Siyasət

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfər ediblər - YENİLƏNİB - FOTO

15 Oktyabr 2018 15:00
Baxış: 5 228

15:00

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkəran rayonuna səfəri çərçivəsində istifadəyə verilən müəssisələrdən biri də Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutunun Lənkəran Regional Sınaq Laboratoriyası olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səkkiz şöbədən ibarət laboratoriyada inzibati və laborator baxış otaqları yaradılıb. Gün ərzində 300 sınaq aparmaq potensialına malik laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kamera və vivarium kimi yardımçı tikililəri vardır. Burada kimyəvi tullantıların neytrallaşdırma, o cümlədən bioloji tullantıların ozonlaşdırma texnologiyası əsasında zərərsizləşdirilməsi həyata keçirilir.

Nümunə qəbulu, toksikologiya, fiziki-kimyəvi müayinələr, mikrobiologiya, virusologiya, parazitologiya, karantin ekspertiza şöbələrində zəruri laborator müayinələrin aparılması üçün müasir avadanlıq quraşdırılıb, hər cür şərait yaradılıb.

---------

14:50

Oktyabrın 15-də Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzi istifadəyə verilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizdə əsas kənd təsərrüfatı regionlarından olan Lənkəranda son illərdə bu sahədə görülən işlər əhəmiyyəti ilə seçilir. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin fəaliyyəti böyük maraq doğurur. Burada Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə 63 növ xidmət göstərilir. Mərkəzdə 58 nəfər çalışır.

Qeyd edək ki, Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işin gücləndirilməsi, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır. Mərkəzlərin təşkili aqrar sektorda xidmətlərin göstərilməsində bir sıra üstünlüklər yaradır. Bu üstünlüklərdən "vahid pəncərə" prinsipinin tətbiqini, şəffaflığın artırılmasını, fermerlərlə əlaqələrin qurulması mexanizminin təkmilləşdirilməsini qeyd etmək olar.

Mərkəz Lənkəran şəhərində qeydiyyatda olan vətəndaşlara xidmət göstərəcək. Lənkəran Regional Toxum Sertifikatlaşdırma Mərkəzi Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarını əhatə etməklə bu rayonlarda toxum və ting istehsalçılarının əkinlərinin qeydiyyatının təşkili, kənd təsərrüfatı bitkilərinin toxumluq əkinlərinin və tinglərin sort eyniliyinin və təmizliyinin, xəstəlik və zərərvericilərlə yoluxmanın müəyyənləşdirilməsini, habelə onların sertifikatlaşdırılmasının təşkilini, toxum və ting istehsalı ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslərin attestasiyası məqsədilə müvafiq rəy verilməsini təşkil edir.

Lənkəran Regional Aqrokimya Laboratoriyası torpaq mülkiyyətçiləri və sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılıb, müasir cihaz və avadanlıqla təchiz edilib.

----------

14:35

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərləri çərçivəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, yolun uzunluğu 22 kilometrdir. Hirkan-Daştatük-Biləsər avtomobil yolu uzun müddət təmir olunmadığı və burada yola asflat qatı vurulmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə xüsusən payız-qış mövsümündə nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Rayonun 7 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daştatük-Biləsər avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin Sərəncamına əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,1 milyon manat vəsait ayrılıb. Görülən işlər nəticəsində Hirkan-Daştatük-Biləsər avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun şəkildə yenidən qurulub.

Məlumat verildi ki, yolun hərəkət hissəsinin eni 6 metrdir. Çiyinlər də daxil olmaqla yol yatağının eni isə 8-10 metr təşkil edir. Yol boyunca müxtəlif diametrli suötürücü borular tikilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib, avtobus dayanacaqları inşa edilib.

Avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "7 nömrəli Yol İstismarı" MMC tərəfindən yüksək keyfiyyətlə aparılıb. Dağlıq ərazidə yerləşən, eləcə də Hirkan Milli Parkı ərazisindən keçən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisi 7 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Prezident İlham Əliyevə Astara rayonunun Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Bildirildi ki, 9 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən bu yolun uzunluğu 11 kilometrdir.

Dövlətimizin başçısının Sərəncamı ilə bu yolun tikintisinə 3,4 milyon manat vəsait ayrılıb. Avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Dağlıq ərazidə yerləşən Ojakəran-Tüləküvan-Təngərüd avtomobil yolunun tikintisi əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın, kənd təsərrüfatının, habelə turizmin inkişafında mühüm rol oynayacaq. Yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verən yolun tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "49 nömrəli Yol İstismarı" MMC tərəfindən həyata keçirilib.

Dövlətimizin başçısı Astara rayonunun Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının tikintisi ilə də maraqlandı.

Məlumat verildi ki, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə ümumilikdə 11,5 milyon manat vəsait ayrılıb. Yolların tikintisi yüksək səviyyədə həyata keçirilib. Həmin yolların ümumi uzunluğu 27,4 kilometrdir. Bu yollar da iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub, sərnişin və yük daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək. Bu, həmçinin yerli və xarici turistlərin ərazidə yerləşən istirahət mərkəzlərinə rahat getmələrinə və tarixi mədəniyyət abidələri ilə tanış olmalarına şərait yaradacaq.

Dövlətimizin başçısına və xanımına Astaraçay üzərində tikiləcək körpü və körpüyə qədər olan yolun planı barədə də məlumat verildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hirkan-Daştatük-Biləsər avtomobil yolunun rəmzi açılışını bildirən lenti kəsdilər.

Sonda xatirə şəkli çəkdirildi.

----------
14:19

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialının açılışında iştirak ediblər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və xanımı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdilər.

"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ölkəmizdə xalçaçılığın inkişafı və bu müəssisənin fəaliyyəti barədə məlumat verdi.

Qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər bəhrəsini verir. Bu sahənin inkişafına xüsusi diqqət göstərən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri açılıb. "Azərxalça" ASC-nin ilkin olaraq Horadiz şəhərində, Ağdam, Ağstafa, Xaçmaz, İsmayıllı, Qazax, Qəbələ, Quba, Şəmkir və Tovuz rayonlarında xalça emalatxanalarının tikintisi nəzərdə tutulmuşdu. Artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz və İsmayıllıdakı müəssisələr Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu müəssisələri xammalla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 27 milyon 420 min manat olan "Yunəyirici-boyaq" fabrikinin, Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Lənkəran, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanılıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça istehsalı emalatxanası tikilir.

Dövlətimizin başçısı Lənkəranda xalça emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması üçün 2018-ci ilin dövlət büdcəsindən vəsaitin ayrılması barədə Sərəncam da imzalayıb. 2019-cu ildə əlavə olaraq 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. "Azərxalça" ASC-nin artıq istifadəyə tam hazır olan Lənkəran filialı da bu sırada mühüm yerlərdən birini tutur.

Bildirildi ki, "Azərxalça" ASC-nin Lənkəran filialının binasının ümumi sahəsi 1249 kvadratmetrdir. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 199-cu kilometrliyində yerləşən filialın binasının tikintisinə bu ilin martında başlanılıb. Tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, inzibati otaq, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Astara, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin bölgənin müxtəlif kəndlərindən toplanan qədim və orijinal xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Qeyd olundu ki, müəssisədə çalışan toxucular Lənkəran şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça"nın burada təşkil olunmuş tədris-hazırlıq kurslarına cəlb edilib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları "Azərxalça" ASC-nin sertifikatını alacaqlar. Xalça satışı salonunda "Azərxalça" ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı da həyata keçiriləcək.

Sonra dövlətimizin başçısı və birinci xanım müəssisənin kollektivi ilə görüşüb söhbət etdilər.

Xalçaçılar ölkəmizdə bu qədim sənətin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər.

Xalçaçı Sevda Cəbrayılova: Cənab Prezident, xoş gəlmisiniz, Sizi görməyimizə çox şadıq. Çoxdandır ki, Sizi gözləyirdik. Bizə bu gözəl hədiyyəyə görə Sizə ürəkdən minnətdarıq, sağ olun. Bütün xalçaçı qızlar adından Sizə minnətdarıq.

Xalçaçı İradə Əliyeva: Çox sağ olun ki, bizim zəhmətimizə belə bir dəyər vermisiniz, keçmiş xalçalarımızı bizə qaytarmısınız. Çox sağ olun, Sizə çox-çox təşəkkür edirik.

Emalatxana rəisi Nargilə Qənbərova: Xoş gəlmisiniz. Sizin Sərəncamınız və Mehriban xanımın xalçaçılara qayğısı sayəsində bizim üçün belə bir gözəl bina tikildi. Çox sağ olun.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi.

Nargilə Qənbərova: Burada 116 toxucu işləyir, 15 şagirdimiz var. Demək olar ki, nəqliyyata qədər bütün şəraitlə təmin olunmuşuq. Belə bir gözəl müəssisə xalçaçı xanımların ixtiyarına verilib. Buna görə çox sağ olun. Mən "Azərxalça"nın işçisi olaraq, 40 ilə yaxındır ki, bu sənətdə çalışıram. Amma biz heç vaxt bu cür şərait, belə gözəl bina görməmişdik. Bizim xəyallarımızı gerçəkləşdirdiniz, ağlımıza gəlməyəni bizim üçün həyata keçirdiniz. Çox sağ olun. Allah Sizi qorusun! Bu gün sevincimizin həddi-hüdudu yoxdur.

Prezident İlham Əliyev: Sağ olun, mən sizi ürəkdən təbrik edirəm.

Sevda Cəbrayılova: Cənab Prezident, bu gün Sizin prezidentliyinizin 15 illik yubileyidir. Təbrik edirik! Mən Sizi sevən bir insan kimi deyirəm bunu, buna haqqım da var. Çünki yaşım buna yol verir. Siz hər ikiniz idmanı da ucaltdınız, musiqiyə də böyük qiymət verirsiniz. Əminəm ki, indi xalçaçılığı da dünya səviyyəsinə ucaldacaqsınız. Hər şey əladır. Ancaq bir təəssüfüm var, yaşım 57-dir, kaş 17 olaydı.

Prezident İlham Əliyev: 57 nədir ki? Bu il mənim də 57 yaşım olacaq.

Sevda Cəbrayılova: Allah övladlarınızı, nəvələrinizi saxlasın. Oğlunuz hərbi xidmətdədir, sağ-salamat gəlsin. Bu, bütün ailələrə, övladlarını yayındıran valideynlərə bir nümunədir. Nəvələrim böyüyür, inşallah, o vaxta qədər yaşasam onları mütləq cəbhəyə, hara lazımdırsa göndərəcəyəm. Allah köməyiniz olsun, Mehriban xanım, muğamı dünyada tanıdırsınız, idmanı inkişaf etdirirsiniz. Muğamı da, idmanı da çox sevirəm.

Prezident İlham Əliyev: Siz xalçaçılığı yaşadırsınız. Şadam ki, Azərbaycanda belə xalça fabriklərinin tikintisi geniş vüsət alıb. Bu, mənim iştirakımla açılan sayca altıncı xalça fabrikidir. "Azərxalça"nın xətti ilə ölkəmizdə yaxın gələcəkdə 30 fabrik yaradılacaq. Hər fabrikdə 100-dən çox işçi çalışır. Mənə verilən məlumata görə, burada 116 işçi var. Demək olar ki, onların hamısı qadınlardır. Qadınlar üçün iş yerləri, belə gözəl şərait yaradırıq. Belə gözəl binada işləmək də xoşdur, adama zövq verir. Siz bizim qədim sənətimizi yaşadırsınız, burada şagirdlər də var, təlimlər keçirilir. Bu, deməyə əsas verir ki, xalçaçılıq sənəti Azərbaycanda əbədi yaşayacaq.

Xalçaçılar: Əlbəttə, Sizin sayənizdə, cənab Prezident.

Prezident İlham Əliyev: Bu sənəti yaşadan sizsiniz. Mən ona görə sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Demək istəyirəm ki, Azərbaycanda xalçaçılığın çox böyük gələcəyi var. Biz qədim ənənələrimizi qorumaqla xalçaçılığı inkişaf etdiririk. Hazırda Sumqayıt şəhərində əyirici-boyaq fabriki tikilir. Fabrik tikiləndən sonra özümüzü həm boya ilə, həm ipliklə təmin edəcəyik. Bölgələrdə yun qəbulu məntəqələri yaradılır ki, keyfiyyətli xammal tədarük edilsin. Yəni, xalçaçılıq Azərbaycanda tam yerli xammal əsasında inkişaf edəcək. Bir daha demək istəyirəm ki, ən önəmlisi, hər fabrikdə qadınlar üçün 100-dən çox, bəzilərində 120, 130, 150 iş yeri, gözəl şərait yaradılır ki, siz burada işləyəsiniz, yaxşı pul qazanasınız və bu sənəti əbədi yaşadasınız. Sağ olun.

Sevda Cəbrayılova: Çox sağ olun. Sizə nə qədər minnətdarlıq etsək yenə də azdır. Hər dəfə buraya gəlməyiniz bizim üçün bayramdır. Gözləyirik, xalça emalatxanamıza tez-tez gəlin. Allah köməyiniz olsun.

Prezident İlham Əliyev: Mən keçən il də, bu il də gəlmişəm. Bu, 15 il ərzində mənim Prezident kimi Lənkərana 10-cu səfərimdir. Bundan sonra hələ xeyli açılışlar olacaq, bəlkə bu fabrikin ikincisini də yarada bilərik.

Xalçaçılar: İnşallah.

Nargilə Qənbərova: Onsuz da müraciət edənlərin sayı çoxdur. Bəlkə də yüzü keçib.

Sevda Cəbrayılova: Sizinlə birinci dəfədir ünsiyyətdə oluruq, cənab Prezident. Bu, tarixə düşdü. Biz öz nənələrimizin xalçasını toxuyuruq.

Nargilə Qənbərova: Biz həmişə xalça toxumuşuq. Amma Lənkərana aid olan xalçaları, çeşniləri toxumamışıq. Bunu Siz yaratdınız.

Prezident İlham Əliyev: Lənkəranın çox qədim xalçaçılıq məktəbi, sənəti var. Burada sırf Lənkəran məktəbinin xalçaları toxunur. Mən sizi ürəkdən təbrik edirəm. Sağ olun.

Xalçaçılar: Sağ olun, var olun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

-----------

13:15

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkəran rayonuna səfəri çərçivəsində "Azərişıq" ASC tərəfindən müasir üslubda yeni inşa edilən 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasının açılışı olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, 1974-cü ildə tikilən 110/10 kilovoltluq yarımstansiyanın gərginlik sinfi dəyişdirilərək 110/35/10 kilovoltluq gərginlik sinfinə keçirilməsi, onun gücünün 32 meqavolt amperdən 50 meqavolt amperə çatdırılması böyük əhəmiyyət daşıyır. Yarımstansiyada 35 kilovoltluq gərginlik sinfi yaradılıb ki, bununla Lənkəran, Lerik və Masallı rayonlarının 35 kilovoltluq dairəvi elektrik təchizat sxemi qurulub. Bu isə elektrik enerjisinin dayanıqlılığının və etibarlılığının artırılmasına, yüklərin bir mənbədən digər mənbə üzərinə keçirilməsinə, həmçinin çəltikçiliyin, çayçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün lazım olan elektrik enerji təchizatına müsbət təsir edir. Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yenidən qurulan "Lənkəran-2" yarımstansiyası Lənkəran şəhəri, 4 kənd və qəsəbə daxil olmaqla 17 min 500 abonenti elektrik enerjisi ilə təchiz edir. Eyni zamanda, bir sıra strateji obyektlər də bu yarımstansiyadan qidalanır.

Qeyd edək ki, Masallıda da yenidən qurulan "Tüklə" yarımstansiyasının gücü 32 meqavolt amperə çatdırılıb. 110 kilovoltluq "Tüklə" və "Lənkəran-1" yarımstansiyaları vasitəsilə Masallı və Lənkəran rayonlararası 35 kilovoltluq dairəvi elektrik təchizat sxemi qurulub ki, bu da Lənkəran rayonunda, o cümlədən Liman şəhərində ikinci qida mənbəyinin yaradılması, bununla da hər iki rayonun elektrik təchizatının dayanıqlılığının artırılması deməkdir. Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular quraşdırılıb, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub. Yeni yarımstansiya 70 min əhalini və 516 obyekti elektrik enerjisi ilə təchiz edir.

---------
12:25

Oktyabrın 15-də Lənkəran Olimpiya İdman Kompleksinin açılışı olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım Lənkəran Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdilər.

Gənclər və idman naziri Azad Rəhimov kompleksdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma ətraflı məlumat verdi.

Bildirildi ki, kompleksin tikintisinə 2013-cü ildə başlanılıb. Prezident İlham Əliyevin sərəncamları ilə Lənkəran Olimpiya İdman Kompleksinin tikintisinin davam etdirilməsinə ümumilikdə 15 milyon manat vəsait ayrılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb.

Kompleks müasirliyi ilə diqqəti cəlb edir. Bu, ölkəmizdə idmançıların ixtiyarına verilən sayca 44-cü Olimpiya İdman Kompleksidir. Ümumi ərazisi altı hektar olan idman qurğusunda bütün zəruri infrastruktur yaradılıb.

Diqqətə çatdırıldı ki, 788 tamaşaçı yerlik universal idman salonunda idmanın müxtəlif növləri üzrə yarışlar təşkil etmək mümkündür. Belə komplekslərin yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Kompleksin əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Əlli üç yerlik mehmanxananın üçmərtəbəli binasında idmançıların qalması və istirahəti üçün hər cür imkan var. Mehmanxanada birnəfərlik, ikinəfərlik, üçnəfərlik, VIP otaqlar və 70 yerlik konfrans zalı mövcuddur.

Lənkəran Olimpiya İdman Kompleksinin ağır atletika və trenajor zalında idmançılar üçün hərtərəfli şərait yaradılıb. Məşqçilərin otaqları da məhsuldar fəaliyyət üçün hər cür imkana malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkili üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güləş zalı Beynəlxalq Güləş Federasiyasının standartlarına uyğun tikilib. Bu zalda 90 tamaşaçı yeri var. Güləşçilərin məşqlərinin yüksək səviyyədə keçirilməsi üçün ən xırda incəliklər belə nəzərə alınıb.

Qeyd edildi ki, Lənkəran Olimpiya İdman Kompleksinə daxil olan restoran və mətbəxdə də xidmətin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.

Buradakı üzgüçülük hovuzu ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25 metr, eni isə 12 metrdir. Ölkəmizdə yeniyetmə və gənclərin idmanın üzgüçülük növünə də marağı ildən-ilə artır. Bu zalda üzgüçülük yarışlarını 135 nəfər izləyə biləcək. Müasir standartlara cavab verən futbol meydançasında keçiriləcək yarışları tribunalardan 1300-ə qədər tamaşaçı izləyəcək. Burada mini futbol meydançası da idmançıların ixtiyarına verilib. Basketbol və voleybol meydançaları idmansevərlərə dəyərli töhfədir. Kompleks, həmçinin qaz, su-kanalizasiya, elektrik, rabitə xətləri ilə təchiz olunub. Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, istirahət guşələri yaradılıb.

----------
11:53

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, son illər bölgələrdə müasir mehmanxana və sağlamlıq komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir. Lənkəranın Haftoni qəsəbəsində inşası yenicə başa çatan Lənkəran İstisu və Sağlamlıq Mərkəzi də bu istiqamətdə həyata keçirilən əsaslı addımlardan biridir. Bu kompleksin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Təxminən 11 hektar sahəsi olan kompleksdə otel, tibb mərkəzi və müxtəlif termal hamamlar fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdə görülən işlərlə tanış oldular.

Layihə rəhbəri Nəriman Topçubaşov məlumat verdi ki, Lənkəran İstisu Sanatoriyası ilk dəfə 1958-ci ildə istifadəyə verilib. 1974-cü ildə ərazidə dördmərtəbəli sanatoriya binası inşa edilib.

Bildirildi ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin inşasına 2016-cı ilin noyabrında başlanılıb. Mərkəzin 182 nömrəlik otel binası ən yüksək standartlar səviyyəsində inşa olunub. Kompleksə daxil olan digər xidmət sahələrinin inşası davam etdirilir. Otel binasının interyerinin tərtibatında orijinal mebel və aksesuarlardan istifadə olunub. Otelin doqquzmərtəbəli binasında istər uzunmüddətli müalicəvi istirahət, istərsə də həftə sonlarında asudə vaxt keçirmək üçün hər cür şərait yaradılıb.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, oteldə xidmət göstərəcək heyət yüksək hazırlıq kursu keçəcək və onların əksəriyyətini yerli kadrlar təşkil edəcək. Bu əməkdaşlar otelin istənilən xidmət sahəsində qonaqlara yüksək səviyyəli qulluq göstərilməsi ilə bağlı xüsusi təlim kurslarına cəlb olunacaqlar. Kompleksdə müasir restoranlar fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunacaq.

Dövlətimizin başçısı və xanımı oteldəki nömrələrdə yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, müxtəlif kateqoriyalı bu nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.

Lənkəran İstisu və Sağlamlıq Mərkəzində yerləşən ikimərtəbəli tibb mərkəzi də müasir avadanlıqla təchiz edilib. Müasir laboratoriya, rentgen və ultrasəs müayinələri üçün lazımi şəraitin yaradıldığı mərkəzdə elektroterapiya, fizioterapiya, jet masaj, maqnitoterapiya, hidroterapiya, hidrokolonterapiya, palçıq müalicəsi, mexanoterapiya otaqları var. Burada müalicə alanlar masaj və palçıq applikasiya otaqlarından istifadə edə bilərlər. Tibbi mərkəzdə aptek də fəaliyyət göstərəcək.

Prezident İlham Əliyev istisu vannaları ilə tanış oldu.

Hazırda Lənkəran İstisu və Sağlamlıq Mərkəzində 12 aktiv su mənbəyi, o cümlədən 7 quyu və 5 bulaq mövcuddur. Mənbələr istilik dərəcəsinə əsasən izotermal, termal və hipertermal sular olaraq quruplaşdırılıb. Termal su yatağı üzrə xloridli-natriumlu-kalsiumlu sular üstünlük təşkil edərək karbon və azot qazlı sular qrupuna daxildir. Bundan əlavə, termal suyun tərkibində sulfat aniomları, kalium və kükürd var. Bu tip sular müalicəvi-mineral sular və mineral sular qrupuna aid edilir.

Bildirildi ki, Lənkəran İstisu və Sağlamlıq Mərkəzində qan dövranı, sinir, sümük-əzələ sistemləri, birləşdirici toxumanın, tənəffüs orqanlarının, həzm sisteminin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, dəri və dərialtı toxumanın və sidik-cinsiyyət sistemi xəstəliklərinin müalicəsi nəzərdə tutulub. Mərkəzin fəaliyyətə başlaması əksəriyyəti yerli işçilər olmaqla təqribən 250 nəfər üçün iş yerinin yaranmasına səbəb olacaq.

Burada 46 avtomobil yerlik qapalı, 80 avtomobil yerlik açıq avtodayanacaq da yaradılıb. Ölkə vətəndaşlarının və xarici qonaqların xidmətinə verilən bu müasir kompleks respublikamızın turizm infrastrukturuna, xüsusilə də müalicəvi turizmin inkişafına mühüm töhfə verəcək. Beləliklə, Lənkəran İstisu və Sağlamlıq Mərkəzi ölkəmizin turizm və müalicəvi turizm sektorunda özünəməxsus yer tutacaq. Bütün bunlar bir daha sübut edir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülən kompleks işlər nəticəsində ölkənin iqtisadi qüdrəti yüksəlib, işgüzar fəallıq artıb, bölgələrdə sahibkarlıq fəaliyyəti daha da genişlənib. Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, son illər ölkəmizin turizm potensialının inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması, mövcud turizm potensialının beynəlxalq aləmdə tanıdılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi istiqamətlərində çoxsaylı tədbirlər davam etdirilir və daha da genişləndirilir.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Sizi ürəkdən salamlayıram, Lənkəran rayonunda yenidən olmağımdan çox şadam. Bu, mənim Lənkərana Prezident kimi 10-cu səfərimdir. Hər səfərdə yeni obyektlərin açılışında iştirak edirəm və şadam ki, Lənkəranda yeni gözəl obyektlərin sayı çoxalır. Bu gün Lənkəranda yaradılan İstisu sanatoriyasının fəaliyyəti ilə tanış oluram. Tanışlıq çox gözəl təəssürat bağışlayır, çox gözəl istirahət zonasıdır, gözəl oteldir. Siz bilirsiniz ki, bu yerdə sovet vaxtında sanatoriya olub. O sanatoriyanın görüntüləri bu stenddə göstərilir, tamamilə yararsız vəziyyətə düşmüşdü və əlbəttə ki, müasir tələblərə cavab vermirdi. Şadam ki, yeni tikilən otel, istirahət müalicə mərkəzi dünyanın ən yüksək standartlarına cavab verir. Burada 182 otaqda qonaqlar, yerli sakinlər dincələcəklər, müalicə alacaqlar, öz sağlamlıqlarını bərpa edəcəklər. Bu gözəl turizm obyektinin açılışı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün regionlar sürətlə inkişaf edir və bölgələrdə dünya səviyyəli çox gözəl obyektlər, o cümlədən turizm obyektləri yaradılır.

Lənkəran rayonunda turizmin inkişafı sürətlə gedir. Keçən il mən burada olarkən dəniz sahilində yerləşən otelin açılışında iştirak etmişəm. Mənə indi məlumat verildi ki, o otel 100 faiz işləyir, yəni, otaqların yüz faizi qonaqlar tərəfindən götürülüb, istifadə olunur. Hazırda Bakı-Astara yolunun çəkilişindən sonra Lənkərana gələn turistlərin sayı daha da artır və artacaqdır. Bu gün biz yeni gözəl otelin açılışını qeyd edirik.

Bildiyiniz kimi, bütövlükdə turizmin inkişafı ölkəmizdə sürətlə gedir. Bu, prioritet məsələdir və son illər ərzində görülmüş tədbirlər nəticəsində ölkəmizə gələn qonaqların sayı kəskin şəkildə artmışdır. Gələn turistlərin sayı 2016-cı ildə 22 faiz, keçən il 20 faiz, bu ilin 9 ayında isə əlavə olaraq 6 faiz artıb. Doqquz ayda xaricdən gələn qonaqlar Azərbaycanda ancaq bank kartları ilə 1 milyard manat səviyyəsində pul xərcləyiblər. Ancaq bank kartları ilə xərclənən bu məbləğ ilin sonuna qədər daha da artacaq. Əlbəttə ki, onlar nağd pul da xərcləyirlər və bu, ölkə iqtisadiyyatına böyük dəstəkdir. Beləliklə, son illər ərzində turizmə göstərilən diqqət öz nəticəsini verir.

Turizmin inkişafını şərtləndirən bir çox amillər var və onların hamısı Azərbaycanda mövcuddur. İlk növbədə, nəqliyyat infrastrukturu - indi ölkəmizdə 6 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan biri Lənkəran aeroportudur ki, mənim təşəbbüsümlə hələ 10 il bundan əvvəl əsaslı şəkildə təmir olunub, demək olar ki, yenidən qurulub. İndi Lənkəran aeroportundan beynəlxalq reyslər təşkil edilir. İndi mənə məlumat verildi ki, həftədə 3-4 reys fəaliyyət göstərir. Bu, həm rayon sakinlərinin, həm cənub zonasında yaşayan vətəndaşların rahatlığını, həm də turistlərin gəlişini təmin edir.

Dəmir yolu nəqliyyatı Azərbaycanda yenilənir, yeni xətlər çəkilir. O cümlədən təbii ki, Şimal-Cənub nəqliyyat dəhlizi bu bölgədən keçəcək. Yəqin eşitmisiniz, mən çıxışlarımın birində demişəm ki, Bakı-Lənkəran dəmir yolunun istiqaməti də dəyişdiriləcək, sahilboyu ilə gedən dəmir yolu xətti köçürüləcək ki, həm daha da rahat olsun, həm sürət artsın, eyni zamanda, biz sahil zonasını turizm infrastrukturuna cəlb edək.

Avtomobil yolları çəkilir. Mən keçən ay Bakı-Astara avtomobil yolunun açılışını etdim, gözəl tədbir keçirildi. Bildiyiniz kimi, indi yolun məsafəsi təxminən 40 kilometr qısalıb və bu gün dünya miqyasında ən gözəl yollardan biridir. Mən Bakıdan Astaraya qədər indi o yol ilə gəlmişəm, adam zövq alır, gözəl, hamar, mənzərəli bir yoldur, sağ-sol meşələr, dağlar. Beləliklə, Bakıdan Lənkərana, Astaraya gəlmək üçün insanlar daha rahat yoldan istifadə edəcəklər.

Bizim tarixi abidələrimiz turizmi inkişaf etdirən vacib amillərdən biridir. Bizim zəngin tariximiz, mədəniyyətimiz, tarixi abidələrimiz xarici qonaqların marağına səbəb olur. Gözəl mətbəximiz, o cümlədən cənub zonasının xüsusi ləzzətli mətbəxi hesab edirəm ki, dünya səviyyəsində məşhurdur. Ölkəmizə gələn turistlər xalqımızın qonaqpərvərliyi sayəsində özlərini evlərindəki kimi hiss edirlər. Ölkəmizin ümumi inkişafı əlbəttə ki, turistləri cəlb edir. Əgər Azərbaycan inkişafda olan ölkə olmasaydı, əlbəttə, ictimai sabitlik, təhlükəsizlik olmasaydı, turistlər də gəlməzdi. Bu gün dünyada baş verən hadisələr göz qabağındadır, risklər, təhlükələr artır və turistlər daha əmniyyətli yerləri seçirlər, ona görə təsadüfi deyil ki, məhz Azərbaycana üz tuturlar. Bütün bu amillərin vəhdəti turizmin inkişafını şərtləndirir. Əlbəttə ki, belə gözəl istirahət mərkəzlərinin, otellərin tikintisi turistləri daha da cəlb edəcək. Biz gərək indi dünyada çox ciddi təbliğat aparaq və bu təbliğat nəticəsində xaricdə yaşayan insanlar bizi daha da çox tanısınlar.

O cümlədən ölkəmizdə müalicəvi turizm inkişaf edir və İstisu Sağlamlıq Mərkəzinin yaradılması bu istiqamətdə önəmli addımdır. Bu vaxta qədər Naftalan şəhərində bir neçə beşulduzlu otel istifadəyə verilib. Biz Naftalanın turizm mərkəzi, müalicəvi mərkəz kimi şöhrətini bərpa etdik. Orada oynaq xəstəlikləri, daxili orqanların xəstəlikləri müalicə olunur. Qalaaltı, o da sovet vaxtında ittifaq məkanında məşhur bir turizm mərkəzi idi. İndi biz bunu beynəlxalq mərkəzə çevirdik, orada daha çox böyrək xəstəlikləri müalicə olunur. Naxçıvanda Duzdağ müalicəvi mərkəzi ağciyər xəstəlikləri üçün çox faydalıdır. Lənkəran İstisu sanatoriyasının şəfalı suları da insanların sağlamlığını təmin edəcək.

Yəni, müalicəvi turizm istiqamətində işlər gedir, idman turizmi inkişaf etdirilir. Şahdağ artıq dünya səviyyəli bir dağ-xizək mərkəzinə çevrilib. Ondan sonra açılmış Tufandağ yeni xizək mərkəzidir. Beləliklə, turizm Azərbaycanda inkişaf edəcək, turizm sahəsində 10 minlərlə iş yeri yaradılır. İndi mənə verilən məlumata görə, təkcə bu sanatoriyada ən yaxşı mövsümdə 250-yə qədər yeni iş yeri açılacaq və burada yerli vətəndaşlar işlə təmin olunacaqlar. Ölkə iqtisadiyyatına daha da böyük həcmdə vəsait, investisiyalar qoyulacaq və xarici qonaqlar pul xərcləyəcəklər. Ona görə mən çox şadam ki, Lənkəran rayonunda belə gözəl turizm mərkəzi yaradılır. Bu, Lənkəranın iqtisadi potensialına növbəti bir töhfədir.

Bütövlükdə son illərdə Lənkəran rayonunda çox böyük işlər görülüb. İlk növbədə, biz infrastruktur layihələrinə böyük diqqət göstərmişik. Mənim yadımdadır, ilk dəfə prezident kimi mən Lənkərana gələndə Lənkəran şəhərində demək olar ki, təbii qaz yox idi. Bu gün nəinki Lənkəran şəhərində, Lənkəran rayonunda qazlaşdırmanın səviyyəsi 95 faizdir. Yəni, demək olar ki, biz bu problemi həll etmişik. Elektrik enerjisi ilə həmişə problemlər var idi. 2005-ci ildə Astarada tikilmiş modul tipli elektrik stansiyasının fəaliyyəti nəticəsində bu problem də indi öz həllini tapır. Eyni zamanda, Astarada 80, Lerikdə 16 meqavat gücündə elektrik stansiyalarının tikintisi başa çatıb. Bunlar bütün bölgəyə xidmət göstərən elektrik stansiyalarıdır.

Beş il bundan əvvəl Lənkəranın içməli su problemi həll olundu. Yadımdadır, o günü də biz birlikdə qeyd etmişdik. Kənd yollarının 75 faizi yenidən quruldu və bu proses davam etdirilir, gələn il əlavə vəsait ayrılacaq. Yəni, infrastrukturla bağlı olan bütün məsələlər həll olunur, görülən işlər göz qabağındadır, 40-dan çox məktəb tikilib və ya təmir edilib. Müasir Olimpiya İdman Kompleksi tikilib, biz bu gün onun açılışını qeyd edəcəyik. 2003-cü ildə birinci Olimpiya kompleksi yaradılmışdır. Ancaq əfsuslar olsun ki, o vaxt keyfiyyət o qədər də yaxşı deyildi və o, sıradan çıxdı. Göstəriş verdim ki, Lənkəran şəhərində mütləq ən gözəl Olimpiya mərkəzi yaradılsın, biz bu gün onun açılışını qeyd edəcəyik. Lənkəran aeroportunu qeyd etdim, müalicə-diaqnostika mərkəzi tikilmişdir, mərkəzi şəhər xəstəxanası əsaslı bərpa edilmişdir. Bu gün "Azərxalça" İstehsalat Birliyinin filialının açılışını qeyd edəcəyik. Orada da 100-dən çox insan işlə təmin ediləcək. Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq ki, Lənkəran rayonunun inkişafı daha da sürətlə getsin. Əlbəttə ki, növbəti illərdə görüləcək işlər haqqında da biz indidən düşünürük. Gələn ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul ediləcək. Qalan bütün məsələlər o proqramda öz əksini tapacaq. Bilirəm ki, binaların dam örtükləri ilə bağlı problemlər var, biz onları həll edəcəyik. Proqramımızda hələ kənd yollarının çəkilişi, məktəblərin tikintisi var. Biz bütün bunları həll edəcəyik ki, Lənkəran rayonunda bir dənə də olsun problem qalmasın. Sizi bir daha salamlayıram, təbrik edirəm və yeni uğurlar arzulayıram.

-Sakin: Cənab Prezident, biz də Sizi təbrik edirik. Bu gün ilk dəfə Prezident seçilməyinizin 15 ili tamam olur. Siz bu 15 ildə Lənkəranda gördüyünüz işləri sadaladınız, hamısına görə çox sağ olun. Təşəkkür edirəm. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

x x x

Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

----------
11:32

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran rayonuna səfərə gəliblər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lənkəran şəhərindəki Heydər Əliyev xatirə parkında Ulu Öndərin yeni ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlətimizin başçısına və xanımına Heydər Əliyev xatirə parkında görülən abadlıq işləri barədə məlumat verdi.

Bildirildi ki, xatirə parkında şəhər sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.