Siyasət

Prezident İlham Əliyev: "Türkiyə və Azərbaycan birgə səylərlə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır"

19 Oktyabr 2018 21:56
Baxış: 905

Türkiyə və Azərbaycan birgə səylərlə Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, "Star Rafineri"nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib:

"Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması - bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır".

İlham Əliyev vurğulayıb ki, Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır:

"Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq. Bir sözlə, bu gün "Star Rafineri"nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.