Siyasət

"Şahzadə qətldən xəbərsiz də ola bilər" - Tramp müttəfiqini dəstəklədi - FOTO

22 Oktyabr 2018 14:13
2 Şərh     Baxış: 1 022

Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman əl Səud jurnalist Camal Haşoqqinin qətlə yetirilməsindən xəbərsiz ola bilər. Lakin Vaşinqton Ər-Riyaddan izahat gözləyir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp Nevada ştatında tərəfdarlarının qarşısında çıxış edərkən deyib.

Şahzadənin jurnalistin qətli ilə bağlı informasiyasının olmaması barədə sualı Tramp belə cavablayıb: "Mümkündür. Bəlli deyil, amma mümkündür. Bu yaxınlarda şahzadə ilə danışacağıq. Qətlin araşdırılmasında böyük irəliləyiş əldə olunub. Bütün cavablar bizdə yəqin çərşənbə axşamı olacaq. Səudiyyə Ərəbistanında bu qətllə bağlı istefaları və işdən kənarlaşdırılmaları yetərli tədbirlər sayıram. Cavabları tapana qədər razı qalmayacağam. Amma ilk addım mühüm və yaxşı oldu. İndi cavab almaq istəyirəm".

Donald Tramp Ər-Riyada qarşı bəzi məhdudlaşdırıcı tədbirlərə əl atılacağını istisna etməyib: "Konqreslə müzakirələr aparırıq".

O, ABŞ-ın Səudiyyə Ərəbistanına 110 milyard dollarlıq silah və hərbi texnika satışından imtina etməyəcəyini də söyləyib.

ABŞ prezidentinin sözlərinə görə, 59 yaşlı jurnalist Camal Haşoqqinin cəsədinin qalıqlarının harada olmasını bilmirlər: "Bunu bilmirik. Hazırda istintaq aparan müxtəlif qruplardan kimsə bilmir. Bu suala da cavab tapacağıq".

Səudiyyə Ərəbistanının hakimiyyətini tənqid edən məşhur səudi jurnalist Camal Haşoqqi oktyabrın 2-də ölkəsinin İstanbuldakı baş konsulluğuna daxil olub. O, türk sevgilisi Xədicə Çengiz ilə evlənmək üçün səudi arvadından boşanırdı və sənədlərini də konsulluğa aparmışdı.

Jurnalist konsulluqda vəhşi işgəncələrdən sonra xüsusi amansızlıqla qətlə yetirilib.

Qətllə bağlı olaraq Səudiyyə Ərəbistanında 18 nəfər həbs olunub, bir neçə nəfər işdən qovulub. Qovulanlar arasında Səudiyyə Ərəbistanının Təhlükəsizlik Nazirliyinin başçısının müavini, general Əhməd Assiri və vəliəhd şahzadənin müşaviri, nazir Səud əl Kəhtani də var.

Bu arada İstanbulun meri mərhum jurnalistin sevgilisi Xədicə Çengizin sutkaboyu mühafizəsi barədə göstəriş verib.

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz əl Səud və onun oğlu, varis şahzadə Məhəmməd bin Salman əl Səud qətlə yetirilmiş jurnalistin ailə üzvlərinə başsağlığı veriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.