Siyasət

Elmar Məmmədyarov: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı substantiv danışıqları davam etdirməyə hazırdır"

23 Oktyabr 2018 13:34
Baxış: 710

"Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mərhələli nizamlanması prosesinin başlaması məqsədilə substantiv danışıqları davam etdirməyə hazırdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib: "Əgər son zamanlarda danışıqların gedişatına fikir versəniz, görərsiniz ki, məhz Bakı Azərbaycan ərazilərinin işğalının dayandırılması, məcburi köçkünlərin təhlükəsiz qayıdışı üşün şəraitin yaradılması, erməni və azərbaycanlı icmalarından ibarət Dağlıq Qarabağ regionunun əhalisi üçün geniş idarəetmə hüquqlarının təmin olunması kimi nəticələrə yönəlmiş məsuliyyətli dialoqun zəruriliyi barədə mövqe səsləndirir".

E.Məmmədyarov əlavə edib ki, Düşənbədə MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın hazırda Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş tutmuş söhbət Azərbaycan hərtərəfli dialoqa hazır olduğunun bariz nümunəsidir:

"Təəssüf ki, hakimiyyət dəyişikliyi və Yerevanda bugünədək müşahidə olunan siyasi boşluq prosesi müəyyən mənada yavaşladıb. Ümid edirik ki, Ermənistan rəhbərliyi yaxın zamanlarda mövcud format çərçivəsində danışıqlar prosesinin davam etdirilməsi üçün siyasi iradə nümayiş etdirə biləcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.