Siyasət

"Hərbi münaqişələrin həlli olmadan əsl sabitlik düşünülə bilməz" - Elmar Məmmədyarov

16 Oktyabr 2018 08:58
Baxış: 706

"Şərq Tərəfdaşlığının coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edən həlli uzadılmış hərbi münaqişələrin həlli olmadan əsl sabitlik düşünülə bilməz".

Milli.Az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 15-də Lüksemburqda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

"Xatırlatmaq istərdim ki, yenidən nəzərdən keçirilmiş AQS, Avropa Qonşuluğunun bir çox hissəsində sabitliyi ən təcili vəzifə kimi təqdim etdi. Şərq Tərəfdaşlığının coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edən həlli uzadılmış hərbi münaqişələrin həlli olmadan əsl sabitlik düşünülə bilməz. Şübhə yoxdur ki, Aİ-nin regionda münasibətlərinin və Şərq Tərəfdaşlığının gələcəyinin uğurlu olması beynəlxalq hüququn təməl prinsiplərinə riayət edilməsi və təhlükəsizliyin təmin olunması ilə sıx bağlıdır. Biz davamlılıqdan danışırıq. Bu prinsiplərin davamlı pozulmasının nəticələrinin aradan qaldırılmasındakı uğursuzluq, habelə təhrif və prinsiplərə seçici yanaşma, qaydalara əsaslanan Avropa düzümünə zərbə vurur. Bu da ŞT daxilində davamlılıq məqsədinə xələl gətirir", - deyə nazir bildirib.

E.Məmmədyarov çıxışında həmçinin yaxşı idarəçilik və bir sıra digər məsələlərə toxunub.

O bildirib ki, qurumların gücləndirilməsi və yaxşı idarəçilik məqsədləri Azərbaycan hökumətinin gündəliyində yüksək yer tutur və onların həyata keçirilməsi üçün davamlı səylər göstərilib:

"Bu xüsusda mən gələcək dövlət qulluqçularının ədalətli, şəffaf və layiqli seçilməsi, Azərbaycanın Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin və gücünün daha da genişləndirilməsi, Məhkəmə binalarında "Elektron Məhkəmə" məlumat sisteminin qurulmasını və s. kimi son islahatları qeyd etmək istərdim.

Onu da qeyd etmək istərdik ki, Avropa Şurasının Ədalət mühakiməsi üzrə Komissiyası (CEPEJ) bu yaxınlarda hesabatında Azərbaycanın hakim seçilməsi prosesini şəffaflığı və obyektivliyi baxımından vurğulayıb. Həmçinin sizə bildirmək istərdim ki, Avropa Şurasının 2018-2021-ci illər üçün Azərbaycan üzrə Fəaliyyət sənədi tezliklə qəbul ediləcək və onun uğurla həyata keçirilməsi şübhəsiz ki, yuxarıda göstərilən məqsədlərə daha tez nail olunmasına öz töhfəsini verəcək".

Nazir eyni zamanda ticarət məsələlərindən söz açaraq bu cəbhədə bağlılığın ŞT-nin həm ikitərəfli, həm də çoxtərəfli strateji əməkdaşlığının əsasını təşkil etdiyini vurğulayıb:

"Cənub Qaz Dəhlizinin həyata keçirilməsi vasitəsilə energetika sahəsində strateji tərəfdaşlığımızı möhkəmləndirməyə davam edirik. Cənub Qaz Dəhlizinin açılışına həsr olunmuş rəsmi mərasim 29 may 2018-ci il tarixində Bakı Səngəçal Terminalında keçirildi. Cənub Qaz Dəhlizinin digər vacib seqmenti olan TANAP-ın təməlqoyma mərasimi 12 iyun tarixində Türkiyədə keçirilmişdir. Hər iki mühüm tədbirdə ŞT-dan olan dostlarımız da daxil olmaqla, geniş Avropadan bir sıra siyasi liderlər və Aİ-nin yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Trans-Adriatik boru kəmərinin tikintisi son mərhələsindədir. Biz regionda etibarlı uzlaşma şəbəkəsinin inkişafını dəstəkləyirik. Buna görə də biz Cənub Qaz Dəhlizinin tədricən coğrafi genişləndirilməsi üzərində ciddi düşünür və əslində bunun üzərində çalışırıq. Bu yalnız TAP layihəsi ilə bağlı deyil. Əminik ki, bu uzunmüddətli enerji təminatını həyata keçirəcək və təbii qazın Avropada bərpa olunan enerji mənbələri ilə təmiz və davamlı birləşmə rolunu gücləndirəcək".

Onun sözlərinə görə, nəqliyyat sahəsində Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) göstərici xəritələrinin son genişlənməsi bugün nəqliyyat və ticarət dialoqumuzun inkişaf etdirilməsi məqsədilə möhkəm bir platforma yarada bilər.

"Burada uzun müddətli investisiya fəaliyyət planının mümkün qədər tez başa çatdırılmasına ehtiyac olduğunu vurğulamaq istərdim. Nəyə görə sualına aydınlıq gətirmək istərdim. Bugün Azərbaycan regionda, o cümlədən Aİ-nin qonşuluğunda yerləşən bir sıra əsas nəqliyyat layihələrinin memarıdır. Biz tərəfdaşlarımızla birlikdə Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb dəhlizlərini təşviq edirik", - deyə E.Məmmədyarov qeyd edib.

Nazir bildirib ki, Şərq-Qərb Dəhlizi Aİ-Çin Uzlaşma Platforması, Aİ-nin Orta Asiya üzrə Strategiyası və Aİ-nin Avropa və Asiyanın birləşdirilməsi üzrə sonuncu Birgə Uzlaşma Kommunikasiya sənədi ilə sıx əlaqəlidir:

"Cənub-Qərb Dəhlizinin inşası başa çatdıqdan sonra Aİ ilə Hindistan və İran kimi bazarlar arasında ticarət əlaqələri artacaq. Biz etibarlı genişzolaqlı rəqəmsal əlaqələrin regional şəbəkəsinin yaradılması ilə bağlı eyni işi görürük. Biz TASİM adlı Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsini təşviq edən və onun təşəbbüskarıyıq. Azərbaycanın bütün səyləri Azərbaycanla dostluq və strateji əlaqələr qurmağa hazır olan qonşularımız və tərəfdaşlarımızla qarşılıqlı fayda üzərində qurulmuşdur. Bu, Şərq Tərəfdaşlığı ölkələrinə artan təsir göstərərək daha geniş regionda ticarətin inkişafına gətirib çıxaracaq".

Çıxışına davam edən XİN rəhbəri fürsətdən istifadə edərək Azərbaycanın hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik etdiyini xatırladıb:

"Bu sədrlik dövründə nəqliyyat və bağlılıq sahəsində əməkdaşlıq prioritet təşkil edir və oktyabr ayının sonu və dekabr ayının əvvəlində Nəqliyyat və İKT nazirlərinin görüşləri keçiriləcəkdir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tərkibinə Aİ-nin 3 üzv ölkəsi, bir sıra namizəd və assosiativ tərəfdaş ölkələri, eyni zamanda həm Azərbaycan, həm də Aİ-nin digər mühüm qonşuları daxildir. Beləliklə, əslində bu ŞT coğrafiyasını və hətta daha geniş qonşuluğu əhatə edir. QDİƏT və Aİ arasında regional sinerji var. Bağlılıq bu əməkdaşlığın elementlərindən biri olmalıdır. Azərbaycan da həmçinin bu sahədə bir çox töhfə verə bilər. QDİƏT-də bizim Aİ ilə qarşılıqlı əlaqələrimiz var - ad hoc işçi qrupu və hətta COEST - QDİƏT görüşləri mövcuddur. Əslində, dekabrın ortalarında Bakıda keçiriləcək Xarici İşlər Nazirləri yığıncağında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sədrliyi Bolqarıstana təhvil veririk və biz artıq Brüsseldə QDİƏT-Aİ yüksək səviyyəli konfransının təşkil dilməsi perspektivlərini müzakirə edirik. BU Bolqarıstanın QDİƏT-ə sədrlik dövründə və Rumıniyanın Aİ Şurasında sədrliyi dövründə baş tutacaq. Hər iki ölkə ilə - istər ŞT daxilində, istərsə də Azərbaycan daxilində, Aİ və ya başqa bir regional formatda bizim müzakirə etmək üçün mövzularımız var. Bu mövzular bizim bir çoxumuza aiddir, onlar ŞT-ya da aiddir".

Nazir bildirib ki, "bu imkanlardan tam istifadə etmək üçün biz insanlar arasında hərəkətlilik və qarşılıqlı təmasların təşviqini daha da inkişaf etdirməliyik. Bu istər tələbə, iş adamları, musiqiçilər, və ya adi turist olsun. Buna görə də, biz Aİ və Azərbaycan arasında readmissiya və viza sadələşdirilməsi razılaşmalarının uğurla həyata keçirilməsinə xüsui əhəmiyyət veririk və bu Aİ ilə Azərbaycan arsında viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlaması üçün əsas yaradacaq".

Gələn il ŞT-nin 10 illiyinin qeyd olunacağını xatırladan nazir, bu dövrdə bir çox şeylərə şahid olunduğunu qeyd edib:

"Ancaq bəzi şeylər dəyişmir. Müasir beynəlxalq durum ticarət sahəsində çaxnaşmalar, kiber hücumlar və qeyri-sabit siyasət kimi çağırışlarla üzləşir. Aİ siyasi aktorları böyük ehtimal ilə, Aİ-ni dəyişən mühitə uzun müddət ərzində uyğunlaşdırmalıdırlar. Ümid edirik ki, bu Aİ-nin Şərq qonşuluğu ilə münasibətlərindəki həvəsinə təsir etməyəcək".

Sonda nazir bildirib ki, Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün daha çox əlaqəli səylərə ehtiyac duyulduğunu qəbul etmək lazımdır.

Xatırladaq ki, Elmar Məmmədyarov oktyabrın 15-də "Şərq Tərəfdaşlığı" ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.