mənada son yarım əsrdə Azərbaycanda ardıcıl olaraq dövlət dili siyasətinin uğurla həyata keçirilməsi xalqın təkamülündə dil faktoruna verilən böyük önəmi qabarıq şəkildə nəzərə çarpdırır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci mərhələsində, konkret olaraq 1978-ci ildə, sərt sovet ideologiyası şəraitində Azərbaycan dilini ölkəmizin Konstitusiyasına dövlət dili kimi həkk etdirməsi zamanına görə əsl qəhrəmanlıq və uzaqgörənlik nümunəsidir. Həmin dövrdə Azərbaycanda ana dili - dövlət dili uğrunda mübarizə milli istiqlal mübarizəsinin ana xəttini təşkil edib:

"Ulu öndərin Azərbaycan Respublikasına rəhbərliyinin müstəqillik dövrünü əhatə edən ikinci mərhələsində "Dövlət dilinin tətbiqi işinin təkmilləşməsi haqqında" (18 iyun 2001-ci il), "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" (9 avqust 2001-ci il) sərəncamları yeni tarixi mərhələdə dövlət dili siyasətinin miqyasını daha da genişləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü ildə imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" dövlət dilinin birinci inkişafının proqramı kimi mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Prezident İlham Əliyevin sərəncamları ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı və xarici ölkə ədəbiyyatı nümayəndələrinin böyük tirajla nəşr edilib yayılması mühüm tarixi hadisədir".

Akademik bildirib ki, "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" hüquqi sənəd (13 noyabr 2013-cü il) dilçi alimlərin fəaliyyətinin koordinasiya olunmasına və səylərin birləşdirilməsinə şərait yaradıb. "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" verilmiş sərəncamı (17 iyul 2018-ci il) isə dövlət dilimizin xaricdəki həmvətənlərimizin və ölkəmizə maraq göstərən xarici vətəndaşların onlayn vasitələrlə öyrənmələri üçün lazımi tədbirlərin həyata keçirilməsinə meydan açıb:

"Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilmiş tədbirlərin yeni bir səhifəsidir. Dövlət dilinin daha da inkişaf etdirilməsi sahəsində həyata keçirilən ardıcıl siyasət qloballaşma şəraitində Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin və milli varlığının qorunub saxlanılmasına, daha da möhkəmləndirilməsinə dövlət səviyyəsində göstərilən qayğının parlaq bir nümunəsidir. Bu, ilk növbədə özünəməxsus davamlı ənənələrə, möhkəm və dayanıqlı prinsiplərə, zəngin söz ehtiyatına malik Azərbaycan dilinin yad və kənar təsirlərdən qorunmasının təmin edilməsinə xidmət edən dövlət fərmanıdır. Çünki Sovet İttifaqı zamanı həmin ittifaq çərçivəsində nisbətən qapalı mühitdə olan Azərbaycan dili xalqımız müstəqillik qazandıqdan sonra ölkəmizin dünyaya açılması ilə əlaqədar olaraq sağdan-soldan kənar təsirlərlə üzləşməli olub".

İ.Həbibbəyli yazır ki, texniki tərəqqinin inkişafından doğan beynəlxalq miqyasda qəbul edilən yeni terminlərlə yanaşı, heç bir xüsusi ehtiyac olmadan dilimizə nüfuz edən yad kəlmələr leksikamızda özünə yol tapmaqdadır: "Pis cəhət ondan ibarətdir ki, nəinki müasir gənclik, eyni zamanda bir çox hallarda təcrübəli ziyalılar, yaradıcı qüvvələr, hökumətdə təmsil olunan bəzi məmurlar və kütləvi informasiya vasitələri kənar təsirlər vasitəsilə dil mühitimizə daxil olan həmin sözlərə həssas münasibət göstərərək onları gündəlik danışıq dilinə daxil edirlər. Beləliklə, efirdən - ekrandan və sosial mühitdən Azərbaycan dilinin leksik tərkibinə dilimizin ahəng qanununa, qrammatik qaydalarına uyğun gəlməyən kənar sözlər daxil olmaq üçün münasib imkan qazanır. Təəssüf ki, belə lüzumsuz kəlmələr bəzən dərsliklərə də yol tapır, çox asanlıqla məktəb yaşlı uşaqların yaddaşında özünə yer sala bilir. Etiraf etmək lazımdır ki, hətta bəzi müəlliflər öz əsərlərində alınma sözlərdən, mürəkkəb terminologiyadan zəruri olmadan istifadə etməyi savadlılıq əlaməti hesab edirlər".

AMEA-nın vitse-prezidenti qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli fərmanda haqlı olaraq "əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin az qala adi hala çevrilməsi" xüsusi olaraq diqqətə çatdırılıb. Halbuki Azərbaycan dilinin zənginlikləri həmin alınma sözlərin və ifadələrin dilimizdəki münasib qarşılığı olan leksik vahidlərlə işlədilməsinə tamamilə imkan verir. Belə olduğu halda yad və kənar sözlərə kütləvi marağın güclənməsi və genişlənməsi Azərbaycan dilinin saflığının qorunması üçün həyəcan təbili çalınmasına böyük zərurət yaradır:

"Prezident İlham Əliyevin 9 noyabr 2015-ci ildə Milli Elmlər Akademiyasının 70 ilik yubileyindəki dərin məzmunlu nitqində həmin həyəcan siqnalı çox qabarıq şəkildə ifadə olunub: "Bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. ...İmkan verilməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur". Dövlət başçısını dövlət dilinə münasibətdə narahat edən məsələlərin həlli ilk növbədə Azərbaycan elm və təhsil işçilərinin, mədəniyyət xadimlərinin və ümumiyyətlə ziyalı mühitinin, bütün yaradıcı qüvvələrin, mətbuatda, radio və televiziyalarda çalışanların əsas vəzifəsinə çevrilməlidir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.