Siyasət

"Aparılan islahatlar Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın liderlik mövqeyini qoruyub saxlamasına səbəb olub"

17 Oktyabr 2018 20:08
Baxış: 932

Ölkəmizdə aparılan iqtisadi islahatlar Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında biznes üzrə bütün indikatorlarda Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına, öz liderlik mövqeyini qoruyub saxlamasına səbəb olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təmsilçisi Nicat Hacızadə deyib.

N.Hacızadə qeyd edib ki, Qlobal Rəqabətlilik Hesabatı yeni nəsil metodologiya əsasında hazırlanıb. Əvvəlki hesabatın 114 indikatorundan 84-ü çıxarılıb, 68 yeni indikator isə daxil edilib:

"Ümumilikdə, hesabatda 98 indikatorun 70 faizi tamamilə yenidir. yeni nəsil metodologiyaya baxmayaraq, Azərbaycanın bir sıra alt indikatorlarda, xüsusilə 12 əsas sütun indikatorundan 7-si üzrə mövqeləri kifayət qədər yaxşılaşıb. Buraya institutlar, infrastruktur, İKT-nin istifadə səviyyəsi, səhiyyə, əmək bazarı, biznes dinamikliyi və innovasiya potensialı daxildir. Hesabatın xüsusi bir səhifəsində Azərbaycanda sosial bərabərliyin ən yüksək səviyyədə olması qeyd olunub. Burada ölkəmiz ABŞ ilə də eyni koordinat oxunda göstərilib. Bundan əlavə, "Doing Business" hesabatında olduğu kimi, elektrik təchizatı səviyyəsinə görə ölkəmiz yüksək qiymətləndirilib və 100 faiz balla dünyada ilk pillədə qeydə alınıb. Eyni zamanda, ətraf mühitə təsir və inklüziv inkişaf indikatorları üzrə yeni nəsil metodologiya əsasında hazırlanmış hesabatda Azərbaycan lider mövqelərini qoruyub".

Ekspert bildirib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə aparılan iqtisadi islahatlar bu hesabatda biznes üzrə bütün indikatorlarda Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasına, öz liderlik mövqeyini qoruyub saxlamasına səbəb olub: "Qarşıdakı müddətdə Azərbaycanda aparılacaq islahatlar ölkəmizin mövqeyini daha da yaxşılaşdıracaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.