Siyasət

"Ermənistanın yeni rəhbərliyinin Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur"

7 Noyabr 2018 10:11
Baxış: 820

Ermənistanın yeni rəhbərliyinin Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev prezident İlham Əliyevin Ağdam rayonuna səfərini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, dövlət başçısı çıxışlarında dəfələrlə Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə çağırıb:

"Ermənistan hakimiyyəti işğalçılıq siyasətindən əl çəkməli, beynəlxalq təşkilatların qərarlarını icra etməli, qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Ermənistan hakimiyyəti anlamalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır və Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Azərbaycan torpaqlarının bir qarışı da işğal altında qala bilməz. Prezident İlham Əliyevin məqsədi bu problemi sülh yolu ilə həll etməkdir. Ona görə də dövlətimizin başçısı Ermənistanın indiki hakimiyyətini köhnə hakimiyyətin səhvlərini təkrarlamamağa çağırdı. Prezident İlham Əliyev Ağdamda ictimaiyyət nümayəndələri ilə görüşündə aprel döyüşlərini də xatırladı və bildirdi ki, bu döyüşlərdə Ermənistanın acı məğlubiyyəti onun möhkəm olmayan sütunlarını tam sıradan çıxardı".

T.Rzayevin sözlərinə görə, Ermənistanın yeni hakimiyyəti köhnə rejimin səhvlərini təkrarlayarkən anlamalıdır ki, Azərbaycan Ordusu hər an torpaqlarını işğaldan azad etməyə qadirdir: "Çox təəssüf ki, Ermənistanın bugünkü rəhbərliyi əvvəlki hakimiyyətin yolunu tutur, quldur dəstəsinin yolu ilə gedir, işğalçılıq siyasətindən əl çəkmək istəmir".

Deputat qeyd edib ki, prezident İlham Əliyevin sonuncu bəyanatından sonra rəsmi Yerevan ciddi düşünməlidir: "Əgər düşünməsələr, güclü Azərbaycan Ordusu öz sözünü deyəcək".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.