Siyasət

Dünyada ilk dəfə: miqrant ordusu ABŞ-a tərəf gedir - VİDEO - FOTO

22 Oktyabr 2018 14:34
0 Şərh     Baxış: 3 098

Mərkəzi Amerikadan minlərlə miqrant Meksika ərazisindən ABŞ-a keçmək istəyirlər.

"Miqrant karvanı" adlanan aksiyaya qoşulanlar ötən həftə Hondurasın San Pedro-Sula şəhərindən yola çıxıblar.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, Meksika polisi və sərhədçilər onları Qvatemala ilə sərhəddə saxlasalar da, miqrantlar çayı üzərək və ya əldəqayırma sallarla keçiblər.

Qvatemalada bazar günü daha 1290 miqrant Hondurasla sərhədi keçərək "Miqrantlar karvanı"na qoşulublar.

Meksikanın Çyapas ştatındakı Tapaçule şəhərinə yüzlərlə polis göndərilib. Lakin onlar karvandakı qadın və uşaqlar üçün sərhədi açıblar. Lakin minlərlə miqrant icazə gözləmədən sərhədi keçərək Meksika ərazisinə daxil olublar. Onlar yerli sakinlərdən yardım və ərzaq alaraq yollarına davam edirlər.

"Miqrant karvanı" Meksikanın ABŞ ilə sərhədinə çatmaq üçün 1500 kilometrlik məsafəni qət etməlidir.

SkyNews bildirir ki, Salvador, Qvatemala və Hondurası bu ölkələrdəki qanunsuzluq, zorakılıq və yoxsulluq ucbatından tərk etmiş 5 min nəfərdən artıq insan ABŞ tərəfə gedir. Onların əksəriyyəti Honduras vətəndaşlarıdır.

Honduras adambaşına düşən qətllərin sayına görə dünya lideridir.

"Miqrant karvanı"na qatılanlar ABŞ-ın sabiq prezidenti Barak Obamanın seçkiqabağı şüarı olan "Yes, we can!"in dəyişilmiş forması olan "Si se pudo" və "Yes, we could!" qışqırırlar.

ABŞ prezidenti Donald Tramp dünən Qvatemala, Salvador və Hondurasın hakimiyyət dairələrini hədələyərək bildirib ki, əgər onlar vətəndaşlarının qanunsuz miqrasiyasının məhdudlaşdırılması istiqamətində effektiv addımlar atmasalar, Vaşinqtonun bu dövlətlərə verdiyi maliyyə yardımları dayandırılacaq.

O, srağagün Twitter-dəki mikrobloqundakı tvitində "Miqrant karvanı"nı ABŞ-ın Demokrat Partiyası üçün biabırçılıq adlandırıb: "Bu karvan Demokrat Partiyası üçün biabırçılıqdır. İmmiqrasiya qanunvericiliyini dərhal dəyişin! Qanunsuz miqrant dalğasını dayandırmaq üçün səylər göstərilir. O adamlar əvvəlcə sığınacaq almaq üçün Meksikanın dövlət qurumlarına müraciət etməlidir. Bunu etməsələr, ABŞ ərazisinə buraxılmayacaqlar".

ABŞ-ın dövlət katibi Maykl Pompeo qanunsuz miqrantların sərhədi keçmələrinə imkan verilməyəcəyini deyib: "ABŞ sərhədini qanunsuz keçməyə müvəffəq olanlara isə ölkəmizdə qalmağa imkan verilməyəcək".

ABŞ prezidenti Donald Tramp seçkiqabağı kampaniyasında vəd etmişdi ki, miqrantlarla bağlı daha sərt siyasət yürüdəcək, sərhəd nəzarətini gücləndirəcək.

Nevada ştatında tərəfdarlarının qarşısında çıxış edərkən deyib: "Minlərlə miqrant sərhədimizə doğru yaxınlaşır. Sərhədi möhürləyəcəyəm, bağlayacağam. Bu işə polisi və ya Milli Qvardiyanı yox, ordunu cəlb edəcəyəm".

Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Dünyada ilk dəfə: miqrant ordusu ABŞ-a tərəf gedir  - 1

Dünyada ilk dəfə: miqrant ordusu ABŞ-a tərəf gedir

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.