Siyasət

Deputat: "Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanın yüksəlməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir"

18 Oktyabr 2018 10:15
Baxış: 641

Dünya İqtisadi Forumunun "2018-2019 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın irəliyə çıxması Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsidir.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, hesabatda Azərbaycanın biznes dinamikliyi üzrə dünya ölkələri arasında 31-ci yerdə qərarlaşması ölkəmizin böyük bir uğurudur. Bu hesabatda bir pillə irəliləməyin özü böyük bir inkişaf göstəricisi sayılır:

"Azərbaycanda düşünülmüş daxili və xarici siyasət nəticəsində ölkəmiz bu mötəbər siyahıda artıq 31-ci yerə çıxıb. Bu onu göstərir ki, Azərbaycan təbii sərvətlərindən çox səmərəli istifadə edir, qeyri-neft sektorunun inkişafına böyük diqqət edir, eləcə də aqrar sektorun müasir inkişafı üçün ciddi səylər göstərilir".

Millət vəkili vurğulayıb ki, bu gün inkişafın Azərbaycan modeli yaranıb: "Bu, cənab Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticəsidir. Azərbaycan diqqəti cəlb edən, bu gün öz təcrübəsini dünyaya yayan bir ölkə səviyyəsinə gəlib çatıb. Azərbaycanın modernləşməsi istiqamətində böyük işlər aparılır".

A.Mirzəzadə qeyd edib ki, iqtisadi sahədəki bu uğur təkcə iqtisadi siyasətin deyil, ümumilikdə dövlətçilik siyasətinin bariz nümunəsidir:

"Torpaqlarımızın bir hissəsi Ermənistan tərəfindən işğal edilib, orduya və məcburi köçkünlərin sosial problemlərinin həll edilməsinə böyük vəsait ayırıq. Bununla belə, bu nəticə göstərir ki, dövlət öz strateji xəttini düzgün qurduqda, öz potensialını düzgün sərf etdikdə, ən əsası isə daxili və xarici siyasəti müstəqil apardıqda belə böyük uğurlar qazana bilir. Bu, Azərbaycanın və şəxsən cənab Prezidentimizin uğurudur".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.